AZ EN RU

Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

    Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 13 oktyabr tarixli, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” 2011-ci il 7 fevral tarixli qərarlarında dəyişiklik edilmişdir.
    Nazirlər Kabinetinin 2023-cü il 5 iyul tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası ərazisində dövlət balansına alınmış qeyri-filiz faydalı qazıntı yataqları üzrə geoloji təftiş işlərinin aparılmasının, həmin yataqların qalıq ehtiyatlarının hesablanmasının, yeraltı suların monitorinqlərinin keçirilməsin zəruriliyi nəzərə alınaraq “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən Naxçıvan Muxtar Respublikası üzrə geoloji-kəşfiyyat işlərinin Dövlət Sifarişi” təsdiq edilmişdir.
    Bundan başqa, Nazirlər Kabinetinin 2023-cü il 19 iyul tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin hərbi rütbəyə görə aylıq vəzifə maaşlarına əlavənin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2021-ci il 23 dekabr tarixli Qərarı ləğv edilmişdir. 
    Nazirlər Kabinetinin 2023-cü il 21 iyul tarixli Qərarı ilə “Naxçıvan Beynəlxalq Hava Limanında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonun xidmətlərindən istifadə məsələləri haqqında” Nazirlər Kabinetinin 2021-ci il 12 noyabr tarixli Qərarında dəyişiklik edilmişdir. 
    Muxtar respublikada mobil cihazların qeydiyyata alınması ilə bağlı proseslərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na uyğun ölkə üzrə vahid formada həyata keçirildiyini nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 17 yanvar tarixli Qərarı ləğv edilmişdir. 
  Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür. 

 

Nəşr edilib : 31.07.2023 15:05