AZ EN RU

NƏSİM DƏ ÖZÜMƏM, TUFAN DA ÖZÜM

Xalq şairi Qabilin “Nəsimi” poemasında İmadəddin Nəsiminin obrazı

      Xalq şairi Qabil məşhur “Nəsimi” poemasında Nəsimini ta uşaqlığından həyatının bütün anlarına qədər taleyini söz ehkamına çevirir. Nəsiminin Şah Xəndan adlı qardaşından (“Şahi Xəndan”), qardaşının yaradıcılığından təsirlənərək “Hüseyni” təxəllüsü ilə şeir yazmasından (“Hüseyni”), qardaşı Şah Xəndanı çarəsiz xəstəliyi üzündən itirərək tənha qalmasından (“Mən tək qaldım”), qonşuları İkraməddin və İslaməddinlə yaxınlaşıb dost olmalarından (“İkraməddin, İslaməddin, İmadəddin”), mədrəsəyə gedib Məhyəddindən dərs almağından, Fəzlullahla məktəbdə ustadının yanında görüb tanış olmalarından və ona heyranlığından (“Ənəlhəqq”) və s. bəhs edir.

     “Ənəlhəqq” bölməsindən başlayaraq əsər daha da çox maraq qazanır, Nəsimi obrazı əlvanlaşmağa və daha yetkin görünür. Fəzlullah Nəiminin Şamaxıya gəlib Məhyəddinlə mədrəsəyə gedərək uşaqlarla tanışlığı və öz fikirlərini onlara bəyan etməsi hadisələrə, süjetə bir az da yön vermiş olur, Nəsiminin taleyinin istiqamətini göstərməyə başlayır. Şair Fəzlullah Nəiminin əsasını qoyduğu hürufilik cərəyanının ümumi səciyyəsini, ana xəttini, başlıca ideyalarını məhz burada ifadə edir:

Sirrini hüsni camala hərf-hərf yazmış bilin!

Sirrini hüsni camala bənd-bənd düzmüş, bilin!

Kim ki idrak etdi öz şəxsiyyətin, ülviyyətin!

Məxzənül əsrarə sahib olmağı olmaz çətin.

Surətin nerilə mənalandı quranın özü.

Ayədir də, surədir də kamil insanın üzü.

Hər kəsin ruhunda mövcuddur ilahi zərrələr.

Zərrələr hər bir kəsi Allahtək təmsil edər.

Cövhərən vəhdəti-vücuduq, eyniyik Allah ilə.

Fərqi yox bu nöqtədə bir yoxsulun bir şah ilə!

     Xalq şairi burada Nəsimi ilə Nəimi arasındakı təması, tanışlıq formasını təsvir edir, Nəsiminin Fəzlullah kəlamına olan sonsuz maraq və heyrətini, Nəiminin isə bu məsum, lakin idraklı uşaqda gördüyü gələcəyə sevdanı təqdim edir. Kəlam sahibi Fəzlullah Nəiminin Nəsimini öz təsirində buraxan tövsiyə, arzu və istəkləri müəllif tərəfindən ustalıqla təqdim olunur, bir sözlə Hüseynini Nəsimiləşdirən və İmadəddinə çevirən mənəvi məsələlər məhz bu bölmədə özünə yer tapır. Yeni fikir dünyasına və onun qapısına heyrət, maraq duyan gənc bir tələbənin obrazı bu və buraqədərki bölmələrdə müxtəlif yönləri və məsələlərilə yaradılıb. Nəsimini yaradan, ortaya çıxaran, bütün yönlərilə formalaşdıran Şamaxı ədəbi-mədəni, ictimai mühiti “Şaharsu” adlanan bölmə daxilində təqdim edilib. Burada Şamaxını canlı təsvir sanki bir ictimai obrazla nəticələnib. Şamaxı ictimai-mədəni mühitinin bütün tərəflərilə təsviri Nəsimin şəxsiyyətinin formalaşma səciyyəsini ortaya qoymuşdur. Nəsimi şəxsiyyətinin yetişməsinin ciddi səbəbləri haqqında ictimai mühitin ziddiyyətli tərəfləri burada da mükəmməl şəkildə bəhs edilib. “Şaharsu” adlanan bazar meydanının timsalında ümumiləşdirmə ictimai münasibətlər çərçivəsində hər cür alver daxil bütün münasibətlərin səciyyəsi, insanlar arasında mənəvi pozğunluq, kasadlıq və nöqsanlar haqda mənzərə yaradılmaqla kamil insan ideyası ortaya qoyulub. Fəzlullah Nəimi kimi insansevərlərin mücadiləsi və “Ənəlhəq” nidası fonunda ictimai mühitdəki eybəcərliklər təqdimini tapıb:

