AZ EN RU

Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti may ayının son 15 günü ərzində bir sıra qərarlar qəbul edib. Belə ki, Nazirlər Kabinetinin 2023-cü il 16 may tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2009-cu il 11 dekabr tarixli Qərarında dəyişiklik edilib. Dəyişikliyə əsasən nazirliyin kollegiya üzvlərinin sayı 5 nəfərdən ibarət olaraq müəyyənləşdirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi və yenidən təşkil edilməsi ilə əlaqədar Nazirlər Kabinetinin 2023-cü il 17 may tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin işçilərinin aylıq vəzifə maaşlarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2021-ci il 11 noyabr tarixli, “Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin ştat cədvəli”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli qərarları ləğv edilmiş və Dövlət Vergi Xidmətinin Aparatının, Dövlət Vergi Xidmətinin yerli qurumların işçilərinin, həmçinin Dövlət Vergi Xidmətinin Aparatı və yerli qurumları üzrə xidmət heyətinin aylıq vəzifə maaşları təsdiq edilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il     17 may tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilmişdir. Dəyişikliyə görə “Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi” publik hüquqi şəxsin adı dəyişdirilərək “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” publik hüquqi şəxsi adı ilə əvəz edilmişdir. Eləcə də “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəz” və yeni yaradılan “Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilmişdir.

Həmçinin, Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nda edilmiş dəyişikliyə əsasən publik hüquqi şəxslər üçün vəsaitlərdən istifadə barədə hesabatlar aylıq, rüblük və ilin əvvəlindən artan yekunla iqtisadi təsnifat üzrə təqdim olunduğu halda, artıq rüblük və illik olaraq təqdim ediləcəkdir.

Nazirlər Kabinetinin 2023-cü il 23 may tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), xüsusi rütbəsi olan əməkdaşlarının, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 27 sentyabr tarixli Qərarında dəyişiklik edilmişdir. Dəyişikliyə görə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) və dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə maaşlarının məbləğləri yeni redaksiyada təsdiq edilmişdir.

 

Nəşr edilib : 01.06.2023 18:01