AZ EN RU

Növbəti “Mütaliə Günü” keçirilmişdir

“Mütaliə Günü” ilə əlaqədar M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunda “Kitablar - keçmişlə ünsiyyətdə olmaq üsuludur” adlı tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun Pedaqoji fakultəsinin dekanı Samirə Həsənova açaraq bildirmişdir ki, bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biri olan kitab cəmiyyətin, şəxsiyyətin formalaşmasında, mədəniyyətin inkişafında mühüm rola malikdir. Böyüməkdə olan nəslin inkişafında, təlim-tərbiyəsində kitabın-mütaliənin necə mühüm rol oynadığını hamımız bilirik. Aqillər kitabı bilik, zəka, kamillik vasitəsi hesab etmişlər.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova bildirmişdir ki, tədbirin keçirilməsinin əsas məqsədi tələbələrin mütaliəyə diqqətini artırmaq, yeniyetmə və gənclərin oxu vərdişlərini daha da inkişaf etdirməkdən ibarətdir. Kitab gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində müstəsna rol oynayır.

Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kütləvi iş şöbəsinin müdiri Turqay Orucov “Kitablar nəsillərin bir-birinə vəsiyyətidir” və oxuculara xidmət şöbəsinin müdiri Aysel Əhmədova “Kitablar mədəniyyətlər, ölkələr, sosial siniflər və qruplar arasında ünsiyyət vasitəsidir” adlı mövzularla çıxış edərək qeyd etmişlər ki, qədim tarixə, zəngin mədəniyyətə, mənəvi dəyərlərə malik olan xalqımız bəşəriyyətin yarandığı ilk dövrlərdən bu günədək maddi-mədəniyyət nümunələri ilə dünya xalqları arasında əhəmiyyətli yer tutmuşdur. İnsanlar həyatı həm yaşayaraq, həm də oxuyaraq öyrənmişlər. Kitablar dünənimizi bu günümüzə tanıdan, bu günümüzü gələcəyə çatdıran bir xəzinədir. Bu xəzinənin yığıldığı və qorunduğu yerlər isə kitabxanalardır. İllərin, əsrlərin yaddaşından keçib, bu günümüzədək gələn kitablar nəsil-nəsil oxunub, öz dəyərini saxlamışdır. Kitab cəmiyyətin maddi və mənəvi həyatını əks etdirməklə bərabər, cəmiyyət elminə – iqtisadiyyata, siyasətə, mədəniyyətə, əxlaqa, tərbiyə və təhsil sisteminə də ciddi təsir göstərmiş, bəşər mədəniyyətinin təşəkkül və formalaşmasında yaxından iştirak etmişdir.

Sonra mövzu ətrafında müzakirələr olmuşdur.

Tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları  və Naxçıvan Müəllimlər İnstitutunun tələbələri iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 17.10.2022 09:35