AZ EN RU

Növbəti aktivlər təqdim olunub

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aprel ayı üzrə 30 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib. Özünüməşğulluq proqramının bu mərhələsində 14 nəfərin hər birinə 2 baş iribuynuzlu, 4 nəfərin hər birinə 20 baş xırdabuynuzlu, 5 nəfərə miniyerşumlayan aqreqat, 5 nəfərin hər birinə 10 yeşik arı ailəsi və arıçı ləvazimatları, 1 nəfərə unlu və qənnadı məmulatlarının hazırlanması üçün avadanlıq və ləvazimatlar, 1 nəfərə isə dülgər avadanlıqları və ləvazimatları verilib. Özünüməşğulluğu təmin edilmiş ailələrdən 3 nəfərini şəhid ailəsi üzvləri, 15 nəfərini sağlamlıq imkanları məhdud olan, 4 nəfərini müharibə veteranı, 1 nəfərini cəzaçəkmədən azad olunan, 2 nəfərini nikahı pozulan, 3 nəfərini isə ailə başçısını itirən şəxs təşkil edib. 
    Sözügedən aktivlərin sənədlərinin təqdim olunması məqsədilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi müvafiq Dövlət proqramlarının icrası çərçivəsində, özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olduğunu, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir etdiyini bildirən Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib. 
    Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin direktoru Heydər Quliyev və Kəngərli Rayon Məşğulluq Mərkəzinin direktoru Səxavət Həsənov ötən dövr ərzində proqramın icrası çərçivəsində görülən işlərdən danışıblar. 
    Tədbirdə yeni aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub. 
    Qeyd edək ki, bu mərhələdə təsərrüfatını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə Kəngərli rayonunun Qabıllı kənd sakini İmmi Hüseynova həvəsləndirmə tədbirlərinə cəlb edilib və bu məqsədlə ona arpa-buğdaqıran aqreqat verilib. 
    Tədbirdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. 

Naxçıvan Muxtar Respublikası 
Əmək və Əhalinin Sosial Müdafiəsi 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 17.05.2022 18:55