AZ EN RU

Növbəti “Göycə” festivalı da məhsul çeşidi və satışı, alıcı məmnuniyyəti ilə yaddaqalan olub

    Yazın ilk yeyilən meyvələrindən biri olan göycənin, sözün əsl mənasında, vətəni olan Naxçıvanda meyvəçiliyin inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər illərdir ki, bəhrələrini verməkdədir. Hər il  keçirilən ənənəvi “Göycə” festivalına Naxçıvan şəhərindən, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli və Sədərək rayonlarından olan torpaq mülkiyyətçilərinin yetişdirdiyi müxtəlif növdə göycə məhsullarının, o cümlədən göycədən hazırlanan əl işlərinin sərgi-satışının təşkili Naxçıvanın brend məhsulu olan göycənin tanıdılmasına xidmət edir. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən növbəti “Göycə” festivalında bir neçə qonaq və təsərrüfatçı ilə həmsöhbət olduq. 

    Şərur rayonuna məxsus olan pavilyonda göycənin dadına baxan İran İslam Respublikasının Məşhəd şəhərindən olan ixtisasca bioloq Məhəmməd Rza dedi ki, ilk dəfədir, Naxçıvana gəlir, çox mehriban mühitlə qarşılaşıb: “Şəhəriniz çox gözəldir, saf havası insanı valeh edir. İnsanlarınız çox səmimidir, qarşımıza çıxan hər kəs qonaq olduğumuzu bilən kimi hörmətlə yanaşıb, nə kömək lazımdır edib. Əlincə qalasını, Duzdağı görmək imkanımız oldu. Tarixi abidələrin qorunub yaşadılması insanların tarixi köklərinə bağlı olduğundan xəbər verir. Tarixi yüz illər öncəyə söykənən Əlincə qalası bir memarlıq incisidir. İxtisasım bioloq olduğu üçün təbii gözəlliklərə də diqqət etdim və deyim ki, iqlimin bu cür sərt olduğu bir yerdə belə yaşıllıqların salınması təbiətin sərtliyi ilə mübarizə və ona qalib gəlmək deməkdir. Naxçıvanın ən şoran yerlərində belə ağaclar əkilib, gözəlliklər yaradılıb. Təbiətin sizə bəxş etdiyi bu nemətlərin bu cür nümayişi çox gözəldir. Dadına söz ola bilməz, əladır. İnsanlar min bir zəhmətlə becərib ərsəyə gətirdikləri məhsulları alın açıqlığı ilə festivalda satışa çıxarıblar. Naxçıvana gəldiyim, bu gözəlliklərin şahidi olduğum üçün çox şadam”. 
    Digər bir müsahibim Təbriz şəhərindən gələn Əşrəf Fəxri ixtisasca həkimdir. O dedi: – İnsanın sağlam olması üçün lazım olan əsas amillər bunlardır: təmiz su, hava, təbii saf məhsullar və ən əsası sakitlik. Bütün bunları Naxçıvanda gördüm. Nə xoş sizə ki belə gözəl şəhərdə yaşayırsınız. Gecə olanda qaldığımız otelin pəncərəsini açır, sakitliyə heyran qalır, şəhərin təmiz havasını ciyərlərimə çəkirəm. Və Tanrının bu yerə bəxş etdiyi gözəlliyə tamaşa edirəm. 
    Gəzməyə çıxanda müasir üslubda inşa edilən tibb ocaqları diqqətimi çəkdi. Bir çoxunu kənardan müşahidə etdim, Duzdağ Fizioterapiya Mərkəzi ilə yaxından tanış oldum. Yer altındakı cənnət deyərdim mən oraya. Duz mağaralarında yaradılan xəstəxana, sözün əsl mənasında, möhtəşəmdir. 
