AZ EN RU

Nəcib amallar naminə

    Azərbaycan qadını! Bu müqəddəs varlıq öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, yüksək mənəvi keyfiyyətləri ilə hər zaman xalqımızın adını uca tutub. Tarixi minilliklərə söykənən ailə dəyərlərimizin formalaşmasında və inkişafında onların çox böyük rolu olub və bu şərəfli missiyanı bu gün də uğurla yerinə yetirirlər. O da qürurvericidir ki, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Ona görə də bu zərif cinsin nümayəndələrinin bir çoxunun adı tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb və bugünkü gənc xanımlarımız üçün bir örnəyə çevriliblər. Onlar damarlarında Sara xatının, Tomrisin qanını daşıyırlar. 
    Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyeva da Azərbaycan qadınına xas olan bütün keyfiyyətləri özündə təcəssüm etdirməklə həm ictimai xadim, həm də ana kimi bütün qadınlarımıza cəmiyyətin həyatında layiqli yer tutmaq nümunəsini göstərir. Humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər onun şəxsiyyətində özünün daha yüksək ifadəsini tapıb. Ölkəmizin birinci xanımının ictimai-siyasi fəaliyyəti milli-mənəvi dəyərlərə söykənən və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da möhkəmləndirilməsinə yönəldilib. 
    2004-cü ildən xalqımızın zəngin mənəvi irsini, Azərbaycançılıq fəlsəfəsini yaşatmaq, dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq kimi vəzifələri yerinə yetirmək məqsədilə yaradılan və dövlətimizin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin adını daşıyan fond ötən 20 ildə həyatımızın ayrı-ayrı sahələrinin fəaliyyətini inkişaf etdirmək üçün müxtəlif layihələr reallaşdırıb. Bu gün hər bir azərbaycanlının daha uğurlu sabahlara inamını, böyük sevgi və ehtiramını qazanan fond Ulu Öndərin adını şərəflə daşımaqla dahi rəhbərin xatirəsini yaşatmaq, cəmiyyətimizin, doğma Azərbaycanımızın daha sürətli inkişafı naminə layiqli fəaliyyət göstərməyi özünün prioritet vəzifəsinə çevirib. Fondun rəhbəri Mehriban xanım Əliyevanın dediyi kimi: “Xoşbəxtəm ki, həyatımın böyük hissəsini müasir Azərbaycanın dahi şəxsiyyəti Heydər Əliyevin yanında yaşamışam. Bu nəhəng şəxsiyyətə hədsiz ehtiram, heyranlıq, pərəstiş və sevgi hissini ömrümün sonunadək yaşadacağam. Heydər Əliyev güc və qüdrət, hədsiz intellekt, mətin iradə, yüksək əxlaq və ləyaqət, sonsuz vətənpərvərlik, doğma torpağa və xalqa məhəbbət rəmzidir. O, əlçatmaz ideal və mənim həyatımda əsas Müəllimdir”.
    Fondun həyata keçirdiyi məqsədyönlü tədbirlərin nəticəsi göz önündədir və hər birimizə qürur hissi yaşadır. Bu, yüzlərlə yeni inşa olunan məktəb, müasirləşən uşaq  bağçaları, məktəbdənkənar təhsil müəssisələridir; yeni tikilən tibb müəssisələri, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün xüsusi tibb və reabilitasiya mərkəzləridir; bərpa olunan tarixi və dini abidələr, eyni zamanda yeni qurulan mədəniyyət ocaqları, muzeylərdir. Bu, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətində həyata keçirilən tədbirləri özündə əks etdirməklə işıq üzü görən yüzlərlə kitablar, foto və videoalbomlar, zəngin mədəni və tarixi irsimizin təbliğinə yönələn beynəlxalq simpoziumlar, festivallar, elmi konfranslardır. Bu sırada fondun səmərəli xeyriyyəçilik tədbirləri həyata keçirməsi xüsusi vurğulanmalıdır. Belə tədbirlər nəticəsində yüzlərlə insan sağlam həyata qayıdıb, bəzi vətəndaşlarımızın üzləşdikləri problemlər aradan qaldırılıb, imkansız, aztəminatlı ailələr qayğı ilə əhatə olunublar. 
