AZ EN RU

Niyə işıq gələn tərəfə getmək istəmirik?

    Yaşadığım binanın həyətində uşaqların özlərinin düzəltdikləri meydançada futbol oynadıqlarını görərkən xəyalım məni özümün də yaşadığım qayğısız uşaqlıq illərinə apardı. Oynadığımız oyunları, qayğısız günlərimi gözlərim önünə gətirdim. Elə sonrakı illərdə də, lap yaxın dövrlərə qədər də həyət-bacada, özlərinə meydança düzəltdikləri yerlərdə uşaqların başlarını qatdıqları oyunlar onlara dünyanın ən böyük sevincini bəxş edən məşğuliyyət idi. Hələ udan tərəfin hay-küyü, onları dəstəkləyən kiçik azarkeşlərin alqışları... Bu gün o oyunlara maraq göstərən uşağa rast gəlirsinizmi? Rast gəlsəniz də, yəqin, etiraf edərsiniz ki, çox az... Bunun səbəbi nədir? Axı hər bir oyun özü idmandır, uşağın sağlamlığına müsbət təsir göstərən vasitədir. Bəzi oyunlar isə onların təfəkkürünün inkişafında mühüm rol oynayır, həmçinin kiçik yaşlarından onlarda kollektivçilik hissi formalaşdırır. Digər müsbət cəhətlər də az deyil.

    Bir məsələni də qeyd edək ki, bu gün muxtar respublikada idmanın inkişafı ilə bağlı çox böyük işlər görülür. Belə ki, müxtəlif idman növləri üzrə fəaliyyət göstərən federasiyaların tərkibində uşaq qruplarının da olması hamımızı sevindirir. Yaxşı haldır ki, həmin qruplara cəlb edilmiş uşaqların muxtar respublika və ölkə səviyyəli yarışlarda iştirakı və qələbələr qazanması gələcəyimizə sağlam ruhlu yeniyetmələrin inteqrasiyasında mühüm əhəmiyyət daşıyır. Bu məqamda onu da vurğulamaq gərəkdir ki, bəzi ucqar kənd yaşayış məntəqələrinin məktəbyaşlı uşaqları belə imkanlardan məhrumdurlar axı...
    Onu da etiraf edək ki, bu gün bəzi orta məktəblərimizdə idman dərslərinə çox hallarda barmaqarası münasibəti də görürük. Həmin tədris ocaqlarında bu dərslərə qeyri-əsas fənn kimi baxılır.
    Bu məsələdə bəzi valideynlər də ictimai qınaqdan kənarda qalıblar. Yəni özümüz də həyət-bacada şahidi oluruq ki, valideynlər uşaqlarını öz sevimli oyunlarından ayırıb dərslərini oxumağa məcbur edirlər. Unudurlar ki, oxumağın öz vaxtı, uşaq üçün oynamağın da öz vaxtı var. Yəqin, düşünmürlər ki, sağlam ruh sağlam bədəndə olar. Təbii ki, sağlam bədənə sahib olmaq üçün başlıca vasitə idmandır...
     Bu yaxınlarda bir həmkarımın bir neçə məsələ ilə bağlı maraqlı bir yazısı məni düşündürən bəzi məqamlara toxunmağa vadar etdi. Bu məqamları oxucularla bölüşmək istədim: Unudulan təkcə uşaq oyunlarıdırmı? Tam əminliklə deyim ki, bu gün hansı oxucumuza belə bir sualla: – Son vaxtlar qohum-əqrəbanızda, yaxın tanışlarınızda hansı nənəninsə öz nəvələrinə nağıl danışmasını xatırlayırsınızmı? – deyə, müraciət etsək, müsbət cavab almayacağıq. Şəxsən mən özüm nənələrin uşaqlara nağıl danışması kimi çox maraqlı, tərbiyəvi əhəmiyyət daşıyan prosesin mövcudluğunu yadımdan çıxarmışam. Bəli, unudulan dəyərlər içərisində nağıllarımız da var. Və etiraf edək ki, bu qiymətli ədəbi nümunələri, şifahi xalq ədəbiyyatının ən geniş yayılmış janrlarından biri olan nağılları ilk olaraq nənələrimizdən eşitmişik. Özümüzü o nağılların içində görmüşük. Mənfi surətlərə nifrət etmişik, müsbət surətlərə oxşamağa çalışmışıq. Bəzən nənələrimizin: – Daha gecdir, gedin yatın, qalanını sabah danışaram, – deməsindən sonra onlardan əl çəkməmişik ki, nağılı başa çatdırsınlar. Burada yadıma gözəl şairimiz Əhməd Cəmilin kövrək misraları düşür:
    – Ay nənə, bir nağıl da de!
