AZ EN RU

Nazir: Azərbaycan ilə Qırğızıstan arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişafı üçün geniş perspektivlər mövcuddur

Martın 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Qırğızıstan arasında həm ikitərəfli müstəvidə, həm də çoxtərəfli platformalarda əməkdaşlığın aktual məsələləri, habelə müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib.

Nazirlər ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluqlarını ifadə edib, vaxtaşırı həyata keçirilən siyasi məsləhətləşmələrin, habelə yüksək səviyyəli səfərlərin və siyasi dialoqun bu münasibətlər üçün vacibliyini vurğulayıblar.

Ceyhun Bayramov Azərbaycan ilə Qırğızıstan arasında humanitar, siyasi, ticarət və digər sahələrdə əməkdaşlığın daha da inkişafı üçün geniş perspektivlərinin mövcud olduğunu qeyd edib.

Nazir, həmçinin çoxtərəfli platformalarda iki ölkənin bir-birinin mövqeyinə verdiyi qarşılıqlı dəstəkdən məmnunluq ifadə edib, habelə BMT və Türk Dövlətləri Təşkilatı kimi platformalarda əməkdaşlığın vacibliyini vurğulayıb, bu il Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatı dövlət və hökumət başçılarının sammitinin əhəmiyyəti qeyd olunub.

Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi barədə məlumat verilib, bu çərçivədə əməkdaşlıq imkanları dəyərləndirilib.

Nazirlər, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə bərpa-yenidənqurma məsələlərini müzakirə ediblər.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 01.03.2024 12:50