AZ EN RU

Nəsillərin yadigarı, şəhərimin şah vüqarı – Şahab

Naxçıvan şəhərinin tarixindən, qədimliyindən danışan guşələrindən birindəyik. El arasında Şahab məhəlləsi adlanır bu yer. Gah genişlənib, gah da daralan döngələri, tinləri, klassik üslublu evləri, qədim abidələri tarixi keçmişə qonaq aparır insanı.

Qəhrəman şəhidimiz İdris Məmmədovun əziz xatirəsini yad edərək Küseyiroğlu əzəmətli, Pirqəmiş imanlı məhəllənin döngələri ilə addımlayırıq. Hər küncü, bucağı unudulmaz bir xatirə, yaşanılan bir anı yansıdır sanki. Neçə-neçə nəsillər keçib bu yollardan, toy-büsatlara şahidlik edib, qovalaqaç, gizlənqaç oynayan uşaqların şən-şaqraq səslərinə bürünüb bu evlərin yan-yörəsi. Arzular-diləklər tumurcuqlayıb, ümidlər çiçək açıb, könüllər pərvaz edib bahar ağacları, yaz mehi kimi. Nədir Şahabı Xıncab, Qurdlar, Əlixan kimi məhəllələrdən fərqləndirən sualı ilə yaxınlaşırıq qarşımıza çıxan sakinlərə. Hər kəs bizi müfəssəl məlumat öyrənməkdən ötrü Kələntərlər ailəsinə qonaq olmağı məsləhət görür...

Sədərək döyüşlərinin ilk şəhidlərindən biri şahablı olub

Qapını ehmalca döyürük. Qonaqpərvərliklə açılır üzümüzə tağ. Budur Akif Kələntərlinin evindəyik. İki yüzillik tarixə malik evdə. Müsahibimiz deyir ki, divarları, tavanı qədim memarlıq üslubunda inşa olunan bu ev ulu babasından yadigardır: – Atam tərəf Kələntərlər, anamgil isə Kəngərlilər nəslindəndir. Babamın atası düz 120 il əvvəl bu evdə dünyaya göz açıb. Ümumiyyətlə, babamgilin bu məhəllədə bir neçə evi olub. 1937-ci ilin məlum hadisələri digər vətənpərvər ailələr kimi, bizim nəsildən də yan ötməyib. Babamın qardaşı uşaqları sürgünə məruz qalıb, Qazaxıstana köç etməyə məcbur olublar. İndi də get-gəlimiz, əlaqələrimiz vardır... Tariximizi yaşatmaq, gələcək nəsillərə ərməğan etmək hər zaman ailə üzvlərimizin həyat amalı olub. Bax, indi yaşadığımız evə zaman-zaman yeni otaqlar əlavə etsək də, heç vaxt bu dəyərli mirası sökmək kimi bir fikir ağlımızın ucundan belə keçməyib. Divarlarda, tavanda ustalıqla işlənən incə naxışlarına qədər göz bəbəyi kimi qorumağa çalışmışıq.

Akif dayı deyir ki, məhəlləmiz tarixiliyi, adət-ənənəsi ilə yanaşı, həm də qəhrəmanlığı ilə seçilir, fərqlənir. 1987-1988-ci illərdə erməni daşnaklarının hücumu zamanı məhəllə sakinləri şəhərin müdafiəsində cəsarətlə, inadla dayanıblar. Burada könüllü dəstələr yaratmışdıq. XII əsrə aid Atababa günbəzi kimi tanıdığımız Yusif Küseyroğlu türbəsi əsas silah-sursat ehtiyatımıza, müdafiə qalamıza çevrilmişdi. Qabaqcadan əldə etdiyimiz məlumat əsasında hücum gözlənilən bölgələrə qüvvələr göndərirdik. Şahablılar Sədərək döyüşlərində də öz yurda bağlılıq missiyasını ləyaqətlə yerinə yetirib. Həmin dövrdə məhəlləmizdə gənc-qoca fərqi qoyulmadan 70 nəfərdən ibarət topçu divizionu (sonralar həmin dəstə Naxçıvan Müdafiə Komitəsi kimi təsis olunub) yaradaraq Vətənimizin müdafiəsi üçün cəbhəyə yola saldıq. Könüllü dəstələrə təkcə Şahabdan deyil, Əliabad qəsəbəsi, Qaraxanbəyli kəndi və Çuxur məhəllələrindən də qoşulanlar çox idi. Onlar 5 il Vətən keşiyində xidmət etdilər. Aralarında şəhidlərimiz də oldu, sağ qayıdanlar da. Atam Asif Kələntərli (1991-1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini işləyib) də ozamankı hadisələrdə xüsusi fəallıq göstərdi, özüm də yaxından iştirak etdim. İdris Məmmədov isə Sədərəyin ilk şəhidlərindən biri kimi həm də məhəlləmizin fəxri olaraq tarixə düşdü...

