AZ EN RU

Nazir: İğdır-Naxçıvan qaz boru kəməri xətti Azərbaycan-Türkiyə qardaşlığının daha bir nümunəsidir

Özəl sektor tərəfindən icra edilən birgə layihələr hər iki ölkənin iqtisadiyyatının inkişafında mühüm rola malikdir. Bu layihələr qardaşlığımızın möhkəmlənməsi, qeyri-neft sektorunun inkişafı, rifahın yüksəldilməsi, rəqabətqabiliyyətli məhsul və yeni iş yerlərinin açılması deməkdir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov dekabrın 21-də Bakıda keçirilən Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

“Qürurla deyə bilərik ki, Azərbaycan və Türkiyənin birgə təşəbbüsü və iştirakı ilə həyata keçirilən, regional inkişafa və təhlükəsizliyə töhfə verən meqa layihələr qlobal əhəmiyyətə malikdir. Enerji sahəsində səmərəli əməkdaşlıq, imzalanan sənədlər, uğurla reallaşdırılan birgə təşəbbüslər və layihələr beynəlxalq arenada ölkələrimizin mövqeyini daha da gücləndirməklə yanaşı, regional enerji təchizatında mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, "Cənub Qaz Dəhlizi", TANAP layihələri Avropa və Asiya arasında enerji infrastrukturunun formalaşdırılmasında böyük əhəmiyyətə malikdir”, - deyə Mikayıl Cabbarov vurğulayıb.

Bu ilin sentyabrında Naxçıvanda hər iki ölkənin dövlət başçılarının iştirakı ilə təməli qoyulan İğdır-Naxçıvan qaz boru kəməri xəttinə toxunan nazir hazırda layihə üzrə tikinti işlərinin davam etdiyini vurğulayıb.

“Bu layihə Azərbaycan-Türkiyə qardaşlığının daha bir nümunəsidir. Bərpaolunan və “yaşıl” enerji üzrə əməkdaşlıq imkanlarının reallaşdırılması qarşılıqlı faydalı tərəfdaşlıqda mühüm istiqmətlərdəndir. Azərbaycanın xarici investorlarla əməkdaşlığı çərçivəsində alternativ və bərpaolunan enerji üzrə layihələrindən əldə olunan enerjinin gələcəkdə region ölkələrinə, o cümlədən Türkiyə və Avropaya ixracı mümkündür”, - deyə nazir əlavə edib.

Nəşr edilib : 21.12.2023 11:49