AZ EN RU

Nazir: Peşə təhsilindən digər təhsil pillələrinə keçidin təmin olunması üçün işlər aparılıb

Ermənistanın işğalı nəticəsində təhsil sisteminin daha çox peşə təhsili pilləsi zərbə alıb.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, uzun illər peşə təhsili müəssisələri məcburi köçkünlərin məskunlaşdığı məkanlar olub.

“Bu, peşə təhsilinin zəifləməsinə səbəb olub. Bəzən müqayisə edilir ki, sovet dövründə peşə təhsili güclü idi və bunun bərpası niyə mümkün deyil. Lakin bir şeyin bərpasındansa, onun səmərəli olması çox önəmlidir. Peşə təhsili ölkədə bir insanın təhsil alması üçün dalan rolu oynayır. Bir təhsil səviyyəsindən digərinə keçid çox önəmlidir. Əvvəllər uşaq 9-cu sinfi bitirib, peşə təhsili alırdısa, ondan sonra ali təhsilə gedə bilmirdi. Bunun üçün yenidən məktəbə qayıdıb X-XI sinifləri bitirməli idi. Prosesin belə olması peşə təhsilinə olan marağı da azaltmışdı. Peşə təhsilindən digər təhsil pillələrinə keçidin təmin olunması üçün işlər aparılıb. Hazırda peşə təhsilində subbakalavr təhsili yaradılıb”, - deyə nazir qeyd edib.

Emin Əmrullayev bildirib ki, bu gün ölkədə 150 mindən çox uşaq doğulursa, əvvəlki ortalamalara baxılanda onların 10-15 mininin peşə təhsilinə yiyələnməsini müşahidə olunur

Nəşr edilib : 13.12.2023 10:44