AZ EN RU

Növbəti əmək yarmarkaları olub

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq muxtar respublikada əmək yarmarkalarının keçirilməsi davam edir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkası  Naxçıvan şəhərində keçirilib. 
    Tədbirdə çıxış edənlər bildiriblər ki, muxtar respublikamızda işaxtaran şəxslərin məşğulluqlarının təmin olunması, o cümlədən əmək bazarında rəqabətədavamlılığın artırılması, kadr potensialının yüksəldilməsi daim diqqət mərkəzindədir. 
   Hərbi xidmətdən yeni tərxis edilmiş gənclərin də iştirakı ilə keçirilən əmək yarmarkasında işaxtaranlara, ümumilikdə, 70 müəssisədən 260 boş iş yeri təqdim olunub. Nəticədə, 30 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin edilib, 4 nəfərin özünüməşğulluq proqramına, 8 nəfərin isə peşə hazırlığı kurslarına cəlb olunması üçün qeydiyyatı aparılıb. 
    Şahbuz rayonunda keçirilən işaxtaranlarla yanaşı, hərbi xidmətdən yeni tərxis olunmuş gənclərin də iştirak etdiyi əmək yarmarkasına, rayon ərazisində fəaliyyət göstərən 24 müəssisədən 118 boş iş yeri təqdim edilib. Nəticədə, 17 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 6 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb. Həmçinin əmək yarmarkasında peşə hazırlığı kurslarına 4 nəfər qeydiyyata alınıb. 
    Əlavə edək ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iyul ayı ərzində keçirilən əmək yarmarkalarında, ümumilikdə, işaxtaranlara 280 müəssisədən 1291 boş iş yeri təqdim edilib. Bu tədbirlərdə 210 nəfər müvafiq vakansiyalar üzrə işə göndərilib, 72 nəfərin özünüməşğulluq proqramına, 37 nəfərin isə peşə hazırlığı kurslarına qeydiyyatı aparılıb.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial
 Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.07.2022 19:11