AZ EN RU

Niyə duzdan hazırlanan əşyalara üstünlük verməliyik?

Son vaxtlarda sərgilərdə, festivallarda duzdan hazırlanan oyma, yonma, keramika nümunələrinə, müxtəlif bəzək aksesuarlarına rast gəlirik. Bu əşyaların çoxu Naxçıvanın qədim tarixi, milli dəyərləri ilə bağlı olub, zərif görünüşü, müxtəlifliyi ilə seçilir. Duzdan düzəldilən sənət əşyaları həm də özündə fərqli məna və inancları birləşdirir. 
Duz təbabəti deyilən bir anlayış da var ki, burada duzun müalicəvi, xüsusilə ağrıkəsici, dezinfeksiyaedici xüsusiyyətlərinin olduğunu qeyd etməliyik. Məhz elə muxtar respublikada fəaliyyət göstərən Duzdağ Fizioterapiya Mərkəzində hər il yüzlərlə insan bronxial astma xəstəliyinə görə müalicə olunur. Bütün bunlardan əlavə, bu gün duzdan daha çox qadın bəzək əşyaları – boyunbağı, üzük, qolbaq və sair hazırlanır ki, alıcıların da ən çox müraciət etdiyi məhz belə əşyalar olur. 
Maraqlıdır, duzdan hazırlanan əşyalara niyə bu qədər üstünlük verilir. Sualımıza cavabı elə duzdan hazırladığı müxtəlif əl işləri ilə insanların diqqətini cəlb edən dekorativ-tətbiqi sənət ustası, rəssam-pedaqoq Əzizə Məmmədovadan öyrənirik.  Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Təsviri incəsənət kafedrasının müəllimi olan Əzizə xanım qeyd edir ki, üç ildir, Naxçıvan duzundan müxtəlif əşyalar hazırlayır: – Duzdan fiqurlar, Haça dağ, Əshabi-kəhf, Duzdağ və başqa qabartmalar hazırlayırdım. Duzun faydalarını bildiyim üçün insanların üzərində daşıyacaqları qadın zinət əşyaları hazırlamağa başladım. Əl işlərim, xüsusilə Naxçıvana gələn qonaqlar tərəfindən bəyənildi, tələbat  yüksəldi. Kristal Naxçıvan duzundan və Himalay duzundan hazırladığım üzük Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən patentə layiq görüldü. 
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü olan və Bəhruz Kəngərli adına Sərgi Salonunda dekorativ-tətbiqi sənət satış-sərgisində əl işləri nümayiş etdirilən Əzizə Məmmədova duz süxurlarından fiqurlar, qab, lampa və digər məmulatlar da hazırlayır. Həmçinin kristal-halit duzun Naxçıvan, çəhrayı Havay, çəhrayı və qəhvəyi Himalay, gilli qara, şəffaf və başqa növlərini qadın bəzək əşyalarında boyunbağı, sırğa, üzük və  bilərziklərdə tətbiq edir. Duz lampalarının önəminə toxunan müsahibim onların həm istilik verdiyini, həm də istinin duzu yayaraq xüsusilə də nəfəs problemləri olan insanlar üçün faydalı olduğunu qeyd etdi.  
Bu gün duzdan hazırlanan əl işlərinə tələbatın çox olduğunu vurğulayan müsahibim onların faydaları haqqında dedi: – El arasında duza pislik və bəd qüvvələrdən qoruyucu vasitə kimi baxırlar: onu ocağın üstünə atır, beləliklə də bədnəzəri dəf edirlər. Duz insanlar arasında gücü və enerjini bərpa edən qüvvə kimi də baxılır. Duzun  ən vacib faydası sağaltmaq və şəfa vermək gücünün olmasıdır. Dahi Hippokrat duzdan mikrobları təmizləyən, iltihabı azaldan vasitə kimi istifadə edib. Məsələn, qaya duzunun sevgi enerjisini artıran,  gərginliyi azaldan, sakit, hüzurlu hiss etməyə kömək edən xüsusiyyətləri vardır. Həmçinin duz evin pis aurasını, neqativ enerjini özünə çəkir, eyni zamanda radiasiyadan qoruyur. Duzun sadaladığımız xüsusiyyətlərini nəzərə alsaq, insanların ondan hazırlanan əşyalara göstərdiyi maraq da təbiidir. Mənim bundan sonra da əsas məqsədim məhz Naxçıvan duzunu bu istiqamətdə bütün dünyada tanıtmaqdır. 
Həqiqətən də duzdan hazırlanan əl işlərinə baxanda zəriflik, estetik gözəllik görünür. Faydaları da ki göz qabağındadır. Düşünürəm ki, belə əşyaları almaqda, evdə aksesuar kimi istifadə etməkdə heç bir ziyan yoxdur.  

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 20.05.2024 14:13