AZ EN RU

NMİ-də "Tarixi Azərbaycan toprağı: Yurd yerimiz-Qərbi Azərbaycan" adlı tədbir keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda Pedaqoji fakültənin və Humanitar və ictimai fənlər kafedrasının birgə təşkilatçılığı ilə keçirilən "Tarixi Azərbaycan toprağı: Yurd yerimiz-Qərbi Azərbaycan" adlı  tədbirdə İnstitutun rektoru Azad Novruzov giriş sözü ilə çıxış edərək bildirib ki, Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın XX əsrdə mərhələlərlə davam etmiş deportasiyası bu ərazidəki tarixi abidələrimizin mənimsənilməsi, mümkün olmadıqda isə dağıdılması, yer adlarının isə dəyişdirilməsi ilə müşayiət olunmuşdur. 30 illik işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, xalqımızın Ermənistan ərazisindəki etnik nişanələri də bütünlüklə mədəni irs soyqırımına məruz qalmışdır. Rektor diqqətə çatdırıb ki, həmin vaxtlar Azərbaycanın böyük işğal problemi ilə qarşılaşmasına, ölkənin dərin sosial-iqtisadi böhranlarla üzləşməsinə baxmayaraq, ümummilli lider Heydər Əliyev müxtəlif çıxışlarında, nitq və bəyanatlarında Qərbi Azərbaycan məsələsinə toxunmuş, tarixən xalqımıza məxsus bu ərazilərin taleyi ilə bağlı fikirlərini ifadə etmişdir. Ulu öndərin demək olar ki, bütün çıxışlarında İrəvanın ermənilərə verilməsi, bu tarixi şəhərin Azərbaycana məxsus olması məsələsi xüsusi yer tuturdu. Heydər Əliyev həmin dövrdə cərəyan edən tarixi prosesləri ən müxtəlif arxivlərdə, hətta məxfi arxivlərdə saxlanılan bir çox sənədlər əsasında bir çox tədqiqatçı və tarixçilərdən daha öncə təhlil edə bilmiş, bu məsələnin hansı şərtlər altında baş verməsinə, Cümhuriyyət qurucularının məktublarında bu barədə bildirdikləri fikirlərə yaxından bələd olmuşdur. Azad Novruzov vurğulayıb ki, İrəvanın, Zəngəzurun, Dərələyəzin, Göyçənin və digər ərazilərin tarixinin öyrənilməsi, bu tarixin unudulmaması, gələcək nəsillərə çatdırılması ulu öndərin başlıca hədəflərindən biri olmuşdur. Rektor qeyd etmişdir ki,   İnstitutun professor-müəllim-tələbə heyəti də ziyalı ordusu olaraq bu mövzuda öz axtarışları, apardıqları dolğun tədqiqatları ilə Qərbi Azərbaycan haqqında təsdiq edilmiş həqiqətləri dünya ictimaiyyətinə çatdırmalı və təbliğ etməlidirlər. Rektor növbəti tədris ilindən  Qərbi Azərbaycana həsr edilən seçmə fənlərin tədris olunacağını, institutun bütün kafedra və şöbələrində mövzu ilə bağlı işlər görüldüyünü diqqətə çatdırıb.
Sonra Humanitar və ictimai fənlər kafedrasının müdiri Aslan İbrahimov "XX əsrdə Azərbaycan türklərinin Qərbi Azərbaycandan deportasiyasi və bunun nəticələri" mövzusunda, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həsənali Eyvazlı "Qərbi Azərbaycanda gəzib gördüklərim", həmin kafedranın gənc müəllimi, dissertant Şəbnəm Əliyeva "Ürəyimizi titrədən Qərbi Azərbaycan nisgili" adlı məruzələrlə çıxış ediblər. Çıxışlarda bildirilib ki, təkcə XX əsrdə ermənilər havadarlarının köməyi ilə indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı 