AZ EN RU

Neçə-neçə gənclərin yoluna mayak olan 20 yaşlı məktəb, yubileyin mübarək!

Bu məktəb hələ gəncdir. Cəmi 20 yaşı var. Tarixi uzaq keçmişə söykənməsə də bu gənc məktəbin yaşından böyük uğurları var. Bu təhsil məbədi xoşbəxtdir, xoşbəxt olduğu qədər də müqəddəs və əziz... Ona görə ki, mənalı həyatı və fəaliyyəti boyu canından çox sevdiyi Azərbaycanın çiçəklənməsi, güclü dövlətə çevrilməsi üçün çalışan və istədiklərinə nail olan Ulu Öndərimizin adını düz 20 ildir ki, şərəflə daşıyır. 20 ildə qoynunda neçə-neçə şagirdə qucaq açan, onlara elm, tərəqqi açarını bəxş edən bu müqəddəs təhsil ocağı Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına tam orta məktəbdir. Bu məktəbin ən böyük xoşbəxtliyi açılış mərasimində Ulu Öndər Heydər Əliyevin təhsil sahəsində müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin iştirakı idi. 20 il öncə – 2004-cü il, sentyabr ayının 2-də sadəcə, bir məktəb binası istifadəyə verilməyib, həm də həmin tarixdə Ümummilli Liderimizin təşəbbüsü ilə tikilən, onun adına ucaldılan bir abidənin açılışı olub. Açılış mərasimində ölkə başçısının “Bu məktəbin tikintisi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanıb. Heydər Əliyev bu məktəbin tikintisinə çox böyük diqqətlə yanaşırdı, istəyirdi ki, bu təhsil ocağı Azərbaycanda bir nömrəli məktəb olsu.” sözlərini, verdiyi tövsiyələri məktəbin kollektivi həyat amalına çevirərək sevgiylə çalışır, böyük məsuliyyətlə onlara əmanət edilən uşaqları dövrün tələbinə uyğun yetişdirir.

Deyirlər, insanı yetişdirən, formalaşdıran ilk ocaq ailə sonra məktəb və pedaqoji mühitdir. Müstəqil zövq, fərdi əqidə, əsl vətəndaşlıq səmimiyyəti, daim axtarışda olmaq marağı, bir sözlə, bütöv şəxsiyyət probleminin həlli məhz məktəbdən başlıyır. Elə bu məktəbin peşəkar heyəti də şagirdləri kamillik zirvəsinə səsləyir. Gözəl mənəviyyat timsalına çevirir, ümumbəşəri mədəniyyəti sevdirir. Azərbaycanlı mənliyini, Azərbaycançılıq ideyalarını özündə birləşdirən hərtərəfli inkişaf etmiş layiqli övlad olması üçün əlindən gələni əsirgəmir. Bu məktəb dostluğun çox böyük bir əhəmiyyət kəsb etdiyi, qarşılıqlı hörmətin olduğu, xoşbəxt bir ailə ab-havasını hiss etdirən isti bir ocaqdır. Burada ailə mühiti formalaşıb. Ailənin hər bir üzvü intellektual maraq, emosional stabillik və mənəvi hədəflərə əsaslanan  güclü şəxsiyyətlərin yetişməsinə xidmət edir.

Bu səbəbdəndir ki, hər tədris ili Heydər Əliyev adına tam orta məktəb yüksək nəticələrilə qürur duyur. İlk ən böyük nəticə məktəbin 2007-2008-ci tədris ilinin yekununa görə ölkəmizdə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmasıdır. 20 yaşlı bu məktəb artıq uzun illərdir ki, bir çox təhsil ocağı üçün nümunədir. Çünki bu məktəbdə gənclər sabahımızın təminatçısı kimi yetişdirilir.      

Kollektiv 9 may tarixində məktəbin yubiley tədbirinə böyük həvəslə hazırlaşırlar. Biz də yubiley ərəfəsində “Şərq qapısı” qəzeti olaraq kollektivin sevincinə, həyəcanına şərik olmaq üçün məktəbə üz tuturuq. Sevincini, qürurunu bizimlə bölüşən məktəbin direktoru Məlahət Rüstəmova deyir ki, fəaliyyətə başladığım dövrdən məktəbin kollektivi bu təhsil ocağında ölkə Prezidentinin tövsiyələrini əldə rəhbər tutaraq milli təhsilimizin tərəqqisi naminə çalışır, müstəqil dövlətimizin gələcəyi üçün bilikli, vətənpərvər, müstəqilliyimizin keşiyində durmağı vətəndaşlıq borcuna çevirən gənclər yetişdirilməsi üçün bütün imkanlarını səfərbər edir. Məktəbin müəllimləri unutmurlar ki, burada görülən hər bir iş Ulu Öndərin adına, Onun ideyalarına layiq olmalıdır. 20 il ərzində məktəbi yüksək qiymətlərlə bitirənlərdən fərqlənmə attestatı, “Qızıl” və “Gümüş” medal alan məzunlar etimadı yüksək səviyyədə doğruldurlar.

