AZ EN RU

“Niyə belədir dünya” haqqında bir neçə söz

Yeni nəşrlər

    Şeirləri ilə onu mətbuat səhifələrindən qiyabi də olsa, tanıyırdım. İki kitabının nəşr olunduğunu da bilirdim. Nəhayət, özü ilə tanışlığım yaxın dostluğa çevrildi. Bir qədər sonra işıq üzü görmüş üçüncü kitabını mənə təqdim etdi. Vərəqlədim, vərəqlədikcə Alməmməd Eldaroğlunun qəlbən şair olduğunu, onun dünyaya söz adamı kimi doğulduğu qənaətinə gəldim.
    Budur, həmin kitabla üz-üzəyəm: “Niyə belədir dünya?” Dostumun yeni yaradıcılıq toplusunu vərəqlədikcə müəllifin oxucusuna ünvanlandığı suala özünün cavab verdiyini görürəm.
    Alməmməd Eldaroğlunun yeni kitabına “Ön söz” yazan Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Asim Yadigarın qənaəti maraqlıdır: “... onun mətbuatda dərc olunan, almanaxlarda işıq üzü görən şeirləri, məqalələri və “Vətən əmanətdir”, “Mənim gördüyüm dünya” şeirlər kitabları məndə belə bir qənaət yaradıb ki, Alməmməd söz adamıdır. Şeirin yükünü daşımağı, ona poetik don geyindirməyi bacaran istedadlı şairdir. Onun şeirlərində özü var, saf, təmiz dünyası var. Bu dünyaya hansı bucaqdan baxırsansa bax, orada duyğuların təmizliyi, saflığı səni özünə cəlb edəcəkdir”.
    Əgər saf, təmiz daxili dünya varsa və bu dünyadan hamımızın yaşadığımız dünyaya baxırıqsa, orada real həyatımızı görəcəyik.
    Asim Yadigar da çox doğru olaraq bu qənaətə gəlir ki, Alməmməd Eldaroğlu istər dövlətə, dövlətçiliyə, istər şanlı tariximizə, istərsə də bugünkü inkişafımıza həsr etdiyi şeirlərində necə safdırsa, məhəbbət lirikasında, digər mövzularda da elədir. Elə kitabdakı  “Heydər-Azərbaycan oldu əbədi!” adlı ilk şeiri ilə şair bunu təsdiq edir:

              Vücudu əyilməz əzəmətli dağ,
              Meyvəsi tükənməz, bəhrəli bir bağ,
              Bütün çətinlikdən çıxdı üzü ağ,
              Müqəddəs ocağa döndü məbədi,
              Heydər-Azərbaycan oldu əbədi!

    Şeirlərindən qırmızı xətt kimi keçən vətənpərvərlik duyğularının poetik yozumunda Alməmməd Eldaroğlu kimisə və həm də özünü təkrar ermir; hər bir şeirində yeni söz deməyə səy göstərir, buna nail olmaqla oxucu qəlbinə yol tapa bilir; onu düşünməyə sövq edir. Şairin şəhidlərimiz, düşməndən azad edilmiş yurd yerlərimiz, tariximizi özündə yaşadan bölgələrimiz, müqəddəslik qazanmış abidələrimiz haqqında qələmə aldığı şeirlər oxucu tələbi ilə üst-üstə düşür.
    Şairin insan, onun daxili aləmi, cəmiyyət üçün gördüyü işlərlə nüfuz qazanması və digər mövzularda oxucuya təlqin etdiyi fikirlər ədəbiyyatımız üçün yeni deyil; Alməmməd Eldaroğlu da bunu yaxşı bilir. Ona görə də keçilmiş yolla getmir; özünəməxsus bədii priyomlara üstünlük verir. 
    Şairin bütün şeirlərində, bayatılarında, qəzəllərində, poemalarında bunu görə bilirik:

            Keçən gördüm yüzünü,
            Söyləyən yox düzünü.
            Ayın üzü görünmür  – 
            Bulud tutub üzünü.

    Klassik ədəbiyyatımızın ən qədim, ən zəngin janrlarından biri olan qəzəl poeziyamızda həmişə öz poetik ağırlığını saxlasa da, son dövrlərdə bu janrda yazılmış nümunələrə az-az rast gəlirik. Alməmməd Eldaroğlu bu janrda da qələmini sınayaraq uğurlu qəzəl nümunələri yarada bilib. Bu nümunələrdə şair həm də dünənə ehtiramını ifadə etməyə çalışır:

      Abad ölkəmdə mənim təblə muğamat oxunur,
      Musiqi məclisini tar ilə kaman aparır.

    Növbəti kitabında şair öz oxucularına iki poemasını da təqdim edib. “Qonaq getmişdim Araza” və “Niyə belədir dünya” adlı poemalar, təbii ki, ayrı-ayrı mövzularda qələmə alınsa da, müəllif öz amalına sadiq qalıb, sözə ehtiramının sözlə tablosunu çəkib. Bəzi şairlərimizdən fəqli olaraq Alməmməd ikiyə bölündüyümüz üçün Arazı günahkar tutmur; çox doğru olaraq günahkarın öz içimizdə olmasını ortaya qoyur. Bu baxımdan “Niyə belədir dünya” poemasını əvvəlki poemanın məntiqi davamı da saymaq olar.
    Oxuculara onu da çatdırım ki, Alməmməd Eldaroğlu qələmini ara-sıra nəsrdə də sınayır. Hazırda o, dedektiv roman üzərində işləyir. Güman edirik ki, müəllif oxucularını bu kitabı ilə də sevindirə biləcək. Alməmmədi yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edir, ona daha böyük yaradıcılıq uğurları arzulayırıq.

Muxtar MƏMMƏDOV

Nəşr edilib : 28.01.2022 19:46