Hanı, hanı “ənəlhəq”dən əsər-əlamət?

Hanı günəş zərrəsində aşikar insan?

Hanı bütün kainatın zinəti-surət?

Uydurmadır, yoxsa külli ixtiyar insan?

...Kəniz satan həqir hara, “ənəlhəq” hara?

Ac-yalavac fəqir hara, “ənəlhəq” hara?

Əzən hara, dözən hara, “ənəlhəq” hara?

Sürtülmüş cam! De, sən hara, “ənəlhəq” hara?

    Müəllif Fəzlullah Nəiminin nitqi, fikri təbliği vasitəsilə Nəsimiyə və oxucusuna  pisliklərə bulaşmış, şeytana uymuş, divlərə yem olmuş dünyanın, bəşəriyyətin xilası yolunu da açıqlayır. Çünki müəllif dünyanın əyilmiş, pozulmuş düzəninə nifrət, qəzəb və kinlə baxan, ümidsizcə yanaşan Nəsimini fikri aydınlığa çıxarmaq, onu insansevərlik ümidlərilə yetişdirmək üçün Fəzlullahın dilindən təhlil və izah verməli olur:

Toz-torpağa bürünənlər, dizin-dizin sürünənlər

“Ənəlhəq”də tapsın gərək ləyaqətini,

Başa düşsün fəlakətlə səadətini.

Sənə yalan satmamışıq bilmərrə, inan,

Yenə iqrar eləyirik: “Allahdır insan!”

   Nəsimi fenomenini ortaya çıxaran ictimai-mənəvi ideya, təkan və motivasiya bu kontekstdə öz ifadəsini tapmaqla həm də oxucuya dövrü, mühiti tanıtdırmış, insanın mənəvi və fiziki cəhətdən düşdüyü vəziyyəti başa salmağa xidmət edir. Fəzlullah Nəiminin insana səcdə edən fikirləri Nəsimini təlqin altına almaqla “Çaharsu”da ümumiləşir və ideal, fenomenal Nəsimini meydana gətirən, yetişdirən ictimai-mənəvi səbəb, motivasiya kimi özünə yer alır. Beləliklə, dünyanın, insanlığın və bəşəriyyətin gələcəyinə  şübhə ilə yanaşan ümidsiz, kin və nifrət bəsləyən Nəsimidən “mən bu cahana sığmazam” ideyalı insanın hər cür gücünə, qivvəsinə inam və etiqda bəsləyən bir qüdrətli şəxsiyyət – İmadəddin Nəsimiyə çevrilmənin səbəb-nəticə əlaqəsi göstərilir. Mədrəsini qurtaran üç dostdan biri olan Nəsimnin birdən qəlbində, brynində yaranan fikri təlatüm, ziddiyyətli mühakimə başlayır onun uca, ülvi duyğuları, arzuları, gücünə inamla konkret mövcud ictimai-mənəvi mühit, reallıq, boşluq arasında mübahisə və mübarizə başlayır. “Şəms də məndədir, qəmər də məndə, Axşam da məndədir, səhər də məndə”, “Nəsim də özüməm, tufan da özüm, Qoca da özüməm, cavan da özüm”, “Tufanam, üsyanam, cəsarətəm mən”, “Kainat məndədir, mən kainatda”, “Qocayam, müdrikəm, peyğəmbərəm mən”  fikirlərilə təlaümə çevrilən insana məhəbbət əqidəli və imanlı Nəsiminin üsyankar ruhu baş qaldıraraq dövrə, mühitə meydan sulayır, bir mübarizə və mücadilənin başlanğıcı qoyulur. Burada şairin məharətli qələmilə Nəsiminin fenomenal şəxsiyyətinin zənginləşməsi və yetişməsi prosesi öz təsvirini tapmış olur. Fəzlullah Nəimi öz fikirləri və kəlamlarında “Allahın ləyaqəti” kimi çıxış edirsə, Nəsimi Vətənəninin, bütün insanlığın və bəşəriyyətin ləyaqəti kimi çıxış edir. Müəllif bu fikri-mənəvi inkişafı, bir mənəvi  təlatüm və üsyanın ab-havası, ruhu burada təzahürünü taparaq “ənəlhəq” ideallı Nəsiminin şəxsiyyəti ortaya qoyulur.

