AZ EN RU

Nazir: Azərbaycanla Serbiya arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları genişdir

Ötən illə müqayisədə bu ilin ilk altı ayında ticarət dövriyyəmiz beş dəfə artıb. Bu artımda həm Azərbaycandan Serbiyaya ixrac edilən məhsulların, həm də Serbiyadan Azərbaycana idxal edilən məhsulların çeşidləri böyük rol oynayır. Eyni zamanda, ölkələrimiz arasında nəqliyyat əməkdaşlığının genişləndirilməsi, həm hava, həm dəmir yolu, həm də avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yükdaşımaların artırılması imkanları müzakirə edildi. Hər iki ölkənin turizm potensialı məsələlərinə də toxunuldu.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Serbiya arasında Hökumətlərarası Komissiyanın 8-ci iclasının nəticələrinə dair brifinqdə söyləyib.

Nazir bildirib ki, Azərbaycanla Serbiya arasında mədəniyyət, gənclər, sosial siyasət, səhiyyə və digər istiqamətlər üzrə də müxtəlif əməkdaşlıq imkanları genişdir: “Selakoviçin Azərbaycana səfəri çərçivəsində bütün bu sahələrdə olan imkanlardan yararlanmaq üçün silsilə tədbirlər həyata keçiriləcək. Serbiya ilə Azərbaycan arasında əlaqələr həm siyasi, həm iqtisadi, həm humanitar sahələrdə ən yüksək səviyyədədir. Bugünkü hökumətlərarası komissiyamızın iclası bir daha göstərdi ki, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialımız var. Komissiyanın növbəti iclası Belqradda olacaq. Növbəti il üçün aidiyyəti dövlət qurumlarımızın hər birinin artıq tədbirlər və iş planı var, hər bir qurumumuz öz sahəsində Serbiya-Azərbaycan əlaqələrinin genişləndirilməsi üçün əməli addımlar atacaq”.

Nəşr edilib : 25.07.2024 15:10