AZ EN RU

Növbəti aktivlər verilib

    Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxs və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış memoranduma uyğun olaraq həssas əhali qruplarına daxil olan daha 2 nəfər aktivlərlə təmin edilmişdir. Beləliklə də, proqrama cəlb edilən şəxslərin sayı 27-yə çatdırılmışdır.
    Yeni aktivlər “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı tərəfindən Ordubad rayonunun Sabirkənd sakini Mehbalı Nağıyevə maldarlıq sahəsi üzrə iribuynuzlu heyvan və Ordubad rayon Üstüpü kəndi sakini Elnur Həsənova qoyunçuluq təsərrüfatı üzrə xırdabuynuzlu heyvan və həmçinin onların qidalanması üzrə qarışıq yem olmaqla kənd təsərrüfatı sahəsində məşğulluqlarının təmin olunması məqsədilə  təqdim edilmişdir.
       Memoranduma əsasən agentliyin mərkəzlərinə müraciət edən sağlamlıq imkanları məhdud olan şəxslər, aztəminatlı ailələr, sosial qayğıya ehtiyacı olan şəhid və qazi ailələri barədə məlumatlar əsasında muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən müxtəlif fəaliyyət sahələrinə uyğun aktivlərin verilməsi təmin edilir.
    Qeyd edək ki, indiyədək verilən aktivlər kənd təsərrüfatı istiqaməti üzrə maldarlıq, istehsal-xidmət sahələrindən avtoçilingər xidməti, avtomobil şinlərinin təmiri, kiçik dülgər sexi, kiçik fotoatelye, qadın gözəllik salonu, telefon təmiri avadanlıqları, yerşumlayan aqreqat və kiçik dərzi sexi sahələrində təqdim olunmuşdur. 
    Xatırladaq ki, bu memorandum çərçivəsində muxtar respublika ərazisində yaşayan 50 nəfərin proqrama cəlb edilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar 
Respublikası İdarəsi

Nəşr edilib : 01.08.2022 19:18