    – Ömrüm-günüm, yat daha, 
    – Hamısını indi desəm, nağıl qalmaz sabaha.
    – Can nənə, de birini də.
    – Ağrın alım, sözə bax.
    – Evimizdə səndən savay, gör heç varmı bir oyaq?
    Nağıl hər bir xalqın təfəkkürünün məhsulu olmaqla uşaqlarda ilkin müsbət keyfiyyətlər formalaşdırır. Cəsurluq, qorxmazlıq, vətənpərvərlik, böyüklərə hörmət, kiçiklərə qayğı və sair. Həmçinin uşaqlarda nitq qabiliyyətinin inkişaf etdirilməsində, onlarda söz ehtiyatının zənginləşdirilməsində və digər bu kimi keyfiyyətlərin aşılanmasında nağıllar ən səmərəli vasitələrdən biridir. Elə ulularımız da məhz bunları nəzərə alaraq uşaqlara nağıl danışmağı vacib sayıblar. Bəs bu gün bu, niyə unudulub? Yəqin, deyəcəksiniz ki, indi nağıl yox, kompüter əsridir. Bu fikirlə razılaşmaq olar ki, indi kompüter əsridir. Ancaq onu da unutmayaq ki, televizor, internet, kompüter və həyatımızın tərkib hissəsinə çevrilən digər texnologiyalar barədə ilk ibtidai məlumatlar başqa məfhumların timsalında elə nağıllarımızda verilməyibmi? Ata-babalarımız öz ilkin təfəkkür tərzləri ilə həmin texnologiyaları ibtidai şəkildə olsa da, nağıllarımıza gətirməyiblərmi? Məsələn, uçan xalçalar, məktub daşıyan göyərçinlər və sair.
    Yaxşı ki, nağıllar orta məktəbdə ibtidai siniflərin proqramına salınıb. Sinifdənxaric oxu materiallarında da nağıllara yer verilib. Bu vasitələrdən səmərəli istifadə etmək müəllimlərin vəzifəsidir və düşünürük ki, onlar bu vəzifəni yerinə yetirməyə səy göstərsələr də, azdır. 
    Son illərdə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə latın qrafikası ilə nəşr olunmuş çox qiymətli kitablar məktəb kitabxanalarına da verilib. Onlardan necə istifadə olunur? – sualına isə birmənalı cavab vermək mümkün deyil. Bunu xidməti işimlə əlaqədar olduğum bir neçə məktəbdə görmüşəm. Bu gün də elə olduğuna şübhəm yoxdur. Həmin təhsil müəssisələrində çalışanlar öz vəzifə borclarına məsuliyyətlə yanaşsalar, uşaqlarda mütaliə mədəniyyətinin formalaşmasını da təmin edə bilərlər. Təəssüf ki...
      Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin tərbiyə işləri üzrə direktor müavini Günay İsaqova deyir ki, bir dəfə mərkəzə qəbul olunmağa gəlmiş bir neçə uşaqla həmsöhbət olaraq soruşdum:
  – İlk dəfə hansı nağılı eşitmisiniz?