    Mehriban xanım Əliyeva müsahibələrinin birində rəhbərlik etdiyi fondun fəaliyyətinin məqsəd və istiqamətlərini belə açıqlamışdı: “Fəaliyyətimizin çoxşaxəli olmasına baxmayaraq, prioritet istiqamətləri müəyyən etdik və daha çox diqqət tələb edən problemlərin həllində yaxından iştirak etməyə çalışdıq. Sözsüz ki, ilk növbədə, cəmiyyətimizin daha çox qayğıya ehtiyacı olan təbəqələrinə – valideyn himayəsindən məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkünlərə, qocalara və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yönəlmiş layihə və proqramların icrasına başladıq”.
    İnsan və onun layiq olduğu səviyyədə yaşaması prinsipi fondun fəaliyyətinin əsas hissəsidir. Bunun ifadəsidir ki, Mehriban xanım ötən illər ərzində elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji və  məşğulluq sahələrində çalışan neçə-neçə istedadlı gəncin müxtəlif layihələrə cəlb edilməsi ilə onların gələcək həyat yollarını müəyyənləşdirib. Valideyn qayğısından və himayəsindən məhrum olmuş nə qədər körpəyə yiyə durmaqla, onların taleyinə həssaslıqla yanaşmaqla, bu və ya digər xəstəlikdən əziyyət çəkən nə qədər uşağın xilası naminə mümkün olan hər şeyi etməklə hamının sevgisini qazanan Mehriban xanım deyir: “Bu, yüz mindən çox şagirdin təhsil şəraitinin yaxşılaşmasına xidmət edən yüzlərlə yeni məktəb binasının istifadəyə verilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı göstərilməsi, müasir avadanlıqla təchiz edilmiş yeni tibb mərkəzlərinin inşası, gənc istedadların dəstəklənməsi, tarixi abidələrin bərpası, qədim mədəniyyət və incəsənətimizin təbliği və nəhayət, Azərbaycanın əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinin qorunub saxlanıldığı dünyəvi bir ölkə kimi dünyaya tanıdılmasıdır”. 
     “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”,  –  deyən Ulu Öndərin adını daşıyan fondun çoxsaylı məqsədlərindən biri də milli-mənəvi dəyərlərimizin qorunması, gələcək nəslə ötürülməsi, gənclərə bu dəyərlərin milli pasportumuz olmasının aşılanması, onlara ehtiramla yanaşılması və Azərbaycan mədəniyyətinin dünyada geniş təbliği ilə bağlıdır. Belə ki, 20 il ərzində fond tərəfindən milli musiqimizin incilərindən olan muğamın inkişafı və təbliği ilə bağlı məqsədyönlü addımlar atılıb, “Qarabağ xanəndələri” musiqi albomu nəfis şəkildə nəşr edilib. Tanınmış ifaçıların, gənc xanəndələrin iştirakı ilə muğam axşamları, müsabiqələr sənətsevərlər, milli musiqi həvəskarları tərəfindən dərin razılıq hissi ilə qarşılanıb, bu işlər yüksək dəyərləndirilib. Azərbaycan muğamı bununla da ölkə hüdudlarını aşaraq xarici ölkələrdə də özünə geniş auditoriya toplaya bilib. Məhz fondun təşkilatçılığı və iştirakı ilə reallaşan layihələr sayəsində milli, tarixi-mədəni irsimizin Azərbaycana məxsusluğu dünya ictimaiyyəti tərəfindən də təsdiqlənib. İçərişəhər, Qobustan Tarix-Mədəniyyət Qoruğunun, xalça, saz, tar və muğam sənətlərinin, Novruz bayramının, “Çövkən” atüstü oyununun, Azərbaycan kəlağayısının UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi fondun səmərəli fəaliyyəti nəticəsində mümkün olub. Həmçinin Naxçıvanın incisi sayılan “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib. Bununla da Şərur yallılarının beynəlxalq müstəvidə tanıdılmasına və təbliğinə şərait yaranıb. Buna Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yüksək dəyər verib: “Heydər  Əliyev Fondunun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır”.
