AZ EN RU

Naxçıvanlılar düşmən qarşısında əyilmədilər

Naxçıvan deyəndə məğlubedilməzliyi, qəhrəmanlığı, torpaq sevgisi, vətənsevərliyi ilə özünü təsdiq edən Oğuz türkünün şanlı tarixini özündə yaşadan tarixi bir yurd gəlir gözlər önünə. O Naxçıvan ki hər daşında ox nişanı, şəhid qanı var. O Naxçıvan ki dəfələrlə düşmən hücumuna sinə gərib, yüzlərlə övladını Vətən yolunda qurban verib, amma mətanətini itirməyib. Məğrur Əlincəsi, tarixə naxış salan Əcəmisi, dünyaya dövlətçilik dərsi verən Atabəyləri ilə anası Azərbaycanın döyünən ürəyi, tarixboyu türk-islam aləminin alınmaz qalası, tarixin uzun bir dövründə Azərbaycan dövlətçiliyinin əməl və yaddaş mərkəzi olub. Bu şanlı missiya bu gün də davam etməkdədir. 

    Elə məhz buna görədir ki, bu müqəddəs Nuh məkanının dəyəri düşmənlərimizə də əyan olub. Bu səbəbdəndir ki, yüz illər boyu bu torpaqlara sahiblənməyə çalışıblar, ancaq acı məğlubiyyətdən basqa heç nə əldə edə bilməyiblər. Doğma yurdumuz tarixboyu torpağımıza göz dikənlərə qeyrətdən, Vətən sevgisindən, torpaq təəssübkeşliyindən ucaldılmış bir sədd olub. Çünki bu yurdun hər daşı sevgidən, Vətən məhəbbətindən, palçığı şəhid qanından yoğrulub. Odur ki, Qədim Nuh yurdunun tarixinin hər səhifəsində min-min salnamə var. Bu salnamələr bir yerə toplananda isə qədim diyar haqqında ümumi bir fikir formalaşır: Bura VƏTƏNDİR! Bura Nəqşicahandır! O Nəqşicahan ki uzun illər boyu buradan yolu düşən dosta qürur, düşmənə gözdağı, tarixboyu Azərbaycanın yenilməz, ərən qalası, vətənsevərliyi, dönməzliyi ilə nümunə olub. 

Tarixin qəhrəman, vətənpərvər Naxçıvanı

Tarixin bütün dövrlərində öz cəsarəti, Vətən sevgisi ilə seçilən naxçıvanlılar dəfələrlə qədim yurda qarşı olan hücumlara sinə gərmiş, onu anası Azərbaycandan ayırmaq istəyənlərlə mətinliklə mübarizə aparıb, qalib gəliblər. Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı illərdə mənfur, məkrli qonşusu ermənilərin ərazi iddiaları ilə üz-üzə gələn naxçıvanlılar öz qəhrəmanlıq salnaməsində daha bir səhifə açdılar. Həmin vaxtlar Azərbaycan Xalq Cümhuriyyəti düşdüyü çətin vəziyyətlə əlaqədar olaraq Naxçıvana lazım olan köməyi göstərə bilmirdi. Naxçıvan əhalisi, yerli ziyalılar erməni daşnaklarına qarşı inadla mübarizə apardı və mənfur düşmən öz arzusunu reallaşdıra bilmədi. Erməni quldurları kəndlərimizə hücumlar edib tarixdə görülməmiş soyqırımlar törətsələr də sakinlər öz canları bahasına onları qovub yurdumuzdan çıxardılar. Həmin illərdə naxçıvanlıların qəhrəmanlığı haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nümayəndəsi Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışında deyirdi: “İgid naxçıvanlılar, şərurlular bütün çətinliklərə özləri qalib gəldilər, onlar həyatlarını, ailələrinin şərəfini, var-dövlətlərini riskə qoyaraq doğma torpağa, Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar. Güman edirəm ki, haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra naxçıvanlıların qanuni hüquqlarını danmayacaqlar”.   
    Naxçıvanlıların qəhrəmanlığını mənfur düşmənin özü belə etiraf edirdi. “Müsəlman Naxçıvanı və Şərurunda inzibati tədbirlərlə qayda-qanun yarada bilmədik, silaha əl atmağa, qoşun yeritməyə, dağıtmağa və qırğın törətməyə məcbur qaldıq. Şərur, Naxçıvan kimi mühüm yerlərdə öz hakimiyyətimizi, hətta silah gücünə qura bilmədik, məğlub olub geri çəkildik”, – deyən Ermənistanın birinci baş naziri O. Kaçaznuni bu sözlərinə görə hələ də erməni ictimaiyyəti tərəfindən qınanır. Ən çətin dövrlərindən birini 1918-ci ildə yaşayan Naxçıvan sovet əsarətinə keçəndən sonra torpaqları keçmiş sovet rejiminin rəhbərlərinin əli ilə hissə-hissə düşmənə verilib ana Vətəni Azərbaycandan coğrafi cəhətdən ayrılsa da, Naxçıvan yenə də öz ana Vətəninin alınmaz qalası olaraq qaldı. 

