AZ EN RU

Nazirlər Kabinetinin məlumatı

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən yanvar ayının ikinci 15 günü ərzində bir sıra qərarlar qəbul edilmişdir.

Nazirlər Kabinetinin 19 yanvar 2024-cü il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Qərarında dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən heyvanlar aləminin obyektlərindən istifadəyə görə ödəmələr və qeyri-qanuni vəhşi heyvan ovuna görə tətbiq edilən cərimələr müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə dövlət fonduna və ya xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarına keçirilir.

Nazirlər Kabinetinin 22 yanvar 2024-cü il tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin işçilərinin say həddi cəmi 195 ştat vahidi olmaqla Nazirliyin Aparatının işçilərinin say həddi 65, Dövlət Maliyyə Nəzarəti İdarəsinin işçilərinin say həddi 25, yerli bölmələrinin işçilərinin say həddi 98, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin işçilərinin say həddi isə 7 ştat vahidi müəyyən edilmişdir.

Nazirlər Kabinetinin 29 yanvar 2024-cü il tarixli “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin muxtar respublika ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və təmiri, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi üçün xərclənməsi Qaydaları”nın təsdiq edilməsi” haqqında təsdiq edilmiş və “Naxçıvan Muxtar Respublikasının avtomobil yollarında nişanlanma xətlərinin ölçülərinin müəyyən edilməsi haqqında” Qərarı ləğv edilmişdir.

Nazirlər Kabinetinin 30 yanvar 2024-cü il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında inzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatının, Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin və Sədərək Rayon  Su Monitorinq Laboratoriyasının ştat cədvəllərinin təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı İdarəsinin yaradılması və nazirliyin tabeliyindəki bəzi qurumların ştat cədvəllərinin təsdiq edilməsi haqqında”, “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının təsdiq edilməsi haqqında”, “Bir sıra  təşkilatların, publik hüquqi şəxslərin və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan bəzi hüquqi şəxslərin ştat cədvələrinin təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən  Naxçıvan Muxtar Respublikasında inzibati orqanların Təsnifatına “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və Təbii Ehtiyatlardan istifadəyə Nəzarət Xidməti”, “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı və Biomüxtəlifliyin Qorunması İdarəsi daxil edilmişdir.

Nazirlər Kabinetinin mətbuat xidməti

Nəşr edilib : 01.02.2024 17:57