AZ EN RU

Nizami Gəncəvidən Qütb Xarəzmiyə “Xosrov və Şirin”

Şərq aləmində geniş yayılmış əfsanələrdən biri də “Xosrov və Şirin”dir. Əfsanədə Sasani hökmdarı II Xosrovla şahzadə Şirin arasında olan məhəbbət macərasından bəhs edilir. Bu mövzu görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin də diqqətini cəlb edib. Şair 1180-ci ildə “Xəmsə”yə daxil olan ikinci əsəri – “Xosrov və Şirin” məsnəvisini Atabəy Məhəmməd Cahan Pəhləvanın sifarişi ilə fars dilində yazıb. Qısa bir müddətdə məşhurlaşan bu əsərin müxtəlif dövrlərə aid əlyazmaları ayrı-ayrı kitabxana və muzeylərdə mühafizə olunur. Şərq ədəbiyyatına çox güclü təsir göstərən Nizaminin bu məsnəvisi uzun əsrlər şairlərin diqqətində olub, onun təsiri ilə dəfələrlə “Xosrov və Şirin” mövzusuna müraciət edilib. Bu məşhur mövzuya müraciət edənlərdən biri də Qütb Xarəzmidir.
Bu yaxınlarda “Əcəmi” nəşriyyatında işıq üzü görən AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevin tərtib etdiyi Qütb Xarəzminin “Xosrov və Şirin” əsəri həm dilimiz və ədəbiyyatımız, həm də nizamişünaslıq üçün olduqca əhəmiyyətlidir. Əsərin elmi redaktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarovdur. Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş kitab AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə nəşr edilib. 
Kitabın tərtibçisi Ə.Quliyevin də qeyd etdiyi kimi, Nizamidən sonra bu mövzuda fars və türk ədəbiyyatında altmışa yaxın əsər meydana gəlib. Həm Nizaminin farsca qələmə aldığı “Xosrov və Şirin”inə nəzirələr yazılıb, həm də o, ayrı-ayrı müəlliflər tərəfindən tərcümə edilib. Bu tərcümələr içərisində ən qədimi XIV əsrdə Qızıl Orda şairi Qütb Xarəzmi tərəfindən Xarəzm türkcəsinə edilən tərcümə nüsxəsidir.
Əsərə geniş ön söz yazan müəllif tərəfindən Qütb Xarəzminin yaşayıb-yaratdığı Qızıl Orda dövləti, qıpçaq türklərinin bu dövlətin siyasi, sosial, mədəni həyatında rolu, burada danışılan Xarəzm türkcəsinin dil xüsusiyyətləri haqqında geniş məlumat verilib.
Qütbün bu əsəri 1341-ci ildə Qızıl Orda şahzadəsi Teni bəyin xahişi ilə onun həyat yoldaşı Məleykəyə ithaf olunub. Ona görə də buraya həm Teni bəyi, həm də Məleykə xatını mədh edən müəyyən hissələr əlavə edilib. Ə.Quliyev hökmdarın öz xanımına olan məhəbbətini və ona ayrıca bir əsər ithaf etməsini Türk dünyasında qadına olan yüksək hörmətin ifadəsi kimi dəyərləndirir. 
Qütb Xarəzmi əsərdə Teni bəyi Xosrova bənzədərək Xosrovun ölkəni idarə etməyi ondan öyrənməli olduğunu qeyd edir. Əsər sərbəst tərcümə olduğu üçün müəllif buraya müəyyən dəyişikliklər, əlavə və ixtisarlar etmiş, əsas mövzunu saxlamaqla tamamilə yaradıcı, orijinal bir əsər ortaya qoymuşdur. 
Onu da qeyd edək ki, Uzun bir müddət türkologiyada bu əsərin nəzirə, yaxud tərcümə olması barədə mübahisəli fikirlər meydana çıxıb. Lakin aparılan son araşdırmalar onun tərcümə olduğunu təsdiq edir. 
