AZ EN RU

Nazir müavini Elxan Nəcəfov: “Layihə müddətində 10 min ağac tinginin əkilməsi nəzərdə tutulur”

Xəbər verdiyimiz kimi, martın 6-da Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” və Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı “Yaşıl məktəb” layihəsinə start verilib. Açılış tədbirindən sonra Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, nazir vəzifələrini icra edən Elxan Nəcəfov “Şərq qapısı” qəzetinə müsahibə verib.

Nazir müavini bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə “Yaşıl məktəb” layihəsinin ilk hissəsinə başladıq. Bu layihə “Yaşıl dünya naminə həmrəylik ili” və Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı təsis olunub. Layihə çərçivəsində bu il muxtar respublikanın bütün təhsil müəssisələrində 10 min ağac tinginin əkilməsi nəzərdə tutulur.

Elxan Nəcəfov vurğulayıb ki, əkiləcək tinglərin təminatı, məntəqələrə çatdırılması baxımından, eyni zamanda ağacların relyefə və iqlimə uyğun olaraq əkilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən maarifləndirici məzmunda dəstək göstərilib. Bu gündən etibarən yaz və payız mövsümləri nəzərə alınmaqla ağacəkmə aksiyası keçiriləcək və ilin sonunda bunun hesabatı ictimaiyyətə çatdırılacaq.

“İnanırıq ki, Naxçıvan Muxtar Respublikasının iqliminin daha da sağlamlaşdırılması, yaşıllıqların artırılması, eyni zamanda təhsilalanların yaşıllaşdırma və təbiətə qayğı ilə bağlı maarifləndirilməsi yolunda bu layihə çox uğurlu olacaq, düzgün başa düşüləcək və mənimsədiləcək. Açılış tədbirində pedaqoji heyətə, şagirdlərə çatdırmaq istədik ki, bu layihənin məqsədi ağacın əkilməsi, qulluq edilməsi, böyüdülməsi, onların uzunömürlü yaşaması ilə əlaqədar davamlı olaraq üzərimizə düşən işi görməkdir. Düşünürəm ki, “Yaşıl məktəb” layihəsini növbəti illərdə də davam etdirməliyik”- deyə nazir müavini əlavə edib.

Nail ƏSGƏROV

Nəşr edilib : 06.03.2024 19:20