AZ EN RU

Nobel mükafatçısı Əziz Səncərin azərbaycanlı tələbəsi

    Rubrikamızın budəfəki müsahibi  Amerikada yaşayan həmvətənimiz, Nobel mükafatçısı Əziz Səncərin tələbəsi Xəqani Eynullazadədir. O, bakalavr təhsilini Azərbaycan Tibb Universitetində Tibbi biologiya ixtisası üzrə alıb. Magistratura təhsilini Böyük Britaniyanın Glasgow Universitetində Tibbi genetika ixtisası üzrə başa vurub. Hazırda ABŞ-ın Wisconsin-Madison Universitetində Genetika ixtisası üzrə doktorantura təhsilini davam etdirir. 

    2023-cü ilin oktyabr ayında “Naxçıvan” Universitetində dünya şöhrətli alim, Nobel mükafatçısı Əziz Səncərin onlayn iştirakı ilə tədbir keçirilirdi. Həmin tədbirdə Əziz Səncər vurğuladı ki, bir çox ölkələrdən onun yanında, laboratoriyasında işləyən mütəxəssislər var. Ən böyük arzusu isə azərbaycanlı elm adamlarının onunla birgə tədqiqat aparması olub. Alimin bu arzusu 2018-ci ildə gerçəkləşib. Gəlin ardını Xəqaniyə ünvanladığımız suallar çərçivəsində onun öz dilindən öyrənək.
    – Səncər laboratoriyasına necə qoşulmusunuz?
    – Mənim professor Əziz Səncərin tədqiqat qrupuna qoşulmağım onun 2017-ci ildə Azərbaycana səfəri ilə başladı. Mən o vaxt Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun İnsan genetikası tədqiqat qrupunda elmi işçi kimi çalışırdım. O, çıxışlarının birində azərbaycanlıları çox sevdiyini və Azərbaycandan olan tələbələrlə çalışmaq istədiyini dilə gətirmişdi. Bundan sonra ona elektron poçtdan yazaraq özümü təqdim etdim və laboratoriyasına qoşulmaq istədiyimi bildirdim. Professor Səncər bunu çox müsbət qarşıladı. Bir neçə müddət onun laboratoriyasına qoşulmaq prosesi ilə bağlı əlaqələr quruldu. Çalışdığım institutun rəhbərliyi də bu xəbərə çox müsbət reaksiya verdi və mənim Amerikaya ezam edilməyim üçün lazım olan bütün məsələlərdə dəstək verdi. Daha sonra professor Səncərin istəyi ilə, onun dostu, İqtisad Universitetinin prorektoru Elşən Bağırzadə ilə görüşdük. Bu görüşdən sonra mənim Səncər laboratoriyasına qoşulmağım təsdiqləndi. Və mən 2018-ci ilin yanvar ayından başlayaraq il yarım müddətində professor Səncərin laboratoriyasında elmi tədqiqatçı kimi çalışdım.
    – Nobel mükafatı qazanmış bir alimlə işləmək necədir?
    – Professor Səncərin laboratoriyasında işləmək mənim üçün çox möhtəşəm bir təcrübə oldu. Öz sahəsində dünyada lider olan bir tədqiqat qrupu ilə çalışmaq professional cəhətdən əvəzolunmaz bir fürsət idi. Bunun sayəsində genetika sahəsində ən müasir metodlarla işləmək və beynəlxalq səviyyədə elmi tədqiqat aparmaq təcrübəsi qazandım. Orada çalışarkən qazandığım ən mühüm elmi təcrübə, canlı orqanizmlərin genomunu dəyişməyə icazə verən və ən müasir metod olan CRISPR-Cas9 metodu ilə işləmək və bu metodu effektiv şəkildə insandan alınan hüceyrə xətlərinə laborator şəraitdə tətbiq etmək oldu. Bu metod bizə istənilən genlərin DNT-təmir prosesindəki rolunu öyrənməyə kömək edirdi. Bu illər ərzində bir neçə layihələrdə çalışdım və nəticədə, professor Əziz Səncərin rəhbərliyi ilə mötəbər elmi jurnallarda dərc edilən iki böyük elmi məqalənin həmmüəllifi oldum. Burada qazandığım elmi təcrübə sayəsində 2019-cu ildə ABŞ-ın ən böyük elmi-tədqiqat mərkəzlərindən olan Wisconsin-Madison Universitetinin Genetika üzrə tam təqaüdlü doktorantura proqramına qəbul edilən 10 nəfərdən biri oldum. Hazırda burada doktorantura təhsilimi davam etdirirəm. 