Zamana, məkana sığa bilmirəm,

Şərhilə bəyana sığa bilmirəm.

Əndazə tanımaz bir güzgüyəm ki,

Heç bir çərçivəyə sığa bilmirəm.

Elə bil ovcumda fırlanır aləm, 

Məndə əks olunur ilahi insan,

Bütün allahların Allahı insan!

    Beləliklə, poemanın “Mən bu cahana sığmazam“ bölməsi kamil, azad insan ideyalı mübariz Nəsimi şəxsiyyətinin yetişdiyi və mübarizəyə atıldığı hissə olaraq yadda qalır. Nəsimi bu bölmədən sığa biləcəyi geniş dünya axtarışına çıxır və allahın surəti olan kamil insanı yaratmaq, təlqin etmək mücadiləsinə qədəm atır. “Ayrılıqlar” bölməsində geniş dünyaya açılan Nəsimi ömrünün mücadilələrdə keçən həyatının ilk qədəmləri əks edilir,  onun doğma yurdu Şamaxı, ustadı Fəzlullah, dostları, evləri və doğma qardaşı və ilk müəllimi Şah Xəndanın məzarından ayrılmağı təsvir edilir. Poemanın birinci hissəsi sığa biləcəyi geniş dünyada kamil və azad insan axtarışına çıxan Nəsiminin doğma, ilk vətəndən ayrılaraq səyahətə başladığı “bəyaz səltənətə” açılması ilə yekunlaşır. Birinci hissənin sonu olan “Mənim bəyaz səltənətim” adlanan bölmə yeni məsələlərlə zəngin olan ikinci hissəsinin başlanğıcı rolunu oynayır. Biz artıq ikinci hissədə ömrü mübarizələrdə keçən, insanları kamil və azad insan ideyasına dəvət edən, “ənəlhəq” nidasını təlqin edən bir mübariz, həm də bəşəriyyətin, insanlığın müəllimi olan Nəsimini görürük. Beyinlərdən “Əbd İllah!” hökmünü silmək mübarizəsi və təliminə qoşulmuş “ənəlhəq!” amallı, külli-ərzə cavabdehlik daşıyan Nəsiminin böyük mücadilələrə açılan ömür yolu başlıca məsələ olaraq təsvirini tapır. Poemanın bu bölməsində folklor ənənələrinə enən müəllif Baba dərvişin hədiyyə etdiyi nar ilə Nəsimiyə buta verildiyini və qanına qəltan edilməsi bahasına özünün və insanlığın bütün sirrini “şərhü bəyan” edəcəyini müjdələmiş olur. 

PÜSTƏ ƏHMƏDOVA

Naxçıvan Dövlət Universitetinin

Tarix filologiya fakültəsinin tyutoru

Nəşr edilib : 03.02.2022 10:44