    Görülən işlər isə bir daha onu göstərir ki, Mehriban xanımın rəhbərlik etdiyi fondun fəaliyyəti artıq müasir Azərbaycan tarixinin bir hissəsidir. Bu baxımdan fondun insanların rifahı naminə bir sıra humanitar proqramların reallaşdırılmasını qeyd etməmək olmaz. Bununla da birinci xanım cəmiyyətdə xeyriyyəçilik və mesenatlıq ənənələrinin daşıyıcısına, qoruyucusuna çevrilib, ona olan xalq sevgisi bir qədər də artıb. Türkiyə Respublikasının 9-cu Prezidenti, mərhum Süleyman Dəmirəl fond haqqında deyirdi: “Bu fond, sadəcə, böyük bir şəxsiyyətin adının əbədiləşdirilməsi naminə yaradılmış xatirə təşkilatı deyil. Bu, bir sosial qurumdur və bu sosial qurumun fəaliyyəti başqa ölkələri də əhatə edir. İdeoloji qurum deyil. Bir humanitar qurumdur. Təhsilin inkişafı, yoxsulluğun aradan qaldırılması üçün çalışan bir təşkilatdır”.
    Birinci xanımın “Xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir və biz bu gün Heydər Əliyev Fondu olaraq ənənələri davam etdirməyə çalışırıq”, – sözləri xeyriyyəçiliyin fondun kredosuna çevrildiyini bir daha təsdiqləyir.
    Onu da vurğulamaq lazımdır ki, fondun fəaliyyəti təkcə ölkəmizi əhatə etmir, sərhədlərimizi aşaraq xarici ölkələrdə də xeyriyyəçilik tədbirləri həyata keçirir. Bunun ifadəsidir ki, bütün bəşəriyyətə məxsus olan tarixi və mədəni abidələrin bərpası da fond rəhbərinin qarşıya qoyduğu vəzifələr sırasında özünə yer alıb. Belə ki, adıçəkilən qurumun Luvrda İslam incəsənəti şöbəsinin, Berlin qəsrinin, Romada Kapitoli Muzeyindəki “Filosoflar zalı”nın və digər belə obyektlərin bərpasında fəal iştirakı bütün dünyada məmnunluq hissi ilə qarşılanıb. Dünyanın müxtəlif ölkələrində Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının, eləcə də xarici ölkə­lərlə diplomatik münasibətlərin qurulması münasibətilə tədbirlər, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı, Avropa Parlamentinin və UNESCO-nun mənzil-qərargahlarında, BMT-nin Cenevrədəki mənzil-qərargahında silsilə tədbirlərin reallaşdırılması ölkəmizin mövqeyinin daha da möhkəmləndirilməsinə və beynəlxalq arenada Azərbaycanın imicinin yüksəldilməsinə xidmət edir. Bu gün vətənsevər hər bir azərbaycanlı sevinir ki, Azərbaycanın birinci xanımının bilavasitə təşəbbüsləri ilə dünyanın bir sıra ölkələrində çoxsaylı mədəni layihələr, xeyriyyəçilik aksiyaları uğurlu nəticələr vermişdir.
    1999-2009-cu illərdə UNESCO-nun baş direktoru olmuş Koişiro Matsuura Azərbaycanın birinci xanımı haqqında yüksək fikirlər söyləmişdir: “Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin qorunmasına və təbliğinə çalışmaqla təkcə öz xalqına xidmət etmir, eyni zamanda UNESCO-nun qarşıya qoyduğu vəzifələri icra edir. Bu vəzifələr isə, ümumiyyətlə, bəşəriyyətə xidmət etməkdən ibarətdir. Xanım Əliyevanın fəaliyyəti təqdir olunmalıdır”. Bir çox mükafatlarla təltif olunması – Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeninə, həmçinin bir sıra dövlətlərin və təşkilatların nüfuzlu təltiflərinə layiq görülməsi      Mehriban xanım Əliyevanın həyata keçirdiyi çoxşaxəli fəaliyyətinin bir hissəsi olmaqla onun gördüyü işlərə verilən dəyərdir.