    Professor Səncərin rəhbərliyi ilə elmi tədqiqat aparmaq mənə təkcə professional cəhətdən yox, həm də fərdi inkişafım üçün də çox əhəmiyyətli idi. Çünki onun əldə etdiyi bütün böyük nailiyyətlərə, dünya səviyyəli nüfuza və qazandığı Nobel mükafatına rəğmən özünün təvazökarlığı, yanında illərlə çalışan professorlardan tutmuş yeni qoşulan tələbələrə qədər ətrafındakı bütün insanlara hörmət və qayğı ilə yanaşması, hər kəsə kömək etməsi və onları doğru yönləndirməsi məndə dərin iz buraxmışdı. Ona görə də professor Səncərin, sadəcə, elmi potensial cəhətdən yox, həm də insani cəhətdən üstün keyfiyyətli çox gözəl bir örnək olduğunu düşünürəm. 
    – ABŞ-da Azərbaycanı necə təmsil edirsiniz?
    – ABŞ-da Azərbaycanı təmsil etmək mənim üçün hər zaman çox maraqlı bir təcrübə olub. Mən hər fürsətdə zəngin mədəniyyətimizi, tariximizi və ənənələrimizi həmkarlarımla və dostlarımla, dünyanın dörd bir tərəfindən gəlib ABŞ-da təhsil alan tələbələrlə bölüşürəm. Hər fürsətdə Azərbaycanın tarixi, musiqisi, rəqsi və mətbəxinin təqdim olunduğu Azərbaycan mədəniyyət gecələri təşkil edirəm. Tez-tez dostları evimə dəvət edir və onları şəxsən özüm hazırladığım plov, dolma, ləvəngi, Lənkəran çayı kimi milli mətbəximizin gözəl nümunələrinə qonaq edirəm. Bu görüşlərdə onlarla vətənimiz haqqında söhbətlər edirik. Həmçinin müxtəlif multikultural elmi, sosial tədbirlərdə iştirak edərək öz stendimizi qurur və əcnəbilərə Azərbaycanın mədəniyyəti, müasir nailiyyətləri və regiondakı tarixi əhəmiyyəti haqqında məlumat verməyə çalışıram. Bu, sadəcə, mədəni irsimizi paylaşmaq deyil, Vətənimiz və ümumiyyətlə, bölgəmiz haqqında yanlış anlayışları düzəltmək üçün çox əhəmiyyətlidir.
    – Tarixi Qarabağ zəfərindən sonra ABŞ-da azərbaycanlı tələbə olmaq necə idi?
    – Həm Qarabağ müharibəsi dövründə, həm də müharibədən sonra ABŞ-da azərbaycanlı tələbə olmaq qarışıq emosiyalarla dolu bir dövr idi. Müharibə dövründə bir tərəfdən xəbərləri izləmək, digər tərəfdən də, beynəlxalq arenada ölkəmizdə baş verənlər haqqında insanları maarifləndirmək məsuliyyəti var idi. Bunun üçün biz xaricdə çalışan, təhsil alan azərbaycanlılarla onlayn görüşlər keçirir, Vətənimizin haqq savaşındakı üstünlüyünü və həqiqətlərini dünyaya çatdırmaq üçün tədbirlər təşkil edirdik. Sosial şəbəkələrdə maarifləndirici paylaşımlar edir, vəziyyət haqqında məqalələr yazır, yerli qurumlara, media orqanlarına məktublar göndərirdik. Bundan əlavə, Amerikada yaşayan azərbaycanlılar olaraq kiçik fond yaratmışdıq və müharibədən əziyyət çəkənlərə kömək edirdik. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə əldə etdiyimiz tarixi Qələbədən sonra isə artıq milli qürur və sevinc hissi keçiririk. Bu qələbə bizim haqq yolunda olduğumuzun beynəlxalq səviyyədə sübutu idi. Və qələbədən sonra müxtəlif ölkələrdən olan dostlardan təbrik mesajları almaq çox qürurverici haldır.
    – Gələcəkdə Azərbaycana qayıtmağı planlaşdırırsınızmı?
    – Bəli, gələcəkdə Azərbaycana qayıtmağı planlaşdırıram. Burada əldə etdiyim bilik və bacarıqları vətənimdə elmi və akademik cəmiyyətə töhfə vermək üçün tətbiq etmək arzusundayam. Molekulyar biologiya və genetika çox önəmli və sürətlə inkişaf edən sahədir. Bizim ölkəmizdə bu sahədə ixtisaslaşmış mütəxəssislərə ehtiyac olduğunu düşünürəm. Buna görə də Azərbaycanda bu sahədə aparılan tədqiqat işlərində və yeniliklərdə iştirak etmək, Azərbaycan və beynəlxalq elmi cəmiyyətlər arasında körpülərin qurulmasına töhfə vermək istəyirəm.
    – Maraqlı müsahibə üçün təşəkkür edir, işlərinizdə uğurlar arzulayırıq.

Fariz ƏHMƏDOV

Nəşr edilib : 20.12.2023 18:04