AZ EN RU

Naxçıvantəpə arxeoloji qazıntlar davam edir

Naxçıvan şəhəri ərazisində yerləşən Naxçıvantəpə qədim yaşayış yerində arxeoloji qazıntılar başlanmışdır. Naxçıvantəpədə arxeoloji qazıntılar Naxçıvan MR Ali Məclisinin hörmətli Sədri Vasif Talıbovun tövsiyyəsi ilə AMEA Naxçıvan Bölməsində yaradılan yerli arxeoloji ekspedisiya tərəfindən davam etdirilməkdədir. Naxçıvan şəhəri ərazisində məskunlaşma tarixinin öyrənilməsi üçün əhəmiyyətli olan  bu abidənin tədqiqi 2017-ci ildən başlanmış, lakin pandemiya ilə əlaqədar tədqiqat işləri yarımçıq qalmışdır. Naxçıvantəpə yaşayış yerinin tədqiqi olduqca əhəmiyyətli nəticələr vermişdir. Tədqiqat zamanı Naxçıvan şəhəri ərazisində e.ə. VI minillikdən başlayaraq məskunlaşma olduğu müəyyən edilmişdir. Naxçıvantəpə yaşayış yerinin tədqiqi zamanı həmçinin indiyədək Cənubi Qafqaz və Azərbaycanda məlum olmayan, dünya alimlərinin marağına səbəb olan Dalmatəpə mədəniyyəti aşkar olunmuşdur. Yaşayış yerində aparılan araşdırmalar zamanı başmanaxışlı keramika ilə xarakterizə olunan Qarabağın Neolit mədəniyyətinin Dalmatəpə mədəniyyətinin formalaşmasında mühüm rol oynadığı, həmçinin Naxçıvan, Qarabağ, Zəngəzur və Urmiya hövzəsinin Azərbaycanda formalaşan mədəniyyətlərin arealına daxil olduğu, Zəngəzur və Göyçə obsidianının başlıca olaraq Naxçıvan, Qarabağ və Urmiya hövzəsinin sakinləri tərəfindən istifadə olunduğu təsdiq edilmişdir. 2022-ci ilin iyun ayından başlanan tədqiqat işləri zamanı yarımqazma tipli evin qalıqları, basmanaxışlı və boyalı keramika nümunələri aşkar olunmuşdur. Naxçıvantəpə yaşayış yerində aşkar olunan arxeoloji tapıntılar Naxşıvan şəhərinin hələ qədim Azərbaycanın tərkibində olduğunu və Azərbaycanda yayılan mədəniyyətlərin əsas mərkəzi olduğunu təsdiq edir.

Xəbərlər şöbəsi

 

Nəşr edilib : 05.07.2022 17:54