Atalardan oğullara qalan ərməğan:

sıx birlik, torpaq təəssübkeşliyi

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan çətin sınaqlardan birini də keçən əsrin 80-ci illərində yaşadı. Sovetlər ittifaqının son illəri isə naxçıvanlıların yaddaşına çətinliklər, məhrumiyyətlər, qanlı qırğınlar dövrü kimi yazılmaqla bərabər müstəqillik, azadlıq dövrü kimi də qaldı. Ötən əsrin 90-cı illərinin əvvəlləri bir tərəfdən blokada, bir tərəfdən də mənfur qonşumuz ermənilərin ardı-arası kəsilməyən hücumları Naxçıvanda çox təhlükəli, daha dəqiq desək, qorxunc bir vəziyyət yaradırdı. Həmin çətin günlərdə belə müstəqillik arzusundan əl çəkməyən və “Zaman yetişib, artıq müstəqil, azad olmaq vaxtı çatıb”, – deyən 20 mindən çox sakin Naxçıvan şəhərində muxtariyyət parlamentinin qarşısında muxtar respublika Ali Sovetinin toplanmasını tələb edirdi. Fövqəladə sessiya 19 yanvar 1990-cı il axşam saatlarında muxtariyyətin Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq SSRİ-nin tərkibindən ayrılmaq qərarı verdi. Naxçıvandan – imperiyanın periferiyasında yerləşən kiçik bir bölgədən gələn bu qərar sovetlərin “əcəl zəngi” oldu. 
    Bu həmin vaxtlar idi ki, sərhədlərimizdə döyüş gedirdi, Azərbaycanın ozamankı rəhbərliyi Naxçıvana “kor bağırsaq” deyirdi. Onu kəsib ana Vətənindən ayırmaq istəyirdi. Bu o vaxt idi ki, hər yerdən ümidi üzülən yerli əhali günün çoxunu çörək növbələrində keçirirdi. Bu həmin vaxtlar idi ki, sərhədlərimizdə döyüş gedirdi, Sədərək kəndi düşmən hücumuna məruz qalırdı. Belə bir dəhşətli vəziyyət Ümummilli Liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıdanadək davam etdi. 
    Ulu Tanrı Naxçıvanın və naxçıvanlıların ən ağır günündə xalqın dahi oğlunu xilaskar kimi göndərdi. Dahi rəhbərin Naxçıvanda olması camaatı yurd-yuvalarından didərgin düşməyə qoymadı. Sakinlər güllə yağışı altında qalsa da, evini tərk etmədi, düşmənin önündə dayandı, yurdlarını qorudular. O vaxtlar hər kəs – yaşından sənətindən, vəziyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, Vətənə övladlıq borcunu yerinə yetirməyə çalışırdı. Sədərək kəndində şiddətli döyüşlər gedirdi. Səngərdəki oğullar ölümün gözünə dik baxır və öz canları bahasına Vətən torpağını qoruyurdular. Düşmənin atdığı “qradlar”, “alazanlar” torpağımıza yağış kimi yağsa da, doğma yurdunu, ev-eşiyini heç kim tərk etmədi. İşğalçı Ermənistan 1990-cı illərdə Naxçıvanda aldığı cavabı hələ də unutmayıb. Ulu Öndərimiz Heydər Əliyevin ətrafında birləşən əhalinin sıx birliyi, Vətən təəssübkeşliyi, yurda bağlılığı yurdumuzu qorudu. Bu, xalqımızın dəyanəti, vətənsevərliyi, torpaq, yurd sevgisinin nəticəsi idi. Həmin illərdə bunu təkcə mənfur ermənilər yox, bütün dünya gördü. Dahi rəhbərin Naxçıvana gəlişi yurdumuzu işğal təhlükəsindən qorudu.
    Ulu Öndər Heydər Əliyev deyib:  “Naxçıvanın tarixi təkcə muxtar respublikanın yaranmasından başlanmır. Naxçıvan Azərbaycanın ən qədim diyarlarından biridir, çox zəngin tarixə malik olan Azərbaycanın bir hissəsidir, 3500 il tarixi olan Azərbaycan torpağıdır. Bu tarix çox zəngin hadisələrlə doludur. Bunlar hamısı Azərbaycan üçün Naxçıvanın nə qədər qiymətli olduğunu həmişə göstərib, göstərir və gələcəkdə də göstərəcəkdir... Azərbaycana, o cümlədən Naxçıvana əsrlər boyu dəfələrlə yadellilərin basqını olmuşdur, müharibələr, döyüşlər zamanı insanlar qırılmışdır. Naxçıvan dəfələrlə tamamilə məhv olub külə dönmüş, amma insanlar yenə də bu külün içindən qalxıb Naxçıvanı yaşatmışlar”.
 

