AZ EN RU

Nazir müavini: Qərb bölgəsi ilə Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin layihələndirmə işlərinə başlanılıb

Artıq bizim dəmir yolu üzrə mütəxəssislər iranlı həmkarlarla birlikdə Qərb bölgələri ilə Naxçıvanı birləşdirəcək dəmir yolu xətti üzrə layihələndirmə işlərinə başlayıb.

Bunu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində keçirilən “İkitərəfli ticarət dövriyyəsinin artırılmasında nəqliyyat və logistika mərkəzlərinin rolu” panelində çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Yanvarın 1-dən bütün ölkə üzrə elektron əmtəə nəqliyyat qaiməsinin yükdaşımalara şamil ediləcəyini deyən nazir müavini ötən il avtomobil daşımalarında 75 faiz, cari ildə 50 faiz artım müşahidə olunduğunu qeyd edib.

“Ötən ildən etibarən avtomobil daşımalarında müraciətlərin elektron formada qəbulu, icazələrin mümkün qədər qısa müddətdə verilməsi təmin edilib. Bu tip yüklər bəzən müşayiət və mühafizə də tələb edir. Bu səbəbdən proses bir qədər mürəkkəbdir. Lakin qeyd edim ki, ötən dövr ərzində 4 min 600-dən artıq avtomobillərə bu sistem vasitəsilə icazə verilib”, - deyə nazir müavini əlavə edib.

Nəşr edilib : 21.12.2023 15:20