AZ EN RU

Növbəti “Mütaliə Günü” keçirilmişdir

15 iyul 2022-ci il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Mütaliə Günü” ilə əlaqədar “Kitab və mütaliənin faydaları” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd etmişdir ki, insanlar öz təcrübələrini, biliklərini qoruyub-saxlamaq və gələcək nəsillərə ötürmək, təbliğ etmək məqsədilə yazını və kitabı kəşf ediblər. “Kitab bilik mənbəyidir” - deyənlər yanılmırlar. Kitab özündə informasiya yükü, təcrübə və biliklər toplayan mənəvi xəzinədir. Mütaliə isə bu mənəvi sərvəti öyrənmə və mənimsəmə vasitəsidir.

Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabsaxlama şöbəsinin müdiri Məsmə Cəfərova “Zehni inkişafın bünövrəsini mütaliə təşkil edir” və sistem inzibatçısı Nuray Paşayeva “Kitab bizim gələcəyimizi aydınlatan çıraqdır” adlı mövzularla çıxış edərək qeyd etmişlər ki, insan zəkasının inkişafında müstəsna rol oynayan mütaliə, eyni zamanda, onun mənəvi inkişafı, digər insanlarla münasibəti, gündəlik hadisələrə baxış tərzi, qərarların verilməsi və s. məsələlərdə də mühüm rol oynayan əsas amillərdən biridir. İnsanın mənəvi dünyasının zənginləşməsində və yetkin şəxsiyyət kimi formalaşmasında mütaliənin rolu əvəzsizdir. Mütaliə insan üçün uğurlu həyat yolunun başlanğıcıdır. Görkəmli fransız yazıçısı Deni Didro deyirdi: “Hər kim kitab oxumursa, o düzgün fikirləşə bilməz”. Doğrudan da, ən dərin, əhatəli bilik, elmi dünyagörüşü məhz mütaliə yolu ilə yaranır.

Tədbirdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları iştirak etmişlər.

M.S.Ordubadi adına

Naxçıvan Muxtar Respublika

Kitabxanasının kütləvi iş şöbəsi

Nəşr edilib : 15.07.2022 18:08