    Sözün əsl mənasında, insanların inam yeri kimi nəcib bir missiyanı yüksək mənəvi məsuliyyətlə üzərinə götürərək şərəflə, əzmlə, təmənnasız həyata keçirən birinci xanım həm də sədaqətli həyat yoldaşı, qayğıkeş ana və nənədir. Onun “Ailə mənim üçün,  düşünürəm ki, elə hər kəs üçün istənilən şəraitdə həyatın əsas mənası və stimulu, istinad nöqtəsi və güc mənbəyidir” sözləri fond prezidentinin ailəyə verdiyi böyük qiymətin göstəricisidir və köməklik etdiyi hər bir ailə də bu yanaşmadan qaynaqlanır. 
    Tarixi Zəfərimizdən ötən dövrdə Heydər Əliyev Fondu yeni layihələrlə çıxış edir, tarixi Qələbəmizin ictimai, mənəvi-siyasi və diplomatik müstəvidə möhkəmləndirilməsi ilə əlaqədar zəruri işlərlə fəaliyyət istiqamətlərini daha da genişləndirib. Bu baxımdan Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad olunmasından sonra “Xarıbülbül” festivalının, Vaqif Poeziya Günlərinin yenidən keçirilməsi də milli sərvətimiz olan mədəni irsimizin təbliğinə yönələn faydalı təşəbbüslərin reallaşdırılması xüsusi qeyd olunmalıdır. 
    Ölkəmizin ərazi bütövlüyü, dövlətçiliyimizin, müstəqilliyimizin qorunması uğrunda şəhid olmuş igid Azərbaycan övladlarının xatirəsinin əbədiləşdirilməsi ilə bərabər, onların ailə­lərinin, eləcə də qazilərin sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan ardıcıl işlər Prezident cənab İlham Əliyevin və Mehriban    xanım Əliyevanın şəhidlərimizin ruhuna sonsuz ehtiram hissindən, şəhid ailələrinə, sağlamlığını itirmiş qazilərə böyük qayğısından irəli gəlir. Ölkə Prezidenti, həmçinin Mehriban xanım Əliyeva mütəmadi olaraq bu kateqoriyadan olan insanlarla görüşür, onları dinləyir, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün qayğılarını əsirgəmirlər. 
    “Gərəkli və faydalı olmaq, insanların sənə inanması və səni dəstəkləməsi xoşbəxtlikdir. Xoşbəxtlik vicdan və niyyətin təmiz olması, sevgi və xeyirxahlığın həyatın əsas qayəsinə çevrilməsidir”. Mehriban Əliyevanın bu sözləri bir daha təsdiqləyir ki, amalı xeyirxahlıq və kömək etmək olan birinci xanımın çoxşaxəli      fəaliyyəti bundan sonra da cəmiyyət həyatında müsbət dəyişikliklərin baş verməsinə istiqamətlənəcək. Özünün də dediyi kimi: “İllər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız – Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır”.
    Xalqın düşüncəsində qoşa addımlamaq əqidə birliyi, həmrəylik ifadəsi sayılır. Azərbaycan vətəndaşları Prezident cənab İlham Əliyevin və Onun ən yaxın silahdaşı və köməkçisi olan Mehriban Əliyevanın qoşa addımlarını firavan gələcəyimizin, əmin-amanlığın və növbəti uğurlarımızın əlaməti olaraq yüksək qiymətləndirir. Mehriban xanımın həyat amalı, tarixi missiyası Ulu Öndər Heydər Əliyevin qurduğu, Prezident cənab İlham Əliyevin uğurla bugünkü yüksəkliklərə ucaltdığı müstəqil Azərbaycanın xoşbəxt gələcəyi naminə xidmətlər göstərməkdən ibarətdir. Mehriban xanım Əliyevanın dediyi kimi:  “Ölkəyə və insanlara xidmət edirəmsə, yardıma ehtiyacı olanlara kömək etməyi bacarıramsa – bu mənim üçün ən yüksək mükafatdır”. 

Məhəbbət MİRZƏYEVA

Nəşr edilib : 21.02.2024 10:35