AZ EN RU

Növbəti maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı "Təbliğat-100" layihəsi çərçivəsində “Ailə planlaşdırılması uğursuz nikahların qarşısını alır” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. Babək rayonunun Yuxarı Uzunoba kəndində təşkil olunan tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova mövzunun əhəmiyyətindən danışıb, ailə planlaşdırılmasının sağlam həyat tərzinin formalaşmasında mühüm rol oynadığını qeyd edib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova  ölkəmizdə həyata keçirilən dövlət ailə, qadın və uşaq siyasəti, eləcə də ailə dəyərlərinin yaşadılmasının əhəmiyyəti haqqında məlumat verib. 
Komitənin aparıcı məsləhətçisi Yaqut Abbaszadə ailədə bərabərliyin, dayanıqlılığın necə olmasından, bərabər və dayanıqlı ailə planlaşdırılmasının yollarından və əhəmiyyətindən bəhs edib. 
Diskussiya xarakterli tədbirdə iştirakçılarla fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb, yazılı sorğu keçirilib. Müvafiq mövzularda  maarifləndirici broşürların paylanıldığı tədbirdən 48 nəfər yararlanıb.

Nəşr edilib : 08.04.2024 14:41