    Əvvəlcə heç bir şagird dillənmədi. Bir qədər istiqamət verdikdən sonra şagirdlərdən biri cavab verdi: 
    – Televiziyada “Göyçək Fatma” nağılına  baxmışam. 
    Bu cavab başqa şagirdləri də sanki ruhlandırdı. Onlar televizorda, internetdə baxdıqları müxtəlif filmlərdən (baxmayaraq ki, onların böyük əksəriyyəti nağıl janrından xeyli uzaq olan ekran materialları idi) danışmağa başladılar. Belə bir haqlı qənaətlə, yəqin ki, çoxumuz razılaşmayacağıq: bəhs olunan mövzu ilə bağlı bu gün nənələri televizor və internet əvəz edib. Ancaq biz də bir mərkəz olaraq nağıllarımızın, uşaq oyunlarımızın unudulmaması üçün öhdəmizə düşən vəzifələri yerinə yetirməyə səy göstəririk. Mərkəzin Kütləvi tədbirlər şöbəsinin nəzdində “Naxçıvan folkloru” dərnəyi fəaliyyət göstərir. Bu dərnəkdə yaradılmış bir neçə qrupa çoxlu uşaq cəlb olunub. Dərnəklərin məşğələlərində nağıllar oxunur, onların düzgün qiraəti diqqət mərkəzində saxlanılır, bəzi nağılları səhnələşdiririk. Vətənpərvərlik, xeyirxahlıq hisslərinin, digər müsbət keyfiyyətlərin düzgün formalaşdırılmasında belə tədbirlərin böyük əhəmiyyəti var. Bu məsələnin həllində məktəb kitabxanalarının da üzərinə mühüm vəzifələr düşür. 
    Bu gün paytaxt şəhərimizdə fəaliyyət göstərən Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla, həmçinin Uşaq teatrlarının bu vəzifənin öhdəsindən gəlməsi təqdirolunasıdır. Bu mədəniyyət müəssisələri nağıllar əsasında səhnələşdirilmiş tamaşalara daha çox yer verməyə çalışırlar. Onları uşaqlara təqdim edəndə yaşadıqları sevinci təsəvvür edirsinizmi? Ancaq... Bir dəfə nəvəmi apardığım tamaşadan sonra uşaqlarla həmsöhbət oldum. Nağıl-tamaşadan xoşları gəlib-gəlmədiyini soruşdum. Cavabları çox müsbət oldu. Soruşdum ki, evinizdə sizə nağıl danışırlarmı? “Yox” cavabı aldım: – Ata-anamız seriallara baxır, bizi isə dərslərimizi oxuduqdan sonra yatmağa göndərirlər.
    Acı da olsa, həqiqətdir. Kimlər üçünsə toxunduğumuz mövzu köhnəlmiş, ya da lazımsız hesab edilə bilər. Ancaq dərindən düşünsək, nağıl aləminin gerçəkliklərini uşaqlarımıza çatdırmağın böyük tərbiyəvi əhəmiyyəti olduğunu anlayarıq. “Cırtdanın nağılı”nı xatırlayırsınızmı? Nağılda belə bir məqam var. Uşaqlar meşədə azıblar. Yol axtarırlar. Qarşıda iki yol var: bir tərəfdə işıq görünür, bir tərəfdən səs gəlir. Cırtdandan soruşurlar: – Hansı tərəfə gedək: işıq görünən tərəfə, yoxsa səs gələn tərəfə? – Cırtdan cavab verir: – İşıq gələn tərəfə.
    Elə bu nağılın özünün aşıladığı mənəvi dəyər yetərincə deyilmi?
    ...Nağıllarımızda işıq var, keçilən yolun sonu həmişə xeyirlə qurtarır. Xeyir həmişə şər üzərində qələbə çalır. Bu qələbə həmin işıqdan gəlir. İşıq gələn tərəfə gedək.

 Muxtar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 16.11.2023 18:59