Yurda qürur, dağlara vüqar oğullar
 

Tarixin bütün dövrlərində döyüşkənliyi, cəsarəti, igidliyi və qəhrəmanlığı ilə tanınan naxçıvanlılar həmişə öz sözünü deyiblər. Əlincənin alınmazlığı, Babəkin rəşadəti, Naxçıvanskilərin, Kəngərlilərin döyüş ruhu həmişə dillərə dastan olub. Vətən müharibəsi başlayan kimi Naxçıvanın qəhrəman övladları da torpaqlarımızın işğaldan azad olunması üçün müqəddəs savaşa atılıblar. Onlar atalarından, ulu babalarından qalan əmanəti öz canları bahasına qoruyub tarixin səhifələrinə öz adlarını qızıl hərflərlə yazdılar. Ali Baş Komandanın ətrafında birləşib, öz silahdaşları ilə bir olub, düşmənin başına yumruq kimi çaxıb, zəfəri Şuşada tamamlayıb “dəmir yumruğ”un bir parçası oldular. Bir aydan çox davam edən Vətən müharibəsində boygöstərən, dastan yazan igidlərimiz qəhrəman kimi öz yurduna qayıtdı. Kimi bayraq çiynində, kimisi bayrağa bələnib çiyinlərdə gəldi Naxçıvana. Onlar atalarından yadigar qalan qəhrəmanlıq və vətənpərvərliklə döyüşlərə qatılıb ad-san qazandılar. Ölkə başçısının dediyi kimi: “Naxçıvanlılar İkinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər... Başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının yüz­illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamda deyilir: “Strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvanı vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirsə də, bu diyar qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf etmişdir. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində Naxçıvanın uzun müddət tam təcrid və ağır blokada şəraitində olduğu vaxtlarda belə qəhrəman əhalisi bu qədim Azərbaycan torpağını işğal təhlükəsindən qurtarmış, Azərbaycanın müstəqilliyi uğrunda atdığı cəsarətli addımlarla milli dövlətçiliyin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsi naminə fədakarlıq nümayiş etdirmişdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Naxçıvanın igid övladları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazmışlar”.

Bir insan, Vətənini sevən bir vətəndaş üçün onun torpağının hər daşı-qayası, hər addımı əzizdir. Dünyada minlərlə millət var, amma çox azının Vətəni və dövləti var. Biz də belə xoşbəxt xalqlardanıq ki, bizim Azərbaycan kimi gözəl Vətənimiz, Naxçıvan kimi dünyanın naxışı olan yurdumuz var. Nəqşicahanımızın, bəlkə, iqlimi çox sərtdir, amma insanların ürəyinin istisi bu soyuq, şaxtalı qışı bahara, igid oğullarımızın əsrlərdir, davam edən igidliyi isti yayı sərin yaz gününə çevirir. Biz bu Vətəni, bu yurdu canımızdan belə  çox sevirik. Torpaq, yurd, Vətən sevgisi bizə bu Vətənin hər qarışını canından əziz bilən atalarımızdan yadigar qalıb. Və bu miras yüz illər keçsə də, davam edəcək. Yaşı min illərlə ölçülən Naxçıvanın, naxçıvanlıların qəhrəmanlığı tarixin qızıl səhifələrində gələcək nəsillərə yadigar qalacaq. 

 Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 17.01.2024 14:58