AZ EN RU

Nəyi, nə zaman və necə etməyi bilən Lider

    O, 20 ildir, xalqına yorulmadan xidmət edir. Amma bu xidmətin dəyəri 20 illik dövrə sığacaq həcmdə deyil!
    Prezidentdir, amma təkcə mənsub olduğu ölkənin deyil, azərbaycanlı mənsubiyyəti daşıyan hər bir fərdin Prezidentidir!
    Strateqdir, amma təkcə ölkəsinin gələcək strategiyasını planlayan yox, həm də bu ölkənin tarixi haqqını özünə qaytaran liderdir!  
    ...Və o, Ali Baş Komandandır – XXI əsrdə bu hərbi vəzifənin qarşısına “MÜZƏFFƏR” sözünü böyük hərflərlə yazdıran Qalib Komandan!
    Heydər Əliyev irsinin layiqli davamçısı cənab İlham Əliyevin 20 illik siyasi fəaliyyətinin bütün istiqamətləri özünəməxsusluğu ilə seçilir. Lakin son 3 ildə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası yönündə əldə etdiyi möhtəşəm qalibiyyət Prezidentin 20 illik fəaliyyətinin əsl kuliminasiyasına çevrildi. Azərbaycan bu qalibiyyətlə 30 ilə yaxın işğalda saxlanılan torpaqlarını azad edərək ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bununla da ölkəmiz bütün dünyaya təkcə iqtisadi, mədəni potensialı ilə yox, həm də hərbi potensialı ilə nəyə qadir olduğunu göstərdi.   
    Keçmiş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ” problemi sıradan bir problem deyildi. Çünki dünyanın bütün gücləri bu problemin həll olunmaması üçün hər şeyi edirdilər. Bunun üçün saysız-hesabsız vəsaitlər xərclənirdi. Açıq demək lazımdırsa, artıq bütün dünya da reallığın bu cür davam edəcəyini düşünürdü. Az müddət sonra isə vəziyyəti leqallaşdıraraq məsələyə nöqtə qoyacaqlarını planlaşdırırdılar. Amma Azərbaycan Prezidenti ali hakimiyyətə gəldiyi ilk gündən beynəlxalq hüququ əsas götürərək problemin həllinə addım-addım yaxınlaşırdı. Davamlı olaraq beynəlxalq tribunalarda məsələnin sülh yolu ilə həll oluna biləcəyini deyirdi. Amma Azərbaycanın bu cür xoş niyyətinin qarşısında artıq beynəlxalq güclərin təmsilçiləri bu tezisi daha çox istifadə etməyə başlamışdılar ki, problemin hərb yolu ilə həlli yoxdur və Azərbaycan nəinki buna getməli, hətta bu haqda düşünməməlidir belə. Cənab İlham Əliyev isə bunun tam əksini sübut etdi və göstərdi ki, onu verdiyi qərardan heç kim döndərə bilməz!  
    44 günlük II Qarabağ müharibəsinə başlamaq və savaşdan qalib ayrılmaq hər ordunun görə biləcəyi iş deyildi. Çünki işğal altında saxlanılan ərazilər dünyada ən çox mina ilə çirkləndirilmiş ərazi idi (indi də belədir), illərdir, təmas xətləri boyunca ən güclü istehkam sədləri yaradılmışdı və üstəgəl strateji ərazilərin, demək olar ki, hamısı düşmənin əlində idi. Ən məşhur hərbi analitiklər də, bu müharibənin Azərbaycan Ordusu üçün ölümcül olacağını düşünürdü. Amma Ali Baş Komandan nə edəcəyini çox gözəl bilirdi. O, bu savaşda ənənəvi hərbi taktikaların çoxundan istifadə etməyəcəkdi. XXI əsrin döyüş texnologiyalarını elə strategiyalarla tətbiq edəcəkdi ki, dünyanın hərbi gücləri bundan, sözün əsl mənasında, dərs alacaqdı. Məhz yeni əsrin ən sürətli müharibəsi olan 44 günlük Qarabağ müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin mahir sərkərdəlik qabiliyyətini ortaya qoydu. Onun rəhbərliyi ilə Azərbaycan Ordusunun hərbi qələbəsi xalqımızın qəhrəmanlıq salnaməsində yeni şanlı səhifə açdı. Bu tarixi qələbə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən oktyabrın 12-də cənab İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar qəbul etdiyi bəyanatda da öz əksini tapdı: Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr Zəfəri sayəsində işğalçı Ermənistan təslim olmağa məcbur edildi, tarixi ədalət və dövlətimizin ərazi bütövlüyü bərpa olundu. Azərbaycanın əzəli tarixi torpaqları olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi son iki yüz ilə yaxın dövrdə xalqımızın məruz qaldığı torpaq itkiləri və etnik təmizləmələr silsiləsinə son qoydu, xalqımıza düşmən kəsilmiş dünya erməniliyinə sarsıdıcı zərbə endirdi. Bu strategiyanın davamı olaraq Ermənistanın davam edən hərbi-siyasi təxribatlarına son qoyulması məqsədilə 2023-cü il sentyabrın 19-20-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri bir daha xalqımızın milli ruhunun yenilməzliyini nümayiş etdirdi. Cəmi 24 saatdan da az sürən bu antiterror əməliyyatı nəticəsində erməni silahlı dəstələri tərk-silah olundu, Xankəndidəki kriminal rejimin fəaliyyətinə son qoyuldu. Beləliklə, dövlətimizin suverenliyi onun bütün ərazisində bərpa edildi.
      Səmimi etiraf etmək lazımdır: II Qarabağ müharibəsini qələbə ilə başa çatdırmaq üçün təkcə mükəmməl sərkərdə olmaq yetərli deyildi! Bunun üçün həm də yüksək erudisiyaya malik siyasi strateq olmaq lazım idi! Müharibə dövründə döyüş meydanında, sonra isə azad olunmuş ərazilərdə gedən prosesləri (reinteqrasiya və sair) obyektiv şəkildə dünya ictimaiyyətinə izah etmək də müharibə aparmaq qədər çətin və məsuliyyətli bir işdir. İnformasiya kirliliyindən əziyyət çəkən bir ölkə kimi son 3 ildə əldə etdiyimiz böyük nəticələri haqlı Qələbəmizin haqqı olduğunu sübut etməyin hansı çətinliklərlə başa gəldiyini biz gözəl bilirik! Amma Müzəffər Ali Baş Komandanımız bunun da öhdəsindən çox gözəl gəlir. İndi bir qalır müasir reallıqdan doğan bəzi şərtlərin yerinə yetirilməsinə nail olmaq. Qalib sərkərdə və strateq bunu da bacaracaq! Çünki o, nəyi nə vaxt və necə etməyi gözəl bilir!

Səbuhi HƏSƏNOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 13.10.2023 20:43