“Sovet dövründə bir neçə dəfə evimizi muzeyə çevirmək üçün müraciət etdilər”

Məhəllədə növbəti qapısını döydüyümüz ev Zülfüqarovlar ailəsinə məxsusdur. Ailənin başçısı, yaşı 85-i haqlayan Sabir əmi bizi gülərüzlə salamlayıb içəriyə dəvət edir. Söhbət əsnasında öyrənirik ki, bu nəslin şəcərəsi Şükrullah, Hüseynqulu xanlaradək uzanır. Müsahibimiz deyir ki, şəhərin Xıncab, Qurdlar və digər məhəllələri kimi Şahab məhəlləsinin sakinləri də adət-ənənələrini yaşatmağa çalışırlar. Məhəllə sakinləri bəzi illərdə susuzluqdan, bəzi illərdə qıtlıqdan əziyyət çəkiblər. Ancaq heç vaxt Şahabdan köçüb getməyi düşünməyiblər. Əvvəllər bu ərazidə iki məhəllə – Pirqəmiş və Şahab olub, sonralar birləşərək Şahab adlanıb. Məhəllədə sakinlərin ibadət yeri – Şahab məscidi də olub. İndi məhəllədə hər cür şərait vardır. İnsanlar rahat şəraitdə, firavanlıq içində yaşayır. Əvvəllər Şahabdakı əksər evlər möhrədən idi. Ancaq indi burada müasir üslublu yaraşıqlı evlər də tikilib.

Sabir kişi deyir ki, həyatımızın bütün sahələrində sürətli müasirləşmənin getməsinə rəğmən şahablılar qədim soykökə çox bağlıdırlar: Şəxsən mən bax bu evimin klassik memarlıq üslubunu, əski naxışlarını heç bir müasir görkəmə, dizayna, interyerə dəyişmərəm. Bu bizim ululardan qalan yadigarlardır. Tarixi incilərimizi qorumaq, yaşatmaq lazımdır. Şahabdakı bir sıra evlərdə belə əl işi, göz nuru sayılan nümunələr vardır. Sovet dövründə bir neçə dəfə evimizi muzeyə çevirmək üçün müraciət etdilər. Ozamankı hökumətə güvənə bilməzdim, ona görə də icazə vermədim. Bir neçə dəfə eyvandakı elementləri tarixi üslubunu saxlamaqla yeniləmişəm. Təvazökarlıqdan uzaq olmasın, mən köhnə fikirli insanam, keçmişə bağlı biriyəm. Evdə olan köhnə əşyaları da atmağa əlim gəlməz. Düşünürəm ki, onlar dəyərli mirasdırlar. Əgər biz keçmişi unutsaq, gələcək nəsil də şübhəsiz bizi xatırlamayacaq. Ona görə övladlarımızı, nəvələrimizi tariximizə, ənənələrimizə bağlı böyütməliyik, onlara birgünlük, bir neçə saatlıq əyləncələr deyil, ömürboyu xatırlayacaqları xatirələr bəxş etməliyik...

Şahabdan ayrılanda ayrılmayan düşüncələr

Şahabın nostalji duyğularla dolan, yaddaşımda unudulmaz anlar buraxan döngələri ilə geri qayıdıram. Qəlbimdə məhəlləyə daxil olan zaman keçirdiyim təəssüf dolu hisslər yenidən dilə gəlir: Kaş ki, bu məhəllənin tarixini əks etdirən bir tabloya, tanıtım lövhəsinə rast gələydim. Orta və yaşlı nəslimiz qədim yer adlarımızı yaxşı tanısa da, heyif ki, uşaq, yeniyetmə və gənclərimizin çoxu bundan xəbərsizdir. Nəzərə alsaq ki, hər il minlərlə xarici qonaq Naxçıvana üz tutur və onları ən çox maraqlandıran yurdumuzun tarixi yerləridir, o zaman Əlixan, Xıncab, Qurdlar, Şahab kimi məhəllələrimizi tanıtmaq üçün həmin qədim yer adlarımızı nişan verən tanıtım lövhələri yerləşdirmək məqsədəuyğun olar. Bu həm turizm baxımından cəlbedicilik yaradar, həm də tariximizin, qorunub yaşadılmasına xidmət edər. Tarixi yaşadanları isə dünya binə olandan bəri tarix də yaşadıb...

 

Nail ƏSGƏROV

Nəşr edilib : 30.05.2024 16:31