AZ EN RU

Nəsimişünas Alman alim Maykl Reynhard Hess ilə Nəsimi dünyasına sentimental səyahət

    “Məndə sığar iki cahan, mən bu cahana sığmazam...” kəlamları ilə ölməz  Nəsimi nəinki Şərq alimlərinin, hətta Qərb elm adamlarının yaradıcılığına sığmayan yaradıcı dünyası ilə bütün dövrlərdə araşdırma mövzusuna çevrilmişdir. Budəfəki müsahibimiz 12-18 avqust tarixlərdə Naxçıvanda keçirilən “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsinin qonağı olmuş, 130-dan çox elmi məqalənin müəllifi, türk dillərindən klassik Şərq poeziyasının tərcüməçisi, Azərbaycanın haqq savaşında Böyük Zəfərin başlanğıcı olan 2016-cı ildəki Aprel döyüşlərindən sonra qələmə aldığı “Panzer im Paradies: Der Berg-Karabach-Konflikt zwishen Armenien und Aserbaidschan” “Cənnətdə tanklar: Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ konflikti” əsərinin müəllifi alman alim, filologiya elmləri doktoru Maykl Reynhard Hessdir.

    O, ixtisasca türkoloq və eyni zamanda böyük şairimiz Nəsimi irsinin tədqiqatçısıdır. Berlin Azad Universitetində “İmadəddin Nəsimi irsi” fundamental araşdırmasını aparıb. 2005-ci ildə bu araşdırmalarını bitirərək elmlər doktoru alimlik dərəcəsini alıb. 
    Qeyd edək ki, Maykl Hess xahişimizi nəzərə alıb ilk dəfə  Naxçıvanda xüsusi olaraq “Şərq qapısı” qəzetinə müsahibə verməyə razılaşmışdı. Hazırda Berlin və Giezen şəhər universitetlərində Türkologiya kafedrasında çalışan müsahibimiz osmanlı, özbək, başqırd, tatar və Azərbaycan dillərini gözəl bilir. 
    Nuh yurduna ilk dəfə qədəm qoyan alimlə şəhərin insanı valeh edən təmiz və yaraşıqlı küçələrindən keçərək söhbət edə-edə Əcəmi seyrəngahına üz tutduq. Azərbaycan dilində tam səlis danışan müsahibimiz yolboyu ilk olaraq bunları bizə bildirdi: “Əslində, böyük klassiklərdən olan Nəsimiyə yanaşmam fərqli də ola bilərdi. Hər hansısa bir bədii nəsr əsəri həsr etmək və ya publisistik yanaşma kimi. Nəsimi mürəkkəb yaradıcılıq yolu keçmiş lirik şairdir. O, yaradıcılığa aşiqanə şeirlər ilə başlayıb, sonralar dövrünün siyasi, ictimai, əxlaqi mövzularında əsərlər yazıb, Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi olub. Nəsimi bizdə, yəni Almaniyada çox tanınmır və düşünürəm ki, orada məndən başqa tədqiqatçı kimi bu mövzuya yanaşan ikinci biri yoxdur. Bilirsiniz, Azərbaycan və başqa dillərdə Nəsimi haqqında roman yazılıb, hətta bədii film də, sadəcə, bu elmi mühitin, xüsusilə də dünya ədəbiyyatşünaslarının diqqətindən kənarda qalıb”. 
    Maykl Hess qeyd etdi ki, Şərqdə olduğu kimi Qərbdə də hürufiliklə, o cümlədən Fəzlullah Nəiminin harada yaşayıb-yaratması ilə bağlı maraqlananlar var. Lakin Nəsimi barədə tədqiqatçı çox azdır. Məlumdur ki, Nəsiminin Azərbaycan, eləcə də fars və ərəb dillərində divanları vardır. Fars dilindən yüzdən artıq qəzəli bir italyan professor tərəfindən tərcümə edilib: “Bu hadisədən şəxsən çox qürurlandım. Ona görə ki, həmin professor mənə bir məktub yazaraq xüsusi təşəkkürünü bildirirdi. O qeyd edirdi ki, mənim Nəsimi ilə bağlı məqaləmi oxumaqla hürufi əqidəsi ilə daha yaxından tanış olub. Nəsimi nəinki əruz şairi, divan yazarı, ümumiyyətlə, bir mütəfəkkir və tarixi şəxsiyyət kimi müstəsna biri olub. Onun şəxsiyyətini, şeirlərini araşdıran hər kəs Nəsimini heç bir şairlə müqayisə edə bilməz”. 
    “Nəsimi böyük şairdir, yoxsa Füzuli?” sualını Maykl Hess belə cavablandırdı: “Mən belə bir müqayisəni heç qəbul etmirəm ki, Nizami daha böyük şairdir, Füzulimi və yaxud digəri. Hər şairin öz dövrünə uyğun istək və tələbləri olmuş, imkanları daxilində də yazıb yaratmışlar. Onların hər birinin özünəməxsusluğu var. Füzuli:

