AZ EN RU

Naxçıvanlıların gerçəkləşən arzusu – “Ümid” körpüsü

    Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əlaqələrin genişlənməsi üçün atılan ən mühüm addımlardan birindən – Araz çayı üzərində tikilmiş körpüdən bəhs etmək istəyirik. Onun tikilməsinin təşəbbüskarı isə görkəmli dövlət xadimi Heydər Əliyev olmuşdur. Bir qədər geriyə qayıdaq. Körpünün tikintisi ilə bağlı iki ölkə arasında razılaşma əldə olunmuş, bu məqsədlə 1991-ci il 30 dekabr tarixli Sərəncam imzalanmışdır. Sərəncamda göstərilir: “Azərbaycan Dövlət Baş Layihə İnstitutunun Naxçıvan filialı tərəfindən layihə-smeta sənədləri hazırlanmış, Nazirlər Kabineti yanında Əsaslı Tikinti İdarəsi tərəfindən təqdim edilmiş Türkiyə sərhədində Araz çayı üzərində tikiləcək körpünün ümumi smeta dəyəri 549 min manat, o cümlədən tikinti-quraşdırma işləri 390 min manat dəyərində təsdiq edilsin”.

    ...Körpünün açılışının 28 may tarixinə təyin edilməsi rəmzi məna daşıyırdı. Açılışın ilk dəfə Şərqdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması gününə salınması heç də təsadüfi deyildi. Bu hadisə iki dövlət, bir millət olan böyük bir Turan birliyinin ilk təməl daşlarından idi.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 28 may 1992-ci il tarixdə Türkiyə Cümhuriyyətinin baş naziri Süleyman Dəmirəlin və Türkiyədən gələcək qonaqların Naxçıvana ziyarətinin proqramı hazırlanmış, proqramda qonaqların Azadlıq meydanında Naxçıvan əhalisi ilə görüşünə 1 saat vaxt ayrılması və Naxçıvan Muxtar Respublikası Ali Məclisində danışıqlar xüsusi yer almışdı.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin 4 aprel 1992-ci il tarixli Türkiyə Cümhuriyyətinə rəsmi səfəri və Azərbaycanla bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında 24 mart 1992-ci il tarixli Ankara ilə Əməkdaşlıq haqqında Heydər Əliyevin imzaladığı Qərarda deyilir:
    “1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin Türkiyə Cümhuriyyətinə rəsmi səfəri Türkiyə Cümhuriyyətinin Prezidenti Turqut Özalla, Türkiyə Cümhuriyyətinin baş naziri Süleyman Dəmirəllə və digər rəsmi şəxslərlə aparılmış danışıqlar bəyənilsin.
    2. Azərbaycanla bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında 1992-ci il martın 24-də Ankarada imzalanmış Qardaşlıq Protokolu təsdiq edilsin.
    3. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında mövcud Dostluq, əməkdaşlıq və yaxın qonşuluq Müqaviləsinin, iki ölkə Xarici İşlər nazirlikləri arasındakı tarixi və mədəni qardaşlıq əlaqələri əsasında Türkiyə Cümhuriyyəti ilə Naxçıvan Muxtar Respublikası arasında imzalanmış Ankara Əməkdaşlıq Protokolunu böyük tarixi əhəmiyyətə malik tarixi sənəd kimi qəbul edir və yüksək qiymətləndiririk”. 
    Qeyd olunur ki, Azərbaycan Respublikasının, onun tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasının ağır iqtisadi böhran vəziyyətində olduğu bir dövrdə Türkiyə Cümhuriyyəti hökumətinin Naxçıvan Muxtar Respublikasına böyük maliyyə, maddi-texniki yardım göstərməsi Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına, böhrandan çıxmasına, əhalinin rifah halının yaxşılaşdırılmasına geniş imkan yaradacaqdır.
    1992-ci il may ayının 28-də körpünün rəsmi açılışına Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəl başda olmaqla Türkiyədən Naxçıvana böyük dövlət nümayəndə heyəti gəlmiş, Türkiyə Cümhuriyyətinin, Azərbaycan Respublikası rəhbərliyinin, Araz çayının o tayında, bu tayında toplanmış Naxçıvanın və Türkiyənin əhalisinin iştirakı ilə körpünün rəsmi açılışı olmuşdur. Körpünün salınmasında əsas məqsəd Azərbaycan ilə Türkiyə arasında sərhəd-keçidini istifadəyə verməklə  Araz çayı üzərində Sədərək-Dilucu istiqamətində avtomobil nəqliyyatının hərəkəti üçün şərait yaratmaq idi. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyəti Sədərək-Dilucu körpüsünün yaranmasını böyük əhəmiyyətə malik olan bir hadisə kimi qiymətləndirir və qeyd edir ki, bu körpü Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında iqtisadi, mədəni, insani əlaqələrinin genişlənməsinə və inkişaf etməsinə, Araz çayının hər iki tayında olan qardaş xalqların bir-birinə yaxınlaşmasına xidmət edəcəkdir. 