1905-1906-cı illərdə və 1918-1920-ci illərdə etnik təmizləmə, 1930-cu illərdə kütləvi repressiyalar, 1948-1953-cü illərdə deportasiya həyata keçirmiş və nəhayət, 1988-1989-cü illərdə etnik təmizləməni başa çatdırmağa müvəffəq olmuşlar. Onlar soydaşlarımızı öz ata-baba yurdlarından deportasiya etməklə pərən-pərən salmışlar. Son 220 il ərzində isə Qərbi Azərbaycandan (indiki Ermənistandan) etnik mənsubiyyətinə görə qovulan və dünyanın ən müxtəlif ölkələrinə səpələnən, o cümlədən Azərbaycanda məskunlaşan Qərbi azərbaycanlıların, onların varislərinin sayı  milyonlarladır. Təkcə 1948-1953-cü illər bu ərazidən 150 min nəfərə yaxın, 1988-1991-ci illərdə isə 300 min nəfərə yaxın soydaşımız deportasiya olunub. Ən böyük deportasiya isə 1918-1920-ci illər soyqırımı zamanı baş verib. Əslində, azərbaycanlıların Qərbi Azərbaycandan sıxışdırılıb çıxarılması bütün 220 il ərzində davam edib. Azərbaycanlıların Ermənistan ərazisində yerləşən qədim ata-baba yurdlarından sonuncu deportasiyasından isə artıq 34 il ötür. Belə ki, bu deportasiya zamanı 300-ə yaxın yaşayış məntəqəsindən, 50 mindən artıq ailədən 300 minə yaxın soydaşımız zorla qovulub, 200-dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirilib, 400 nəfərdən artıq insan yaralanıb, bir çoxlarının evləri, əmlakları yandırılıb, yandırılmayanlar ermənilər tərəfindən əvəzi ödənilmədən qəsb edilib. 
Şəbnəm Əliyeva çıxışında deportasiya zamanı qaçqın düşmüş sakinlərin sonrakı həyatlarını məhz onların dilindən səsləndirərək çatdırıb. O qeyd edib ki, bu insanların səsləri "Xocalı" və “20 Yanvar" hadisələrinin şahidlərinin səsləri kimi bütün dünyaya çatdırılmalıdır.
Daha sonra Pedaqoji fakültənin Tarix müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Qazıyeva Natella Qərbi Azərbaycan memarlıq abidələri" mövzusunda çıxış edib. O qeyd edib ki, hər bir xalqın mövcud olduğu ərazidə tarixən varlığını təsdiqləyən, bölgəyə aidliyini sübut edən ən önəmli dəlillər maddi və mənəvi mədəniyyət abidələridir. Məhz buna görə, düşünülmüş şəkildə həmin abidələrin məhv edilməsi, mənimsənilməsi mədəni soyqırımı adlandırılır. Çoxsaylı faktlar Ermənistanın 30 illik işğal dövründə Azərbaycanın arxeoloji irsinin məqsədyönlü və planlı şəkildə məhv edilməsi siyasəti yeritdiyini sübut edir. Azərbaycan xalqının arxeoloji irsinə qarşı mədəni soyqırımı siyasəti müxtəlif istiqamətlərdə həyata keçirilib. İlk növbədə, müxtəlif saxtalaşdırmalarla Azərbaycanın arxeoloji irsinə yiyələnmək, özününküləşdirmək istiqamətində səy göstərilib. Arxeoloji abidələr Dağlıq Qarabağ və ona bitişik ərazilərdə çox qədim tarixə malikdir. Torpaqlarımızın işğalı müddətində həmin ərazilərdə daşı-daş üstə qoymayan ermənilər arxeoloji abidələrə də vəhşiliklə divan tutublar.
Sonda tələbələrin ifasında bədii qiraət nümayiş olunub.

Naxçıvan Müəllimlər İnstitutunun 
mətbuat xidməti

Nəşr edilib : 20.11.2023 18:00