    Canı canan diləmiş, verməmək olmaz,ey dil!
    Nə niza eyləyim, ol nə sənindir, nə mənim – 

yazdığı halda, Nəsimi bundan fərqli olaraq deyirdi:

    Ey müsəlmanlar, mədəd, ol yari-pünhan ayrılır,
    Ağlamayım neyləyim, çün gövdədən can ayrılır.

    Nəsimi digərlərindən həm xarakter, həm də üslub baxımından tam fərqlənir. Bu fikirlərin ən yüksək elmi səviyyədə təsdiqi ilə tez-tez rastlaşırıq. Bunun da dünyəvi səbəbləri vardır”. 
    Nəsimi haqqında doktorluq işi yazmağa necə qərar verməsi ilə maraqlandıqda şərqşünas alim dedi: “Almaniyada elmlər doktoru, alimlik dərəcəsi almaq üçün doktorluq tezisindən sonra bir tezis daha yazmaq lazım gəlir ki, bunun adı habilitasiyadır. Mənə təklif gəldi ki, iki mövzu təqdim edim. Mən də dilşünas kimi təklif etdim ki, “Türk dillərində felin şərt şəkli” mövzusunu işləyim, çünki heç yazılmayan mövzu idi. Morfoloji cəhətdən araşdırmaq, müqayisə etmək istəyirdim, lakin bu mövzu haqqında yazmaq təklifim rədd edildi. Bildirildi ki, Maykl Hess, siz başqa bir mövzu götürüb tədqiqat aparın. Həmin dövrdə mən İstanbulda çalışırdım. O ərəfədə mən İtaliyadan Nəsimi şəxsiyyəti haqqında ensiklopedik məqalə yazmaq haqqında təklif aldım. Mövzu Nəsiminin həyatı, fikirləri, əqidəsi və inanclarından dönmədiyi üçün dar ağacına çəkilməsi idi. İstanbulda imkanlar geniş olduğundan başladım Nəsimi haqqında araşdırma yazıları yazmağa. Təbii ki, onun şeirləri diqqətimi cəlb etdi, amma, təəssüf ki, bu poetik nümunələrdən heç nə başa düşmürdüm. Çünki o vaxt türk, osmanlı, başqırd, tatar dillərindən fərqli olaraq Azərbaycan dilini elə də bilmirdim. Bir də ki əruz divan ədəbiyyatı məndə hələ elə də güclü maraq oyatmamışdı. Sadəcə, hələ bir qisim sözlərini başa düşə bildiyim üçün onların mənasını öyrənməyə çalışırdım. Çünki bu şeirlərdə  bir işıq olduğunu anlayır və bu işıq cazibəli olduğundan onu çözmək qərarına gəlmişdim. Bu artıq maraq idi və fikirlərimi istər-istəməz üstələdi. Nəhayət, qərar verdim ki, mənim doktorluq mövzum Nəsimi ilə bağlı olsun. Nəticədə, onun Azərbaycan, fars dillərində yazdığı divanlarının da morfoloji, sintaksis tərəfdən izahını ortaya çıxardım. 
    Nəsiminin yazdıqlarına nəzər salsaq, görərik ki, Şərqlə Qərbə çox yaxındır. Mənim yazdıqlarım, bəlkə də, bir başlanğıc idi. Əvvəl  10 ədəd əlyazmasını tapa bildim və bunlar ən qədim əlyazmalar deyildi. Axtarışlarım nəticə vermirdi, tapa bilmirdim, buna vaxt da yetmirdi. Düzdür, digital mühitdən müəyyən şeylərin əldə olunması asandır. Türkiyədə Nəsimi əlyazmalarının elektronlaşmış forması mövcuddur. Hər kəs götürüb asanlıqla istifadə edə bilir. Amma bu, araşdırmalar üçün kifayət etmir. Zamana çox ehtiyac vardır ki, böyük bir enerji ilə çalışasan. Bu zaman 10 il, hətta 20 il də ola bilər. Çünki böyük bir dünyadır Nəsimi yaradıcılığı. Onu öyrənmək üçün ədəbiyyatşünaslığı, ilahiyyatçılığı, yeri gələndə musiqişünaslığı da bilmək lazımdır”.
