AZ EN RU

Nazir müavini: Azərbaycan xüsusi təhlükəli heyvan xəstəliklərinin aradan qaldırılması sahəsində də nailiyyətlər əldə edib

Qlobal təhlükələr və risklər, o cümlədən iqlim dəyişikliyi, su qıtlığı, quraqlıq, istiləşmə, səhralaşma, sənayeləşmə, ərzaq təhlükəsizliyi, xüsusilə beynəlxalq münaqişələr bəşəriyyət üçün prioritet sahələrdir. Təhdidləri və riskləri qabaqcadan görmək, onların baş verməsinin qarşısını almaq və minimum itki ilə onların təsirlərini tez bir zamanda aradan qaldırmaq bu gün diqqət mərkəzində olan ən vacib sahələrdəndir.

Bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq xəstəliyi üzrə yol xəritəsi ilə bağlı Bakıda keçirilən beynəlxalq tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatların və müvafiq dövlət qurumlarının əməkdaşlığı qida təhlükəsizliyinin idarə edilməsi, habelə heyvanların sağlamlığı və rifahı üçün beynəlxalq standartların və təlimatların hazırlanmasında mühüm əhəmiyyət kəsb edir.

"Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının bu sahələrdə xidmətləri yüksək qiymətləndirilməlidir. Xüsusi təhlükəli heyvan xəstəliklərinin qarşısının alınması ilə yanaşı, onların aradan qaldırılması sahəsində də Azərbaycan nailiyyətlər əldə edib. Bu uğurlardan biri Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Elm Komissiyasının Azərbaycan Respublikasını taun xəstəliyindən azad olma statusunu təsdiq etməsidir.

Ümid edirik ki, tədbir çərçivəsində Quba rayonunda dabaq xəstəliyi və xırdabuynuzlu heyvanların taununa dair simulyasiya tədbirində əldə edilmiş praktiki biliklər yerli mütəxəssislər üçün gələcəkdə faydalı olacaq", - deyə nazir müavini vurğulayıb.

Nəşr edilib : 02.07.2024 11:52