    “Göycə” festivalına gəlməyimiz çox yaxşı oldu. Burada muxtar respublikanın getmədiyimiz rayonlarının insanları və orada yetişən məhsullarla tanış olduq. Qədim qala içərisində təşkil edilən festival çox gözəl xatirələrlə yaddaşımda qalacaq. Festivalda göycənin dondurmasının, qurusunun da dadına baxdıq. Öyrəndik ki, bu meyvəni mütləq Naxçıvan duzuna batırıb yeyirlər. Çox dadlıdır, duzunuz da, göycəniz də.     Türkiyənin Ərzurum şəhərindən yurdumuza qonaq gələn Ayşə Dəmir isə qızı Turanı Duzdağ Fizioterapiya Mərkəzinə gətirib. Söylədi ki, bu, Naxçıvana ikinci gəlişidir. Ayşə xanım festivala burada tanış olduğu Süsən xanımın dəvəti ilə gəlib: “Çox gözəl bir məkandır Naxçıvan. “Göycə” festivalına xüsusi maraqla gəldim. Ərzurumda yaşayan naxçıvanlılar çox tərifləyirdi göycəni, həqiqətən də, tərifəlayiq imiş. Dadlı olduğu üçün evimizə aparmağa qurusunu və turşusunu aldım. 
    Şərur rayonunun ailə təsərrüfatçıları tərəfindən festivala gətirilən göycədən hazırlanan məhsullar diqqətimizi çəkdi. Rayonun Düdəngə kənd sakini Nağı Rəhimov həyətyanı sahəsində göycə bağı salıb, ailə təsərrüfatı da yaradıb, dondurma hazırlanması üçün xüsusi cihaz alıb. O dedi: – İlk gündən dövlət dəstəyini hiss etmişik. Bundan faydalanaraq işlərimizi genişləndirir, çeşid bolluğu yaradırıq. Göycənin mürəbbəsini, cemini, qurusunu hazırlamaqla yanaşı, dondurmasını da istehsal etməyə qərar verdim. Göycəni bağımızdan toplayır, əvvəlcə şirəsini çıxarır, sonra süd, şəkər və digər köməkçi məhsulları qatır, göycəli dondurma hazırlayırıq. Məhsulu ilk dəfə bu festivala çıxarmışam. Müştəri məmnuniyyəti qazanıb. Ən çox da uşaqlar bu rəngbərəng dondurmaları həvəslə alır və yeyir. Yaradılan şəraitə görə dövlətimizə minnətdarlığımı bildirirəm.
    “Bu il ilk dəfə “Göycə” festivalını rayonumuzda da keçirəcəyik. Bu xəbər biz ailə təsərrüfatçılarını sevindirdi”, – dedi digər müsahibim – Kəngərli rayonunun Çalxanqala sakini Vüqar Məmmədov. O bildirdi ki, beş ildir, təsərrüfat yaradıb. Müsahibim qeyd etdi ki, göycə Naxçıvanda ən tez yetişən meyvədir. Onun adi alçadan fərqli cəhəti tam yetişənə qədər yaşıl rəngini qoruyub saxlamasıdır, göy-göy yeyildiyi üçün də elə “Göycə” adlanır. Bu meyvə ancaq Naxçıvanda yetişir, ölkəmizin digər bölgələrində yetişdirilsə də belə meyvənin dadı tamamilə dəyişir və adi alçaya çevrilir. Yazda ağacların ən tez oyananı göycədir, o yarpaq açmamışdan əvvəl çiçəkləyir. Meyvələri mayın ortalarında yeyilməyə başlayır. İlk vaxtlar turş olsa da, getdikcə şirinləşir, iyunun axırı, iyulun ortalarında tam yetişir.
    Şahbuz rayonunun Badamlı kəndindən olan  ailə təsərrüfatçısı Rövşən Əsgərov dedi ki, 140 kiloqram məhsulla festivalda iştirak edir. Günün ilk yarısı olmağına baxmayaraq, gətirdiyi məhsulun, demək olar ki, yarısını artıq satıb. Bu cür festivalların təşkili təsərrüfatçılara məhsullarını münasib qiymətə satmağa kömək etməklə yanaşı, Naxçıvan məhsullarının tanıdılmasında mühüm əhəmiyyət kəsb edir. 