    Maykl Hess “Nəsimi dünyasını nəyə bənzədirsiniz?” sualımıza cavab olaraq dedi: “Nəsimi dünyası gur bir bulaq kimi axır və düşünürəm ki, onun araşdırılmasına 100 il də kifayət etməz. Bəlkə də, Nəsimi dünyasının araşdırılması üçün çoxlu maddi vəsait ayrıla bilər, lakin qeyd edim ki, yüksək mənəvi hisslər olmasa, bu, qeyri-mümkündür. Tamamilə araşdırılandan sonra, bəlkə də, biz anlayarıq ki, Nəsimi bizə nəyi çatdırmaq istəyirdi. O, həyat, cəmiyyət haqqında açıq deyilməsi qorxulu olan tənqidi fikirlərini aşiqanə misralar və ya təbiət təsvirləri içərisində söyləyib. Nəsiminin bədii yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələdir. Şəxsi fikrimcə, Nəsiminin yaradıcılığı bir yana qalsın, bütün zamanlar üçün o böyük insanın özünü, həyat fəlsəfəsini kəşf etmək lazımdır. Təbii ki, o anlayırdı ki, hamımız kimi o da öləcək. Bəlkə də, düşünürdü ki, onun əsərləri o dövr üçün uyğun olmayacaq, kimsəni maraqlandırmayacaq. Amma onu da bilirdi ki, bir gün onun yaradıcılığı Günəş kimi, fərqli formada parlayacaq. Bir qərbli olaraq belə düşünürəm ki, siz Nəsimidən “Qurani-Kərim”i, hürufiliyi və hər bir şeyi çıxsanız belə, yenə də Nəsimi dünyasının özü dərin bir mövzu olaraq qalacaqdır. Fərqi yoxdur müsəlman və ya başqa bir dinin nümayəndəsi  olsun,  Nəsimi dünyası ilə tanış olan hər kəs bu barədə yenə də eyni fikirdə olacaq. Onun yaradıcılığı, əslində, kimsənin, xüsusilə də xalqın aqressiyasını qazanmaq üçün deyildi. Onun niyyəti insan üçün ən uca məqama yüksəliş etmək idi. O izah etmək istəyirdi ki, baxın mən sizin üçün ora qədəm qoydum, istəyirsiniz mənim şeirlərimi oxuyaraq siz də arxamca gələ bilərsiniz. Hətta bunun mübahisəsini də edərək bildirir ki, “Zahidin bir barmağın kəssən dönər həqdən qaçar, gör bu gerçək aşiqi sərpa soyarlar ağrımaz”, yəni siz mənə kafir deyirsiniz, mənə yaram da xoşdur, yarım da, yəni məni asmaqla hədələyirsiniz, bəs siz kimsiniz? Haqq aşiqi qətiyyətlə bildirirdi ki, əqidəmdən dönmərəm. Araşdırmalarım zamanı bir şey də diqqətimi çəkdi ki, onun yazdıqlarını inkar edənlər belə onun şeirlərinin fövqəladə gözəl olmasının fərqində idilər. Bu məqamda qeyd edim ki, əruzun musiqişünaslıqla da əlaqəsi var. Klassik ədəbiyyatı, əruz vəznini yaxşı bilmədən bu araşdırmaları etmək mümkün deyil. Bayaq qeyd etdiyim kimi, klaviatura arxasında əyləşib bu araşdırmaları etmək asandır, amma bununla kifayətlənmək olmaz. Bir çox klassiklər var ki osmanlı dövründə onlara saray şairləri deyirdilər və onlar məddahlıq üçün nəsə yazırdılar. Nəsimi yaradıcılığında “Rızkı Maraşdan umarsan, xoş deyil” anlamını bəzən, yəqin ki, Maraşa gedib pul qazana bilmədikləri üçün belə yazdığını düşünənlər də var. Amma bu, qətiyyən belə deyil. O bildirmək istəyirdi ki, orada ömür sürmək xoş deyil. Nəsimi sırf öz dövrü üçün yazıb yaradaraq laməkan olub. Mənim dünyamda o insanlığın şairidir. Nəsimi poeziyasında libas dəyişkənlik və ötərilik simvoludur, dünyəvi yalanın, bir-birini fasiləsiz əvəzləyən oyun və aldanışların təzahür elementidir, fantastik emosionallığa malik bədii işarədir. Əgər belə olmasaydı, Nəsimi dünyanı yaşıl – yəni ülvi bir dünyadan seyr etməzdi. Seyid İmadəddin Nəsimi bütün ömrü boyu özündən sıyrılmaq, ayrılmaq, qopmaq, ən əsası da özünü qıraqdan müşahidə etmək istəyi ilə hərəkət etmişdir. Çünki Nəsimi kimi biri üçün bu məziyyətlər xarakterik bir simvol halını almışdır. Çünki hal əhli birinin