AZ EN RU

NDU-nun rektoru Elbrus İsayev “Açıq mikrofon” layihəsi çərçivəsində xarici tələbələrin suallarını cavablandırıb

Artıq bir ənənə halını alan layihə çərçivəsində bu dəfəki görüş ali təhsil ocağının əcnəbi tələbələriylə keçirilib. Tədbirdə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə, Ümumi işlər üzrə prorektor Xəyal Camalov, Tibb fakültəsinin dekanı İlhamə Mustafayeva iştirak ediblər.

Rektor qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil ocağı əcnəbi tələbələrin sayca üstünlüyü ilə digər universitetlərdən fərqlənir. Xarici tələbələrin həm tədris mühitində, həm də ictimai işlərdə xüsusi fəallıq göstərdiyi vurğulanıb. Elbrus İsayev bildirib ki, onlar yerli tələbələrlə bərabər Tələbə Elmi Cəmiyyəti xətti ilə müvafiq sahələr üzrə elmi işlər yazır, müəllimlərlə bərabər tədqiqat aparırlar, əlamətdar tarixi günlərdə keçirilən tədbirlərdə, idman və digər intellektual yarışlarda aktiv iştirak edirlər. Rektor vurğulayıb ki, xarici tələbələrin ekskursiyalarda, gəzintilərdə olması da daim diqqət mərkəzində saxlanılır. Muxtar respublikanın tanıdılması və təbliği istiqamətində təşkil olunan proqramlar həmçinin onların asudə vaxtlarının səmərəli təşkilinə də xidmət edir.

Sonra söz Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanovun

moderatorluğunda tələbələrə verilib. Elbrus İsayev 3 saat ərzində xarici tələbələrin 30-dan çox sualını ətraflı cavablandırıb, müraciət və təkliflərini dinləyib. Sualların çoxunu əcnəbi tələbələrin ən çox təhsil aldığı Tibb fakültəsinin tələbələri ünvanlayıblar.

Elbrus İsayev Türkiyə Ali Təhsil Qurumu ilə Naxçıvan Dövlət Universitetinin rəsmi qaydada həyata keçirilən münasibətlərindən danışıb. Qeyd

edilib ki, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də Türkiyə ilə əlaqələr əməli işlər üzərində qurulub. Tibb sahəsində qardaş ölkənin mükəmməl elmi və

təcrübi bazaya malik olan ali təhsil ocaqları ilə qurulan səmərəli əməkdaşlıq barədə ətraflı məlumat verilib. Rektor Türkiyənin nüfuzlu ali təhsil ocaqları ilə qurulan ikili diplom layihələrinin perspektivlərinə dair çıxış edib. Elbrus İsayev əcnəbi tələbələrin dərslərə davamiyyəti, hazırlıq vəziyyəti barədə öz təklif və tövsiyələrini çatdırıb.

Tələbələrin aidiyyatı sahələr üzrə bəzi suallarını universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə, Ümumi işlər üzrə prorektor Xəyal Camalov, Tibb fakültəsinin dekanı İlhamə Mustafayeva cavablandırıblar.

Səadət ƏLİYEVA

Media və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

Nəşr edilib : 15.03.2024 17:43