    Beləliklə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyəti qərara alır:
    “İstifadəyə verilmiş Sədərək-Dilucu körpüsü Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında rəsmi sərhəd-keçid qapısı elan edilsin”. 
    Az sonra Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında Sədərək-Dilucu sərhəd-keçid qapısının işinin təşkili haqqında qərar verildi. Qərarda göstərilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin 1992-ci il 9 iyul tarixli Qərarı ilə Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında Sədərək-Dilucu körpüsü sərhəd-keçid qapısı rəsmi elan edilsin.
    1992-ci il iyul ayının 13-də Naxçıvan Muxtar Respublikasının səlahiyyətli nümayəndə heyəti ilə Türkiyə Cümhuriyyətinin Qars vilayətinin səlahiyyətli nümayəndə heyəti arasında Sədərək-Dilucu keçid qapısının istifadə olunması haqqında protokol imzalanmışdır. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Naxçıvan əhalisinin körpüdən keçib getməsi ilə əlaqədar 9 maddədən ibarət olan qərarında göstərilir ki, 1992-ci il iyul ayının 24-dən etibarən Sədərək-Dilucu körpüsündən Naxçıvan Muxtar Respublikası əhalisinin, bütün Azərbaycan vətəndaşlarının sərbəst keçməsinə icazə verilsin. Naxçıvan Muxtar Respublikasının sakinləri Sədərək-Dilucu körpüsündən vətəndaşlıq pasportlarına əlavə olunan xüsusi içlik əsasında Türkiyə Cümhuriyyətinə keçə bilərlər. Ümumiyyətlə, Naxçıvan əhalisinin, həmçinin minik avtomobillərinin, sərnişin daşıyan avtobusların, eləcə də Azərbaycan Respublikası, Müstəqil Dövlətlər Birliyi vətəndaşlarının körpünü keçməsi üçün ayrı-ayrılıqda dövlət rüsumu müəyyənləşdirilmişdir. Bu rüsumlardan gələn gəlirlər Naxçıvan iqtisadiyyatının sabitləşməsi fonduna köçürülsün. 
    Xalqını düşünən, onun maddi rifahı naminə yollar axtaran Ulu Öndərimizin müdrik siyasətinin nəticəsi kimi 1992-ci ilin mart ayında Ankarada imzalanan protokolun parlaq təzahürü idi ki, Türkiyə Cümhuriyyəti ilə Naxçıvan Muxtar Respublikası arasında ticarət, iqtisadi və digər əlaqələr genişlənir, müştərək müəssisələr qeydə alınırdı. 
    Araz çayı üzərində Sədərək-Dilucu körpüsünün açılmasından sonra Naxçıvan və Türkiyə Cümhuriyyəti arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün 1993-cü ilin mart ayının 12-də Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyətinin İqdır vilayəti arasında sərhədyanı ticarətin təşkili ilə bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Şəmsəddin Xanbabayev və İqdır vilayətinin valisi Ərdoğan İzki başda olmaqla protokol imzalandı. Bundan sonra Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti 1993-cü il 7 may tarixli Qərar imzalayır. Qərarda ticarətin təşkili 7 maddədə özünü əks etdirirdi. Həmçinin Türkiyə Cümhuriyyətindən Naxçıvan Muxtar Respublikasına gətiriləcək və yaxud buradan aparılacaq malların siyahısı qərara əlavə edilmişdi. Bu, dostun dosta, qardaşın qardaşa uzatdığı yardım əli idi. 
