AZ EN RU

Nazir: Artıq özəl tibb müəssisələrində də ambulator və stasionar psixiatriya xidməti göstərilir

Səhiyyə Nazirliyi tərəfindən respublikada psixiatrik xidmətin yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilməkdədir. Həyata keçirilən tədbirlər nəticəsində “Psixiatriya” ixtisası üzrə rezidentura təhsilinin müddəti 2 ildən 3 ilə artırlıb, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”na yeni “Uşaq və yeniyetmə psixiatriyası” ixtisası əlavə edilib. Nazirlikdə “Müharibə əlilləri, yaralıları və şəhid ailələri ilə iş sektoru və “9109 Çağrı Mərkəzi” yaradılıb.
Bu sözləri səhiyyə naziri Teymur Musayev “Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Nazir bildirib ki, tibbi xidmətin əlçatanlılığın və keyfiyyətinin artırılması, bu sahədə illərlə formalaşmış stiqmanın aradan qaldırılması məqsədilə artıq bir müddətdir ambulator və stasionar psixiatriya xidməti dövlət tibb müəssisələri ilə yanaşı, özəl tibb müəssisələrində də göstərilir. Həmin müəssisələr həm Bakı şəhərində, həm də regionlarda yerləşir.

Nəşr edilib : 01.04.2024 12:09