özündən çıxıb, kənarlaşıb özünə baxmaq,  öz içinə boylanmaq, ruhdan bədənə tam şəkildə nüfuz etmək, orada rahatlanmaq, “ərimək”, “qərq olmaq” marağı həmişə zövqlü bir intellektual oyuna bərabər sayılıb. Kamil insanın bütövləşmə və vəhdəti-vucud olmasının yolu buradan keçir. Həqiqi gerçəklik insanın öz iç dünyasının gerçəkliyidir. Təbii ki, bu gerçəkliyi də öz içində kəşf etmiş insan üçün sirri faş olmayan heç bir nəsnə qalmır. O məhz “ənəlhəq” söyləyən dilinin ucbatından kafir, müşrik adlandırılıb. Nəsimi nə istədiyini bilir və şüurlu surətdə ömrünün faciəvi sonluğuna doğru getdiyindən xəbərdar idi. O bundan nə inciyir, nə də peşmançılıq hissi keçirirdi”. 
    Müsahibimlə söhbət o qədər maraqlı alınmışdı ki, zamanın necə keçdiyinin fərqinə varmamış, gün şaxə qalxaraq şölələri ilə yox, istisi ilə şəhəri qarsıb-qovururdu. Maykl Hess təklif etdi ki, söhbətimizi Şeyx Xorasan (Fəzlullah Nəimi) Xanəgahında Günəş qürub edərkən davam etdirək... Və budur, Əlincəqalanın ətəyində Nəsiminin ustadı uyuyur... Maykl Hessdən Nəsiminin təxəllüsünün anlamını soruşduqda bildirdi ki, “Nəsimi” təxəllüsünün mənası ilə şairin ideyaları və tale yazısı arasında qəribə bir əlaqə, bağlantı var. “Nəsimi” təxəllüsü “Nəim” sözünə həmahəng səsləndiyinə görə, şair Seyid Əli, yəni İmadəddin Nəsimi, Şərq mədəniyyəti ənənələrincə müridinə kəc baxmayıb və Nəimiyə bəslədiyi sevgisini, öz sədaqəti ilə birgə təxəllüsündə də simvolikləşdirib. Nəimi, yəni “Cənnət adamı” ləqəbi “Qurani-Kərim”də zikr edilən iki Cənnət bağından birinin adıdır. Hürufiliyin lideri, ustad Fəzlullahın təxəllüsü də buradan gəlir. “Nəsimi” təxəllüsü isə “nəsim” sözündən götürülüb. Ərəb dilində “nəsim” kəlməsindən səhər mehi anlamında istifadə olunur. Müsəlman mədəniyyətinin təzahüründə insan ruhunun təbiəti meh kimi təsəvvürə gətirilir. “Nəimi” və “Nəsimi” təxəllüsləri bir-birinə həmqafiyə, lakin onlar arasındakı məna fərqi böyükdür. Biri konkret təsvirə malik məkanla bağlı, digəri isə laməkan. Nəsimi məhz bu məqamda Nəimi ilə qütbləşir və hətta onu üstələyir”. 
    Həqiqətən, Nəsimi bir yeldir ki nə məkana sığar, nə bəyana gələr, nə yeri məlum olar, nə görkəmi, nə də qiyafəsi. Onun timsalında şəxsiyyət ilə təxəllüs eyniləşərək bir-birinə nüfuzu nəticəsində psixoloji fenomen yaradıb. Burada təxəllüs böyüyüb nəsimiliyə çevrilir və şairi öz içində əridir. Nəsiminin ömür dolanbaclarından boylandığımız zaman görürük ki, şair sanki bilərəkdən həyatını öz təxəllüsünün bəraətinə həsr eləyir. Bəlkə, elə buna görədir ki, Nəsimi bir yerdə lövbər salıb uzun müddət qalmağı heç cürə bacarmayıb, məkana, bəyana sığmadığını söyləyə-söyləyə səba yeli, sübh mehi kimi cümlə-cümlə, söz-söz cahanı dolaşaraq təxəllüsü şairdə yox, şairi təxəllüsdə yaşadıb.
    Bu nəcib müsahibə üçün alman alim Maykl Reynhard Hessə dərin minnətdarlığımızı bildirərək Xanəgahdan ayrılarkən ağlıma gələn ilk fikir bu oldu: “Hürufilərin azadlıq simvolu, tərkidünyalılığı bu beytlərdə gizlidir:

    Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
    Gövhəri laməkan mənəm, kövnü məkana sığmazam”.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 25.08.2023 22:54