Türk dövlətçilik tarixində mühüm yer tutan Qızıl Orda dövlətinin dili türk dili idi. Bu dil Xarəzm türkcəsindən ayrılmış qıpçaq türkcəsi idi. Türk dillərinin qədim mənzərəsini əks edirən bu dildə zəngin arxaik dil ünsürləri mühafizə olunur. Qütbün tərcüməsində “Xosrov və Şirin”də də bu dil xüsusiyyətləri qabarıqdır. Onun tərcüməsi kifayət qədər dəqiqdir. O, əsərin bədii xüsusiyyətlərini, forma gözəlliyini qoruyub saxlaya bilmişdir. Əsərin dil xüsusiyyətlərindən danışarkən araşdırmaçılar yazır: “Bu abidənin çoxdan mövcud olmasına baxmayaraq, hər dəfə onu oxuyanda Qütb dilinin gözəlliyi insanı heyran edir. Əlbəttə, bu abidənin üzun müddət naməlum qalması, ancaq əlyazması fondlarını zənginləşdirməsi türkologiyanın inkişafı üçün böyük itki idi”. 
Qütb Xarəzminin bu əsəri Nizami Gəncəvinin “Xorsov və Şirin” əsərinin tərcüməsi sahəsində ilk təcrübədir. Professor Əbülfəz Quliyev əsərin əvvəlində qeyd edir ki, Qütb türk milli ruhunu göstərən rəngli bir üslubla düşüncələrini ifadə etməyə səy göstərib. Bununla bağlı olaraq  şair Nizami mətninə sanki bir tənqidçi gözü ilə baxıb, Nizamidə bir anlayış üçün istifadə edilmiş uzun-uzadı beytləri qısaldıb, beləcə, uzun deyil, konkret anlatma formasını seçib. Həmçinin orijinaldakı atəşpərəstlərlə bağlı qismi də buraxıb, tərcümə etməyib.  
Bu tərcümə haqqında əldə olan məlumatlar çox azdır. “Xosrov və Şirin”in bu tərcüməsinin əldə olan Bərkə Fakih tərəfindən üzü köçürülmüş tək nüsxəsi Paris Milli Kitabxanasında saxlanılır. Bu əlyazma bir neçə dəfə müxtəlif ölkələrdə, o cümlədən Türkiyədə nəşr olunmuşdur. Lakin bu nəşrlərdə bir sıra qüsurlar özünü göstərir. Professor Əbülfəz Quliyev isə öz nəşrində həmin qüsurların aradan qaldırılmasına çalışıb. 
Yaxşı cəhət kimi onu da qeyd edək ki, oxuculara təqdim olunan bu nəşrdə əsərin əsas mətninin transkripsiyası da verilib. Burada türk dillərinin qədim xüsusiyyətləri, onlara məxsus səs birləşmələri mühafizə olunub. Sonda isə əsərdə işlənən köhnəlmiş sözlərin lüğəti təqdim olunub. 
Qədim türk şeirinin inkişafında mühüm rolu olan Qütb Xarəzminin “Xosrov və Şirin” əsəri həm də XIV əsr türk dilinin mənzərəsini əks etdirir. Əsərin dilində  müasir dilimizlə səsləşən məqamlar çox olduğu üçün oxucular onu anlamaqda çətinlik çəkmirlər. Buradakı bir çox dil faktları bu gün də dilimizdə və digər türk dillərində yaşamaqdadır. Bu isə dilimizin qədimliyini, zənginliyini bir daha sübut edir. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulsa da, burada dilçilərimiz, xüsusən dil tarixi məsələləri ilə məğşul olan mütəxəssislər üçün olduqca dəyərli məlumatlar var. Professor Əbülfəz Quliyevin böyük zəhməti hesabına oxucuya təqdim olunan bu əsər həm də türk xalqları arasında əlaqələrin inkişafına xidmət edir. İlk dəfə Azərbaycan ictimaiyyətinə, elm aləminə tanıdılan əsərin ərsəyə gəlməsində fəaliyyətinə görə Əbülfəz Quliyevə təşəkkür edir və gələcək işlərində yeni-yeni uğurlar arzu edirik.      

Nuray ƏLİYEVA
filologiya elmləri doktoru,
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri

Nəşr edilib : 02.04.2024 17:08