AZ EN RU

Növbə Naxçıvanla bağlı bu məsələnin həllindədir

Şarl Mişel: Naxçıvana və əks istiqamətdə dəmir yolunun bərpasına dair Azərbaycanın
 və Ermənistanın mövqeləri yaxınlaşıb

    Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə mayın 13-14-də Belçika Krallığında işgüzar səfərdə olub. Bakı-İrəvan üzərində vasitəçilik missiyasını davam etdirən Qərb növbəti dəfə Əliyev-Paşinyan görüşünə şahidlik etdi. Bu görüşdə tərəflər arasında hansısa konkret nəticənin olacağı gözlənilmirdi, ancaq rəsmi Bakının növbəti dəfə öz dəyişməz mövqeyini ortaya qoyması və tərəflərin hansı gedişləri edəcəyi baxımından bu qarşılaşma əhəmiyyətli idi. Azərbaycan tərəfinin gündəliyi əvvəldən aydın idi: ərazi bütövlüyünün tanınması, sülh sazişinin hazırlanması üzrə razılaşdırılan məsələlərin yenidən gündəmə gətirilməsi. Hansı ki müzakirə olunacaq bu məsələlərdə sərhədlərin delmitasiyası, anklavlarda olan kəndlərin Azərbaycanın yurisdiksiyasına qaytarılması, erməni əhalisi ilə təmasların qurulmasında separatçılar faktoru və digərləri həllini gözləyən məsələlərdir. 