    Digər müsahibimiz Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri, Beynəlxalq Oral İmplantoloqlar Konqresinin üzvü, həkim-implantoloq Cabbar Həsənovdur: 
    – Doğma yurdum Naxçıvanda yaşamasam da, işimlə əlaqədar olaraq tez-tez gəlirəm. Hər dəfə gələndə isə mütləq bir yenilik, bir inkişaf görürəm. Bu məni çox sevindirir. Bu festival mənə uşaqlıq illərimdəki məhsul bayramlarını xatırlatdı. Burada bir zamanlar məhsulu ağacların altında məhv olan kəndlilərə bu gün həmin məhsulları satmaq, əlavə gəlir əldə etmək üçün gözəl şərait yaradılıb. Bundan ruhlanan təsərrüfatçılar göycədən mürəbbə, kompot, araq və digər məhsullar hazırlayıblar. Hələ göycədən hazırlanan əl işləri insanı lap valeh edir. Belə tədbirlər vasitəsilə şəhərimizdə olan xarici turistlər Naxçıvan məhsullarını görür, tanıyır və getdiyi yerlərdə də tanıdırlar. 
    Burada mən həm də musiqinin, xalq yaradıcılığının, insanların həmrəyliyinin təzahürü olan bir tədbirin şahidi oldum. Bir neçə gündür, buradayam, lakin festivaldan aldığım zövqün yerini heç nə verə bilməz.
    Tehran şəhərindən muxtar respublikamıza istirahət üçün gələn qonaqlar festivala heyranlıqla tamaşa edirdilər. Onlardan biri də Məhəmməd Əlidir:
    – Burada əsl bayram ab-havası var. Sosial şəbəkələrdəki naxçıvanlı dostlarımızın paylaşımlarından bu cür festivalların şəhərinizdə çox keçirildiyini bilirdik. Bu gün isə bunun canlı şahidi olduq. Burada meyvələrin, əl işlərinin satışı təşkil olunmaqla yanaşı, konsert proqramları, göstərilən müxtəlif xidmətlər insanlara əsl istirahət üçün şərait yaradır. Ən çox diqqətimi çəkən isə Naxçıvanın atributlarından hazırlanmış əl işləri oldu. 
    Artıq bir neçə gündür ki, Naxçıvandayıq. Buradakı bir çox tarixi abidələri və bizim üçün xüsusi maraqdoğuran Əshabi-kəhfi ziyarət etdik. Deməliyəm ki, qədimliyini özündə yaşadan abidələrinizin bu qədər qorunması təqdirəlayiq haldır. Şəhəriniz çox təmizdir. Qaldığımız oteldə biz turistlərə xüsusi diqqət göstərirlər. Axşamlar qaldığımız otağın pəncərəsindən şəhərin işıqlı, möhtəşəm mənzərəsini seyr etmək isə xüsusi zövq verir. Bildiyimizə görə, Naxçıvan Azərbaycan xalqının mənfur düşmənləri ilə yaxın ərazidə yerləşir. Belə bir şəraitdə Naxçıvanın həm bu qədər toxunulmaz qalmasına, blokada vəziyyətində bu qədər inkişaf edib, müasir görkəm almasına heyrətləndik. Naxçıvanlılar çox istiqanlıdırlar. Mən bir çox ölkədə, müxtəlif şəhərlərdə olmuşam. Lakin belə isti münasibəti yalnız Naxçıvanda gördüm. 