    Naxçıvan Muxtar Respublikasında Türkiyə Cümhuriyyətində istehsal olunmuş malların sərgisinin təşkil edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 1994-cü il 6 yanvar tarixli Qərarında göstərilir ki, Türkiyə ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 1992-ci ilin mart ayında Ankara şəhərində Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəl və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev tərəfindən imzalanmış protokol bu əlaqələrin daha da möhkəmlənməsinə təkan vermişdir. Həmin protokolun icrası ilə əlaqədar olaraq Türkiyə 1994-cü ilin iyun ayında Naxçıvan şəhərində bu ölkədə istehsal olunmuş malların bir  həftəlik sərgisinin təşkil edilməsi təklifini qəbul etmişdir. 
    Ulu Öndərin naxçıvanlıların çətin günlərində onlara arxa, pənah olması yolunda körpünün açılması hələ ilk addım idi. Ümid körpüsü açılandan sonra Naxçıvan Muxtar Respublikasının məktəblərindən ən yaxşı oxuyan məzunlar Türkiyənin sayılıb-seçilən universitetlərinə qəbul oldular. 
    Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında Sədərək-Dilucu sərhəd-keçid qapısının işinin təkmilləşdirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 1992-ci il 20 iyul tarixli Qərarına əlavədə Türkiyə Cümhuriyyətində oxuyan tələbələr haqqında 8-ci maddədə yazılır: “Naxçıvan Muxtar Respublikasından gedib Türkiyə Cümhuriyyətinin müxtəlif təhsil ocaqlarında oxuyan tələbələr dövlət rüsumu ödəmirlər, bunun üçün tələbə biletləri təqdim etməlidirlər”.
    Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası arasında bağlanmış 1992-ci il 20 iyul tarixli Qərarına əlavə olaraq Naxçıvan Sərnişindaşıma Avtonəqliyyat müəssisəsi ilə “Türkiyə Kooperativi”, “İqdırlı Turizm Avtobus İşlətməsi” şirkəti ilə bağlanmış qarşılıqlı müqaviləyə əsasən Naxçıvan-İqdır və İqdır-Naxçıvan marşrutu fəaliyyət göstərməyə başladı. 
    Ümummilli Liderimizin 1996-cı ildə Prezident seçildikdən sonra ilk dəfə Naxçıvana gəlişi naxçıvanlılar üçün toy-bayrama çevrildi. Gəlişinin əsas məqsədi bəşəri ideyalar carçısı, dahi Hüseyn Cavid xatirəsinə inşa edilmiş məqbərənin açılışı idi. Hüseyn Cavid sənətinə yüksək qiymət verən görkəmli dövlət xadiminin şairin nəşinin 1982-ci ildə Azərbaycana gətirilməsinin, Naxçıvanda dəfninin, məqbərənin tikintisinin təşəbbüskarı və himayədarı kimi çox böyük xidmətləri olmuşdur.
    Xalqımızın dahi oğlu məqbərənin açılışında ölkələrimiz arasında dostluq, qardaşlıq əlaqələrinin olmasından, bu əlaqələrin günü-gündən möhkəmlənib inkişaf etməsindən danışır: “Naxçıvan ağır vəziyyətdə, blokada şəraitində olduğu bir zaman muxtar respublikanın başçısı kimi o vaxt mən Türkiyəyə, İrana müraciət etdim. O ağır dövrdə onların dövlət, hökumət başçılarının yardımı ilə biz lazımi kömək alırdıq. Biz Türkiyə Cümhuriyyəti ilə birlikdə həsrət, ümid körpüsü deyilən körpünü tikdik. Naxçıvan Muxtar Respublikasının ərazisindən Türkiyə ilə Azərbaycanı bağlayan yol açılıbdır. Bu yol indi böyük dostluq, qardaşlıq yolu olubdur, ölkələrimizi bir-birinə bağlayan yol olubdur. O həm Türkiyə üçün, həm də Azərbaycan, Naxçıvan üçün çox böyük əhəmiyyət kəsb edir.
    Bu gün Türkiyənin milli bayramıdır, Türkiyə Cümhuriyyətinin yaranmasının 73-cü ildönümüdür. Türkiyə Cümhuriyyətindən millət vəkili, İqdır vilayətinin valisi və başqa nümayəndələr burada iştirak edirlər. Bu gün mən Türkiyə xalqını, dövlətini, qardaş Türkiyə Cümhuriyyətini bayram münasibətilə təbrik edirəm. Azərbaycan xalqının, dövlətimizin Türkiyə xalqına hörmət və ehtiramını bildirirəm.” 
    Ümummilli Lider, həmçinin açılışda oturacağının sahəsi 5x6 metr, hündürlüyü 12 metr olan, ağ mərmərdən inşa edilmiş, 4 milyon ABŞ dollarına başa gələn bu möhtəşəm abidəni uğurla tikib başa çatdırdıqları üçün Türkiyənin “Star” şirkətinə də öz təşəkkürünü bildirmişdi.
