AZ EN RU

Növbəti maarifləndirmə tədbiri təşkil olunub

    Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə Culfa rayonunda “Bələdiyyələrə ödənilən vergilərlə bağlı qanunvericiliyin tələbləri” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin, Ədliyyə Nazirliyinin və Dövlət Vergi Xidmətinin əməkdaşları vergi qanunvericiliyinin tələbləri mövzularında çıxış ediblər. 
    Qeyd olunub ki, qanunvericiliyə əsasən bələdiyyə maliyyəsinin əsaslarını bələdiyyə əmlakı, bələdiyyə torpaqları, yerli büdcə və sair təşkil edir. Bələdiyyə maliyyəsinin əsasını təşkil edən yerli büdcə, əsasən, yerli vergilər hesabına formalaşır.  Yerli vergilər bələdiyyələrə ödənilən vergilərdir və Azərbaycan Respublikası vergi sisteminin tərkib hissəsidir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunu yerli vergilərin və ödənişlərin əsaslarını müəyyən edir, vergiödəyiciləri arasında yaranan münasibətləri tənzimləyir. 
    Sonda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib, bukletlər paylanılıb. 

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.07.2023 19:20