    Babək rayonunun Nehrəm qəsəbəsində yaşayan Cəmşid Həsənov illərdir ki, göycə təsərrüfatı ilə məşğuldur. Ailə təsərrüfatı sahibi gətirdiyi göycə məhsuluna marağın böyük olduğunu söyləyərək bildirdi ki, belə festivalların təşkili bu meyvənin tanıdılmasına xidmət etməklə yanaşı, təsərrüfatçılığa stimul yaradır. Budəfəki festivala 200 kiloqram göycə çıxaran təsərrüfatçı dedi ki, yetişdirdiyi məhsul ilk dəfə elə burada təşkil edilən festivala çıxarıldıqdan sonra daha yaxşı tanınıb. İndi Azərbaycanın hər yerindən və naxçıvanlılar yaşayan xarici dövlətlərdən göycə sifariş edirlər. Müsahibim bildirdi ki, onun yetişdirdiyi məhsul dadına və görünüşünə görə keçirilən festivallarda mükafat və diploma da layiq görülüb. 2019-cu ildə “Göycə” festivalında I yerin qalibi olan təsərrüfatçı budəfəki festivala 70 kiloqram ərik, göycə, alça, qovun, qarpız araqları, alça və göycə turşuları çıxarıb və yaxşı gəlir əldə edib.
    Muxtar respublikamızda hər il keçirilən ənənəvi “Göycə” festivalında təsərrüfatçılarımız üçün ən yaxşı uğur həm gərgin zəhmətin, illərin peşəkarlığının nəticəsi olaraq alıcıların onlara ünvanladığı xoş sözlər, həm də iki günün sonunda bağ-bağatlarının dadlı-tamlı, sevilib-seçilən məhsullarının onlara qazandırdığı mükafatlardır. Festivalın ikinci günündə məhsul keyfiyyətinə görə nominasiyaların qalibi olan bir neçə təsərrüfatçı ilə söhbətləşib, onların maraqlı fikirlərini dinlədik. 
    İlk həmsöhbətimiz birinci yerin qalibi – Şərur rayon sakini Nadir Abdullayev oldu. Uzun illərdir, öz həyətində bağçılıq-bostançılıqla məşğul olan müsahibim dedi: – Diyarımızda keçirilən ənənəvi “Göycə” festivalında mükafatlandırılmağım üçün hədsiz sevinirəm. Bizim üçün yaratdığı bu gözəl şəraitə görə bütün iştirakçılar adından dövlətimizə minnətdarlıq edirəm. Rayonumuzun münbit torpaqları, təsərrüfatla məşğul olmaq üçün dövlətimiz tərəfindən yaradılan şərait məhsullarımızın belə keyfiyyətli olmasına geniş imkanlar açır. Bizlərə qalan isə bu gözəl, dadlı-tamlı məhsullarımızı gətirib alıcılara təqdim etməkdir. Artıq iki gündür ki, buradayam. Yaxşı satış da etmişəm. Alıcılarım da məhsulumdan razılıq edir, dadına və keyfiyyətinə görə seçildiyini deyirlər. Onu da qeyd edim ki, göycə yetişdirmək bir qədər çətin və işgüzarlıq tələb edən bir işdir. Hətta yaşlı nəslin nümayəndələri deyərlər ki, naxçıvanlılar zəhmətsevər olduqları üçün göycə bir tək Naxçıvanda bu qədər geniş yayılır, necə deyərlər, sanki naxçıvanlılar bu məhsulu yetişdirməyin dilini bilirlər. Bir qədər mürəkkəb yetişdirmə prosesi olan göycə ağaclarını torpağa əkdiyin bir gündən xüsusi diqqət və qayğıyla yanaşmalısan. Bu yolla çəkdiyin zəhmətin heç zaman hədər getmədiyini görəcəksən. Təsərrüfatçı üçün ən böyük mükafat, mən deyərdim ki, alıcı məmnuniyyətidir.