Şagirdlərinə fizika qanunlarının sirlərini öyrədən, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Raziyyə Hacıyeva məktəblilərin müxtəlif yarışlarda iştirakından, qazandıqları uğurlardan danışır:  – Məktəbimiz üçün uğurlu, yaddaqalan 20 ili geridə qoyduq, bu 20 ildə Heydər Əliyev adına tam orta məktəbdə güclü təhsil ənənələri yaradılıb. Hər il birinci sinfə qəbul edilən və orta təhsillərini başa vuran məzunlar məktəbin həyətində Ulu Öndər Heydər Əliyevin büstü önündə görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi yol ilə gedəcəklərinə and içirlər. Ali məktəblərdə təhsil alan tələbələrlə kollektivin görüşlərinin təşkil olunması bir ənənə şəklini alıb. Bu və digər belə tədbirlər şagirdlərdə elmə, təhsilə marağı daha da artırır. O da vurğulanmalıdır ki, məktəb təkcə savadlı məzun yetişdirməklə öz vəzifəsini bitmiş hesab etmir, məzunların dövlətçiliyimizə, müstəqilliyimizə, tarixi keçmişimizə, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda formalaşmasına çalışır.

Məktəbin 11-ci sinif şagirdi, bu tədris ilinin buraxılış imtahanında 295 bal toplayan Xavər Mikayilova da öz fikirlərini bizimlə bölüşür. Deyir ki, bütün abituriyentlər yüksək bal toplamaq, ali məktəb tələbəsi adını qazanmaq arzusunda olur. Onların hamısı uğurlu nəticə əldə edərək həm ailəsini, müəllimlərini sevindirmək, həm də istədikləri təhsil ocağında seçdikləri ixtisasda təhsil almaq istəyir. Mən də arzuma çatmışam, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamışam. Bu böyük uğura nail olmağımda orta təhsil aldığım Heydər Əliyev adına məktəbdə bizə elmlərin sirlərini öyrədən müəllimlərimin əməyi əvəzsizdir. Ali məktəblərə qəbulda yüksək nəticələr göstərən bütün sinif yoldaşlarım adından onlara minnətdarlığımı bildirir, inanıram ki, müəllimlərimizin bizə göstərdiyi etimadı doğruldacağıq.

Məktəbin 11-ci sinfində təhsil alan, buraxılış imtahanında 293 bal toplayaraq müəllimlərinin sevincinə səbəb olan digər şagird Murad Hüseynquliyev deyir ki, bizim yüksək səviyyədə təhsil almağımız üçün məktəbdə rahat şərait yaradılıb. Elektron lövhəli siniflər, kompüter otaqları, kimya, biologiya və fizika laboratoriyaları, zəngin kitabxana, hərbi kabinə,  şahmat sinifləri dərsləri əyani şəkilə qavramağımıza kömək edir. Müəllimlərimiz isə bizim yaxşı təhsil almağımız üçün çalışan fədakar insanlardır. Onların zəhməti qarşısında baş əyir, fədakar əməkləri üçün hər birinə təşəkkür edirəm.

 ...Məktəb insan həyatının ikinci dünyasıdır deyirlər. Həm də elə bir dünyadır ki, hər kəsin taleyində, həyatında mühüm rol oynayır, əvəzsiz xidmətləri ilə yaddaşlarda iz qoyur. Heydər Əliyev adına məktəb də neçə-neçə gənclərin yoluna işıq saçır, onların xoşbəxt gələcəyə addımlamasında körpü rolu oynayır. Biz də “Şərq qapısı” qəzeti adından məktəb kollektivinə uğurlarının axarlı olmasını diləyir, 20 yaşlı məktəbə neçə-neçə yubileylər arzu edirik!

Gülcamal TAHİROVA

Nəşr edilib : 08.05.2024 15:33