AZ EN RU

NMİ-də “26 Noyabr – Azərbaycan Kəlağayısı Günü”-nə həsr olunmuş “Kəlağayı əlvan qıyğacı” adlı tədbir keçirilib

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova iştirak edib.  
Tədbirdə çıxış edən institutun rektoru Azad Novruzov Azərbaycanda milli mədəniyyətimizin və incəsənətimizin tərəqqisinə böyük diqqət göstərildiyini qeyd edib. Bildirib ki, mədəniyyətimizin inkişafına hər zaman xüsusi qayğı göstərmiş, sənət adamlarından dəstəyini heç zaman əsirgəməmiş Ümummilli lider Heydər Əliyevin qoyduğu ənənəni bu gün Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Xanım Əliyeva ölkə daxilində və xaricində həyata keçirilən böyük layihələrin timsalında davam etdirirlər. Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır. Rektor çıxışında Ümummilli lider Heydər Əliyevin nitqini xatırladaraq “Həyatda uğurla yaşamaq üçün xalqımızın, millətimizin milli-mənəvi dəyərlərinə sadiq olmaq lazımdır, bu milli-mənəvi dəyərləri ümumbəşəri dəyərlərlə birləşdirib müasir həyat tərzi keçirmək lazımdır” deyib.
Sonra tədbirin fəxri qonağı Fəxriyyə Xələfova çıxış edərək tədbirdən öncə institutla tanışlığı, qədim diyar Naxçıvana səfəri barəsində şəxsi təəssüratlarını ifadə edib, institutun tədris və texniki bazasını, tələbələrin əl işlərini yüksək qiymətləndirdiyini və Naxçıvan Müəllimlər İnstitutunda Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olan kəlağayıya həsr edilmiş  tədbirdə iştirak etməyindən məmnunluq hissi keçirdiyini ifadə edib.
 Tədbirdə çıxış edən institutun Pedaqoji fakültəsinin dekanı, dosent Samirə Həsənova vurğulayıb ki, kəlağayı əsrlərdən bəri öz nəcib xüsusiyyətləri ilə Azərbaycan qadınının simvoluna çevrilib, onun dəyanəti, ləyaqəti, isməti, namusu, zərafətimizin, nəcibliyimizin, zövqümüzün tərənnümü olub. Bacardığımız qədər bundan sonra da onu yaşatmaq hər kəsdən çox biz qadınların əlindədir.
Sonra tələbələrin hazırladığı bədii hissədə şeir, mahnı, rəqs nümunələri ifa edilib, kəlağayı istehsalını nümayiş etdirən videoçarxa baxış keçirilib.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

Nəşr edilib : 24.11.2023 21:52