AZ EN RU

Növbəti mövsümdə sənədləri düzgün formalaşdırılmayan, torpaqları analiz edilməyən təsərrüfat sahiblərinə subsidiyalar verilməyəcək

    Növbəti mövsümdə sənədləri düzgün formalaşdırılmayan, torpaqları analiz edilməyən təsərrüfat sahiblərinə subsidiyalar verilməyəcək. Bu barədə sənədləri düzgün formalaşdırılmayan təsərrüfat sahibləri və icra nümayəndələrinin iştirakı ilə  keçirilən görüşdə Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova məlumat verib.
    Qeyd olunub ki, təsərrüfat sahiblərinə subsidiyaların vaxtında ödənilməsi əsas prinsiplərimizdəndir. Amma, təəssüf ki, bununla bağlı ya sənədlər vaxtında göndərilmir, ya da sənədlərdə bir sıra problemlər olur. Bu səbəbdən növbəti mövsümdə sənədləşdirmə  məsələlərinə olduqca ciddi yanaşılmalıdır.  
    “Hər kəs öz torpağını əkməlidir”, – deyən Xəyalə Dadaşova başqasının torpağını icazəsiz əkməyin qanunsuz olduğunu bildirib. Diqqətə çatdırıb ki, bu halda torpağın sahibi tərəfindən verilən etibarnamə olmalı, müqavilə imzalanmalıdır. Artıq növbəti mövsümdən bu sənədləri olmayan şəxslər subsidiya ala bilməyəcəklər.
    Nazir müavini deyib ki, bu məsələlərə icra nümayəndələri xüsusilə ciddi yanaşmalı, vətəndaşlara lazımi köməklik göstərməlidirlər.
    Nazirliyin Dövlət dəstəyi, aqrar sığorta, kredit və investisiyaların tənzimlənməsi sektorunun baş məsləhətçisi Elnur Abbasov Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşları ilə birgə  yaz əkinləri ilə bağlı aparılan monitorinq və aşkar­lanan nöqsanlar barədə məlumat verib.
    Nazirliyin aparat rəhbəri Vüsal İbrahimov isə subsidiya ilə bağlı mövcud qanunvericilik haqqında danışıb.
    Görüşdə iştirak edən təsərrüfat sahiblərinin problemləri dinlənilib və qeydiyyata alınıb.

 Naxçıvan Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

 

Nəşr edilib : 27.07.2023 16:00