AZ EN RU

Nobel mükafatçısı Əziz Səncərlə bağlı kitabın təqdimatı və dünya şöhrətli alimlə onlayn görüş keçirilib

    “Naxçıvan” Universitetində Nobel mükafatçısı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru Əziz Səncərin onlayn iştirakı ilə UNEC rektorunun müşaviri, dosent, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadənin  Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinə ithaf olunmuş,“Əziz Səncərdən elm və milli inkişaf haqqında aforizmlər” adlı kitabının təqdimatı keçirilib. 

    Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
    Ona yaxın ölkədən alimlərin də onlayn qoşulduğu tədbiri giriş sözü ilə açan rektor Anar Kazımov “Naxçıvan” Universitetində tələbə və müəllim heyətinin qarşısında ABŞ-ın Şimali Karolina Universitetinin biokimya və biofizika fakültəsinin professoru, kimya üzrə Nobel mükafatı laureatı, DNT sahəsində mühüm kəşfləri ilə tanınan, ABŞ Milli Elmlər Akademiyasının üzvü Əziz Səncəri görməyin qürurverici olduğunu qeyd edib. Bildirib ki, Əziz Səncər şəxsiyyəti elm sahəsində Nobel mükafatı alan ilk türk alimi kimi bizim üçün çox əzizdir. Buna görə də “Naxçıvan” Universitetində bu gün ən əlamətdar günlərdən biridir. Rektor diqqətə çatdırıb ki, Universitet Elmi Şurasının 21 sentyabr 2023-cü il tarixli Qərarı ilə Elmi Kitabxanada “Əziz Səncər adına oxu zalı” təsis edilib. 
    Tədbirdə UNEC rektorunun müşaviri, dosent Elşən Bağırzadə, Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Türkiyə Cümhuriyyəti Atatürk Universitetinin professoru Kerem Karabulut, Qars Qafqaz Universitetinin professoru Hacalı Nəcəfoğlu çıxış edərək bildiriblər ki, Əziz Səncərin ürəyi hər zaman Azərbaycanla döyünüb. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətən müharibəsindəki Tarixi Qələbədən çox keçməmiş, dekabrın 2-də dünya şöhrətli alimi qəbul etmiş, onun Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini şəxsən dəstəkləməsini yüksək qiymətləndirmişdir. Dövlət başçımızın 2021-ci il 10 sentyabr tarixli Sərəncamı ilə Nobel mükafatçısı, görkəmli alim Əziz Səncər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir. Çıxışlarda Nobel mükafatçısının Şuşa səfərindən danışılıb. İkinci Qarabağ müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində hər iki valideynini itirmiş 3 yaşlı Xədicə Şahnəzərovanın təhsil xərcləri üçün yardım ayırması vurğulanıb.
    Qismət olarsa Naxçıvana səfər edəcəyini bildirən  Nobel mükafatçısı Əziz Səncər gənclərə tövsiyələrini verərək uğura gedən yolun  formulunu onlarla bölüşüb. Alim qeyd edib ki, istənilən uğura yalnız zəhmət və fədakarlıqla nail olmaq mümkündür. “İstər Amerika olsun, istərsə də başqa ölkələr, dünyanın heç bir yerində zəhmətkeş insanın qarşısında heç kim dura bilməz”, – deyən professor həyatda şansa inanmadığını, bütün nailiyyətlərə alın təri ilə sahib olduğunu diqqətə çatdırıb. Ömrünü, demək olar ki, bütünlüklə elmə həsr edən alim gənclərə davamlı mütaliə və elmlə məşğul olmağı tövsiyə edib.
    Tədbir universitet Elmi Kitabxanasının “Əziz Səncər adına oxu zalı”nın təqdimatı, Nobel mükafatçısına tələbələr tərəfindən ünvanlanan suallar və  “Əziz Səncərdən elm və milli inkişaf haqqında aforizmlər” adlı kitabın imza mərasimi ilə başa çatıb.

Fariz ƏHMƏDOV

Nəşr edilib : 20.10.2023 21:24