    Ulu Öndər Heydər Əliyevin Naxçıvana 2002-ci ilin avqustunda səfəri də, təbii ki, Naxçıvanda əhali tərəfindən böyük sevinclə qarşılanmışdı. Bu səfər zamanı müxtəlif obyektlərin inşası ilə bağlı bir çox mühüm qərarların verilməsi blokada şəraitində olan muxtar respublikanın iqtisadi inkişafına təkan verəcəkdi.
    Səfər zamanı Ümummilli Lider Sədərək rayonunda sakinlərlə görüşündəki çıxışında demişdir: “ Yadınızdadır, Naxçıvan blokada şəraitində idi. Mənim özüm də çox ağır vəziyyətdə yaşayırdım. Bizi onda nəinki ermənilər sıxırdılar, bir tərəfdən də Azərbaycanın rəhbərləri sıxırdılar. Bunlar hamısı xatirinizdədir.
    Yəqin, xatirinizdədir ki, 1992-ci il mayın 17-dən 18-nə keçən gecə buraya ermənilər hücum etdilər. Orada dağın üstündə postlara, Mil təpəsinə hücum etdilər. Bizim oradakı əsgərlərimizdən 8 nəfər həlak oldu. Yadınızdadırsa, orada 40 gün atışma getdi. O vaxt mən bütün dünyaya haray saldım. Biz körpü tikmişdik. Hələ körpü açılmamışdı. Ancaq o körpüdən Türkiyədən nə qədər müxbirlər tökülüb Naxçıvana, həmin döyüş yerinə gəldilər. Onda bizim nəyimiz vardı? Ordumuz yox idi, silah-sursatımızı oradan-buradan yığmışıq. Amma o döyüşdə sədərəklilər yəni naxçıvanlılar – təkcə sədərəklilər yox, onda mən buraya bütün Naxçıvanı tökmüşdüm, – hamı bir yerdə döyüşürdü, onları susdururdular.
    Yadımdadır, sonra mən Türkiyəyə gəlmişdim, orada mənə dedilər ki, Arazın o tərəfindən biz görürdük, siz atəş açırdınız. Armaş sizin atəşlərlə yandı, İqdırdan onun yandığını gördük. Bəli, biz o vaxt onları susdurduq. Ondan sonra atəş dayandı. O vaxt bu atışmanın başqa səbəbləri də olmuşdu”.
    Sədərək sakinləri ilə görüşdən aydın olur ki, Ulu Öndər Heydər Əliyev beynəlxalq aləmə bu döyüşlə bağlı haray salmış, Qırmızı Xaç və Qızıl Aypara təşkilatlarının nümayəndələrinin köməyi ilə meyidlər götürülmüş, döyüşdə yaralananlar müalicə üçün Türkiyəyə göndərilmiş, Ərzurum xəstəxanasında yerləşdirilmiş, müalicə alaraq Naxçıvana qayıtmışdılar. 
    Ümumiyyətlə, Ulu Öndərimiz, müstəqil Azərbaycan Respublikasının memarı Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ötən əsrin 90-cı illərindən bir soydan olan bir millət, iki dövlət kimi Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əlaqə rolunu oynayan Sədərək-Dilucu – “Ümid” körpüsünün tikilib istifadəyə verilməsi blokada şəraitində yaşayan naxçıvanlılar üçün qurtuluş körpüsü oldu. Ulu Öndər istər Naxçıvanda işlədiyi zaman, istərsə də Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bu qədim Oğuz yurdunu heç zaman yaddan çıxarmamış, əbədiyyətə qovuşduqdan sonra Onun layiqli davamçısı Prezidentimiz cənab İlham Əliyev əsası Ulu Öndər tərəfindən qoyulan Türkiyə-Azərbaycan dostluğunu davam etdirmiş, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın yanında olmuş, onun haqq səsini dəstəkləmişdir. Həmçinin Azərbaycan da demokratik seçkilərdə səs çoxluğu ilə yenidən Prezident seçilmiş Ərdoğanın türkçülük ideyalarını, dövlətçilik siyasətini dəstəkləyir. Bu dostluq əbədidir.

Zülfiyə İSMAYILOVA
Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin əməkdaşı

Nəşr edilib : 29.08.2023 19:54