    Festivala çıxarılan məhsullardan ən maraqlısı isə göycə dondurması idi. Culfa rayonunun Ləkətağ kəndindən olan sahibkar Dünyamalı Hacıyevin təqdim etdiyi göycə dondurması alıcıların da böyük marağına səbəb olmuşdu. Müsahibimiz yeni məhsul haqqında bunları dedi: – Dondurma, əsasən, havaların isti keçdiyi dövrdə insanların ən çox istifadə etdiyi qida məhsullarındandır. Şirin dadı və sərinliyi ilə uşaqdan böyüyə – hər kəsin sevə-sevə istifadə etdiyi bir təamdır. Bildiyiniz kimi, bu gün dünyada dondurmaların böyük əksəriyyəti müxtəlif meyvə şirələri və ədviyyatlar əlavə olunaraq satılmaqdadır. Bu da dondurmaya xüsusi ləzzət verir. Biz də muxtar respublikamızda “Göycə” festivalının keçiriləcəyini nəzərə alıb, bu dəfə festivala bir çox meyvəli dondurmalar, o cümlədən göycə dondurmasını çıxarmağı qərara aldıq. Təcrübə üçün bir neçə dəfə bunu sınaqdan keçirmişdik. Əvvəlcə meyvə kiçik parçalara bölünməklə taraşdan keçirilir, sonra süd və digər ədviyyatlarla, həm də meyvənin öz suyu da əlavə olunmaqla reseptə uyğun olaraq qarışdırılır və dondurulmağa buraxılır. Müəyyən zamandan sonra artıq dondurma hazırdır. Festivala 10 kiloqram göycə dondurması çıxarmışdıq və hamısı satıldı. Qeyd etdiyim kimi, dondurmaya maraq çox idi, yeni məhsulumuz festivalın təşkilatçıları tərəfindən də maraqla qarşılandı. Elə bu marağın nəticəsidir ki, bu festivalda ikinci yerin qalibi seçildik. Bu şəraiti yaradanlara minnətdarlığımı bildirirəm. 
     Budəfəki festivalda II yerin qalibi olan Ordubad rayonunun Qoşadizə kənd sakini Əhəd Məmmədov festivalda 300 kiloqram göycə və ondan hazırlanan müxtəlif məhsullarla iştirak edib. Təsərrüfatçı istər satış yarmarkalarında, istərsə də belə festivallarda iştirak etdikdən sonra yetişdirdiyi məhsula tələbatın artdığını söylədi. Dedi ki, hazırladıqları məhsulların, demək olar ki, hamısı satılır. Belə tədbirlərin keçirilməsi təsərrüfatçılar üçün böyük stimuldur. O bu kimi festivalların keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirirdi.
    Növbəti müsahibimiz, üçüncü yerin qaliblərindən olan Orxan Novruzovun dediklərindən: – Bu gün mən də qalib olduğum üçün sevincliyəm. Ona görə ki, ailəmlə birlikdə çəkdiyim zəhmətin hədər getmədiyini bir daha gördüm. Onu, xüsusilə vurğulamağa ehtiyac duyuram ki, illərdir, muxtar respublikada ömrünü zəhmətə bağlayan insanlara böyük qayğı göstərilir. Ən qiymətli sərvət olan torpaqdan səmərəli istifadəyə şərait yaradılır və belə şəraitdən istifadə edən hər bir torpaq mülkiyyətçisinin uğur qazanması da təbiidir.
    Ailə təsərrüfatının üzvləri ilin ilk təsərrüfat işlərindən başlayaraq əkin sahəmizdə, meyvə bağımızda lazımi aqrotexniki işləri həyata keçiriblər. Göründüyü kimi çəkilən zəhmət bəhrəsini verib; bu gün satışa çıxardığım məhsuldan xeyli gəlir əldə etmişəm. Yaradılan belə şərait hər birimizi sevindirir. Dövlətimizə minnətdarlığımı bildirirəm. 
    Qeyd edək ki, 4-5 iyunda keçirilən “Göycə” festivalında muxtar respublika üzrə 278 ailə təsərrüfatı tərəfindən 9 çeşiddə 25031 kiloqram göycə çıxarılıb. İki gün ərzində 88857 manatlıq məhsul satılıb. Festival çərçivəsində sərgi-satış da təşkil edilib. Müxtəlif idarə, təşkilat və komitələr tərəfindən 44 çeşiddə 4268 əl işi də satışa çıxarılıb, 2950 manat dəyərində əl işi satılıb. 

Ramiyyə ƏKBƏROVA
Məcid RƏŞADƏTOĞLU
Gülcamal TAHİROVA
Telli MƏMMƏDOVA

Nəşr edilib : 06.06.2022 19:16