    Ermənistan tərəfindən isə separatçıları növbəti dəfə “tərəfə” çevirmək cəhdləri, orduların sərhəd xəttindən geri çəkilməsinin əhəmiyyətini irəli sürmək (“güzgü prinsipi”), anklav məsələlərindən maksimum yayınmaq və bunu sonrakı mərhələlərə (xüsusilə Fransanın iştirak edəcəyi görüşlərdə) saxlamaq ehtimalı gündəmdə idi. Hətta erməni mediasına bu görüşü şərh edən politoloq Karen İgidyan bildirmişdi ki, Ermənistan və Azərbaycan liderlərinin Brüsseldə gözlənilən görüşünə Paşinyanın deyil, Əliyevin bəyanatları prizmasından baxmaq lazımdır. İgidyanın sözlərinə görə, Prezident Əliyev nəyin bahasına olursa-olsun, Azərbaycan tərəfinin uğurlarını qeyd edəcək saziş imzalamağa çalışır. Sitat: “Bu sənəd Azərbaycanın malik olduğu və əldə edə biləcəyini hüquqi cəhətdən təsbit edəcək, ona görə də Bakını heç nə ilə məhdudlaşdırmayacaq”. Ümumilikdə isə erməni mediasında yayılan məlumatlardan da məlum olur ki, erməni cəmiyyəti əvvəlcədən bu görüşdən əhəmiyyətli nə isə gözləmirdi.
    Görüşün nəticələri ilə bağlı ilk açıqlama isə təşkilatçının özündən gəldi. Belə ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında ilk olaraq tərəflərin Almatı bəyannaməsinə sadiq qaldıqlarını bildirdi. Sonrakı açıqlamasında isə Şarl Mişel tərəflər arasında nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə aydın irəliləyişə nail olunduğunu diqqətə çatdırdı: “Bu mövzuda, xüsusilə də Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb. Dəmir yolu əlaqələrinin bərpası ilə bağlı modallıqları və konkret qrafik üzrə zəruri inşaat işlərini özündə ehtiva edəcək ümumi razılaşmanın yekunlaşdırılmasına dair müvafiq heyətlərə təlimatlar verilib. Bu işdə tərəflər Ümumdünya Gömrük Təşkilatından dəstək alınmasına dair razılığa gəliblər”.
    Qeyd edək ki, regionda nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası Azərbaycan Prezidenti cənab İlham Əliyevin qarşı tərəflə müzakirələrində daim aktual olub. Ölkəmizin qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən dərhal sonra Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə imzaladıqları 10 noyabr bəyanatının 9-cu bəndində də açıq mətnlə qeyd olunur ki, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, ötən müddət ərzində Ermənistan tərəfindən bu istiqamətdə nəinki heç bir addım atılmayıb, hətta dəhlizin açılmaması üçün vaxtaşırı olaraq dövriyyəyə əsassız informasiyalar buraxılıb. Ermənistandan fərqli olaraq isə Azərbaycan hər zaman ən yüksək səviyyələrdə Zəngəzur dəhlizinin açılmasını diqqət mərkəzində saxlayıb, bu sahədə mühüm işlər görüb, ölkə başçısı tərəfindən indiyədək çox sayda açıqlamalar verilib. Hətta dövlət başçısı ötən il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində bu layihənin qəti olaraq reallaşacağını bir daha söyləyib: “Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də”. 
    Azərbaycan Prezidentinin bu fikri layihənin reallaşdırılmasında onun nə qədər qətiyyətli olduğunu ortaya qoyur. Azərbaycan indiyədək dəfələrlə, həm də ən yüksək tribunalardan bu dəhlizin əhəmiyyətinin nəinki Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası arasındakı bağlantının bərpası, ümumilikdə, Şərq və Qərb arasında nəqliyyat əlaqələrinin təhlükəsiz, rahat və rentabelli olacağını bildirib. Ona görə ki, Azərbaycan artıq neçə illərdir ki, hər iki qitə arasında özünü etibarlı tərəfdaş kimi sübut edib. Digər tərəfdən ölkəmizin özündə müasir yükdaşıma infrastrukturunun (yeni dəniz-ticarət limanı, müasir avtomobil və dəmir yolları kimi) qurulması Şərq-Qərb ölkələri arasında yüklərin rahat, təhlükəsiz və vaxtında çatdırılmasına yeni imkanlar yaradır. Zəngəzur dəhlizinin açılması isə, ilk növbədə, dənizlərə çıxışı olmayan Ermənistan üçün böyük nəfəslik rolunu oynayacaq. Amma erməni təfəkkürünə görə adıçəkilən dəhliz bu ölkəni “blokadaya salacaq”, mövcud iqtisadi-siyasi durumunu daha da çətinləşdirəcək. Halbuki Azərbaycan dəfələrlə Ermənistanın bu layihədə iştirakının ona iqtisadi mənfəət gətirəcəyini bildirib. Görünən odur ki, erməni cəmiyyətində Zəngəzur dəhlizinin açılmasının nəyə xidmət edəcəyini ya anlamırlar, ya da anlamaq istəmirlər. Məsələn, erməni türkoloq Varujan Geqamyan görüşdən sonra Şarl Mişelin açıqlamasının Ermənistan üçün xoşagəlməz açıqlamalar olduğunu bildirir: “Biz seçkini izləyəndə Nikol Zəngəzur sözü verdi… Nə demək olar, bəyanatın bəndlərində xronoloji ardıcıllığa tam əməl olunur. Qarabağın təslim olmasından sonra növbə dərhal Zəngəzura çatacaq. Zəngəzur dəhlizi proqramının həyata keçirilməsi gələcəyi həmişəkindən daha aydın oldu”.
    Sözsüz ki, erməni “siyasətçilərinin” real vəziyyəti necə qiymətləndirmələri bizim üçün əhəmiyyətli deyil. Əslində, istəyərdik ki, yaranmış reallıqları düzgün qiymətləndirsinlər. Ancaq nə etməli? Əsas odur ki, Zəngəzur dəhlizinin əhəmiyyətini Vaşinqton görüşlərinin davamı kimi dəyərləndirilən Brüsseldə də yaxşı anlayırlar. Və Qərb üçün əsas məqsəd gələcəyə hesablanmış iqtisadi maraqlardır. Bu maraqları isə Azərbaycanın beynəlxalq hüquqa söykənən şərtləri təmin edir. Həm də hamının xeyrinə!

Səbuhi HƏSƏNOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 15.05.2023 23:02