AZ EN RU

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılmasından 10 il ötür

    “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə muzeyin direktoru Rəhim Rəhimov açıb. Bildirib ki, Naxçıvanqala tarixən təkcə müdafiə məqsədi daşımayıb, eyni zamanda bu tarixi ərazidə formalaşmış ilkin şəhər mədəniyyətinin ayrılmaz elementinə çevrilib. Naxçıvana gələn səyyahların verdikləri məlumata görə, Naxçıvanqala XVII əsrin ortalarınadək müdafiə istehkamı kimi mövcud olub. 2010-cu ildən tarixi abidənin bərpasına başlanılıb. 7 aprel 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə  “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin açılışı olub.
    Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın tarixinin öyrənilməsi, tarixi-mədəni irsinin qorunub saxlanılması sahəsində mühüm işlər görülüb. Bu gün Prezident cənab İlham Əliyev tərəfindən tarixi abidələrimizin bərpası, qorunması, tədqiqi və təbliği sahəsində mühüm işlər həyata keçirilir. Son illər dünya əhəmiyyətli daşınmaz tarix-mədəniyyət abidələrinin bir neçəsi YUNESKO-nun siyahılarına salınıb.
    Sonra “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədovanın  “Abidələr bizim milli sərvətimizdir”,  “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin baş fond mühafizi-elmi işçisi Murad Nəcəfzadənin “Muzeylər milli sərvətimizdir” mövzularında çıxışları dinlənilib.
    Sonda tədbir iştirakçıları kompleksin ekspozisiyası ilə tanış olublar.

Naxçıvan Muxtar Respublikası
 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 06.06.2023 09:59