AZ EN RU

Nazir: Karbon emissiyalarının təxminən 2 faizi aviasiyanın payına düşür

Qlobal karbon emissiyalarının təxminən 2 faizi aviasiyanın payına düşür və son onilliklərdə bu göstərici dəmir yolu, avtomobil, dəniz nəqliyyatı ilə müqayisədə daha sürətlə böyüyür.

Bunu Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammiti çərçivəsində, COP29 prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

O qeyd edib ki, Azərbaycan COP29-un hamı üçün uğur hekayəsi olmasını təmin etmək üçün bütün ölkələr və maraqlı tərəflərlə fəal şəkildə əməkdaşlıq edir.

“COP29 sədrliyinin komandası bütün mövqeləri eşitmək üçün Afrika, Karib hövzəsinin kiçik ada dövlətləri, Mərkəzi Asiya, Avropa və Şimali Amerika da daxil olmaqla dünyanın müxtəlif bölgələrinə səfər edib. Biz bütün tərəflərin ehtiyaclarını ədalətli şəkildə təmsil etməyə sadiqik”, - deyə nazir vurğulayıb.

Muxtar Babayev qlobal aviasiya sənayesinin bütün liderlərini sıfır karbon emissiyasına nail olmaq çağırışının öhdəsindən qətiyyətlə gəlməyə çağırıb: “Səyləriniz və öhdəliyiniz aviasiya üçün davamlı gələcəyin formalaşdırılması üçün çox vacibdir. Biz birlikdə bütün dünyada hava hərəkətinin idarə edilməsinin səmərəliliyini artıra və ümumi iqlim məqsədlərimizə nail olmaq üçün böyük töhfə verə bilərik”.

Nəşr edilib : 12.06.2024 11:07