AZ EN RU

Niyə məhz Zeynəddin çiyələyi?

Bu gün yolumuz muxtar respublikanın qədim kəndlərindən biri olan Zeynəddinədir. Deyilənə görə, bu kəndin ərazisində Zeynəddin adlı şəxsə məxsus əkin sahəsi olub və sonralar burada yaranan yaşayış məntəqəsi həmin əkinçinin adı ilə bağlıdır. Adından və tarixindən də göründüyü kimi, keçmişdən bu günə kənd sakinləri öz ruzi-bərəkətlərini torpaqdan qazanıblar. Bu yurd yerinin sakinlərinin hamısı demək olar ki, təsərrüfatla məşğul olur. Həmçinin təsərrüfatın müxtəlif sahələrində təcrübə sahibidirlər. İlin bu fəslində isə torpağa bağlı, əkinçi, biçinçi, zəhmət adamlarının qayğılı günləri başlayır. 

Bu kənddə həmin zəhmət adamlarının yetişdirdiyi çiyələk isə adla deyilir: “Zeynəddin çiyələyi”. Niyə məhz Zeynəddin çiyələyi? Bu sualımızı 30 ildir ki, bu təsərrüfatla məşğul olan kənd sakini Qəşəm Əhmədova ünvanladıq. O deyir ki, çiyələk dadı, xoş ətri və faydalı xüsusiyyətləri ilə zəngin giləmeyvədir. Bu kənddə kimin həyətyanı sahəsinə üz tutsanız, mütləq ki çiyələyə rast gələcəksiniz. Kəndimizin torpağı, suyu məhsulun yetişməsi və bol olması üçün əlverişlidir. Müsahibimizin sözlərinə görə, Zeynəddin çiyələyi təbii, gübrəsiz yetişməsinə, dadına, görünüşünə görə digər bölgələrin çiyələyindən fərqlənir. Bunun əsas səbəbi isə torpağın məhsuldarlığı və vaxtlı-vaxtında göstərilən qulluqdur. 

“Çiyələk yetişdirmək hər təsərrüfatçının işi deyil. Çünki xüsusi diqqət tələb edir. Dərmanlamanı, suvarmanı vaxtlı-vaxtında aparmaq lazımdır”, - deyir müsahibim. Öyrənirəm ki, təsərrüfatı 10 sot sahəni əhatə edən kənd sakinin əsas məqsədlərindən biri daxili bazarı dadlı və keyfiyyətli məhsulla təmin etməkdir. Eyni zamanda əkin sahəsində çiyələyin yerli sortu ilə yanaşı, İspan, Hollandiya, Türkiyə sortlarını da yetişdirir. Buna baxmayaraq, alıcıların yerli sorta daha çox üstünlük verdiklərini deyir. Qeyd edir ki, xaricdən gətirilən sortların giləmeyvəsi daha iri və məhsuldar olması ilə seçilir. Təsərrüfatçı onu da bildirir ki, məhsulun bol olması üçün düzgün qulluq vacibdir. Buna görə aprel ayının əvvəllərindən başlayaraq çiyələyin ləklərinə vaxtlı-vaxtında su verilir, dibləri alaq otlarından təmizlənir. Yığım isə may ayının əvvəlləri 20-25 gün müddətində həyata keçirilir. İkinci yığım isə avqust, sentyabr aylarında başlanılır. Müsahibim deyir ki, mövsümdə təsərrüfatından gün ərzində 40 kiloqramadək çiyələk yığır. Özünəməxsus görünüşü, dadı ilə seçilən çiyələyin mürəbbəsini, kompotunu, hazırlayırlar. Çiyələyin faydalarından danışan Qəşəm Əhmədov vitaminlərlə zəngin bu giləmeyvənin, xüsusilə də qan azlığının bir nömrəli dərmanı olduğunu vurğuladı. Elə buna görə də ilin bu mövsümündə bazara üz tutanların axtardığı məhsullardan biri də Zeynəddin çiyələyidir. Qiymətlər isə alıcı istəkləri nəzərə alınmaqla bazara uyğun dəyişir. Gələcək planları arasında təsərrüfat sahəsini böyüdüb, xaricə ixrac imkanları yaratmaqdır,  deyən müsahibimizlə söhbəti yekunlaşdırıb, zəhmət adamına fəaliyyətində uğurlar arzulayıb sağollaşırıq. 

Təsərrüfatda olduğumuz müddətdə məhsulun ləzzəti və bolluğu ləklərdən torpağa doğru əyilən qırmızı rəngli çiyələklərdən görünürdü. Çiyələyin dadına baxan zaman isə, həqiqətən də, niyə məhz Zeynəddin çiyələyinin bu qədər məşhur olduğunu başa düşmək çətin olmadı. Elə siz də ağız tamınızı dəyişmək üçün indi bazarlarda piştaxtaları bəzəyən Zeynəddin çiyələyini alıb dadmağa tələsin.

Bülbül QULİYEVA

Nəşr edilib : 09.05.2024 12:20