AZ EN RU

Nehrəm qəsəbə 3 nömrəli və Azadkənd tam orta məktəbləri üçün yeni binalar inşa olunur

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda digər sahələr kimi təhsilin bütün pillələrinin inkişafı üçün də prioritet istiqamətlər müəyyənləşdirilib. Hazırda Dövlət Proqramının icrası istiqamətində mühüm tədbirlər həyata keçirilir. Qeyd edək ki, proqrama uyğun olaraq Naxçıvan şəhərində 1000 yerlik yeni məktəb binasının inşası da planlaşdırılır.
    Məlumat üçün bildirək ki, muxtar respublikada hazırda təhsil quruculuğu istiqamətində işlər uğurla görülür. Ordubad rayonunun Azadkənd, Babək rayonunun Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbləri üçün yeni binaların tikintisi davam etdirilir. Yaxın günlərdə isə Babək rayonunun Hacıvar kəndində müasir tələblərə cavab verən yeni məktəb binasının tikintisinə başlanılacaq. Hazırda inşaat işləri davam etdirilən müasirtipli 270 şagird yerlik             3 mərtəbədən ibarət Azadkənd tam orta məktəbində 2-si elektron lövhəli olmaqla, 15 sinif otağı, hərbi kabinə, kimya, biologiya və fizika laboratoriyaları, şahmat, kompüter sinfi, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları fəaliyyət göstərəcək. Yeni inşa olunan müasir məktəb binası maddi-texniki təchizatla, avadanlıqla pedaqoji kollektivin və şagird kontingentinin ixtiyarına veriləcək.
    Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbində də şagirdlərin rahat təhsil almaları üçün geniş imkanların yaradılması nəzərdə tutulub. Zirzəmi ilə birlikdə  4 mərtəbəli 954 şagird yerlik yeni məktəb binasında 3-ü elektron lövhəli olmaqla, 50-dən artıq sinif otağı, 3 kompüter sinfi, hərbi kabinə, kimya, biologiya və fizika laboratoriyaları, STEAM kabinəsi, idman zalı yerləşəcək.

Naxçıvan Muxtar Respublikası 
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 31.08.2023 20:19