AZ EN RU

Növbəti ağac əkmə aksiyası keçirilib

    Noyabrın 25-də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar növbəti ağacəkmə aksiyaları keçirilib.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Cəhri qəsəbəsində keçirilən aksiya zamanı 5000 ədəd torpaq-iqlim şəraitinə uyğun ağaclar əkilib.
    Şərur rayonunda keçirilən ağacəkmə aksiyasında rayon İcra Hakimiyyəti, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda ənənəvi baramaçılığın və ipəkçiliyin inkişafı, yeni tut bağlarının salınması və ipək istehsalı müəssisəsinin yaradılması əsas məqsəd kimi qarşıya qoyulub. Şərur rayonunda tut bağlarının salınması da bu məqsədə xidmət edir. Rayonda keçirilən yaşıllaşdırma aksiyası çərçivəsində Püsyan kəndi ərazisində 3,1 hektar torpaq sahəsində 1900, Aşağı Daşarx, Yuxarı Daşarx, Dizə, Xanlıqlar, Sərxanlı və digər kəndlərin ərazilərində isə 2600 olmaqla, ümumilikdə, 4 min 500 tut ağacı əkilib. Həmçinin Yuxarı Daşarx – Dizə avtomobil yolunun sağ hissəsinə bərpa məqsədilə 37 ardıc ağacı əkilib. Əkilən ağaclara qulluq göstərilib, suvarılıb. Həyata keçirilən yaşıllaşdırma tədbirləri sayəsində Püsyan kəndi və digər ətraf ərazilər gözəl görkəm alıb. Tut tinglərinin əkilməsi muxtar respublikada baramaçılığın inkişaf etdirilməsinə mühüm töhfə verəcək. Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm verən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və təbiətə, yaşıllığa qayğı ənənələrini davam etdirməkdən ibarətdir. 
    Qeyd edək ki, cari ilin əvvəllərində Şərur rayonu ərazisində 22 hektar 8 pud sahədə yeni bağ salınıb, 3 hektar sahədə bərpa işləri görülüb. Yaşıllaşdırma tədbirləri nəticəsində 13 min 20 meyvə, 1500 meşə ağacları, 20 həmişəyaşıl ting, 26 min 700 gül və bəzək kolları əkilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 25.11.2023 15:21