AZ EN RU

Naxçıvanlı Xalq rəssamının doğum günüdür

Bu gün Azərbaycan Respublikasının Xalq rəssamı, heykəltəraş, professor Hüseynqulu Əliyevin 75 yaşı tamam olur. Görkəmli rəssam 1949-cu ildə Ordubad rayonunun Bist kəndində anadan olub. 1975-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1982-ci ildə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsini bitirib.  Hüseynqulu Əliyev Kərim Kərimov, Lətif Kərimov, Toğrul Nərimanbəyov, Tokay Məmmədov kimi görkəmli sənətşünas, rəssam və heykəltaraşlardan dərs alıb. Onun rəssam, heykəltəraş, dekorativ tətbiqi sənət ustası, eləcə də geyim eskizləri tərtibatçısı kimi əsərləri ölkəmizdə və xaricdə - İran, Türkiyə, Gürcüstan,Türkmənistan, Rusiya, Almaniya, Norveç, Ukrayna və Koreyada sərgilərdə nümayiş olunub. 

Hüseynqulu Əliyev heykəltaraş olaraq monumental, dəzgah, monumental-dekorativ və dekorativ heykəltaraşlıq növlərinə müraciət edərək dəyərli sənət əsərlərini ərsəyə gətirib. O, Naxçıvan şəhərinin Koroğlu meydanındakı “Koroğlu”, Şəhidlər xiyabanındakı “Ana abidəsi”, Ümummilli Lider Heydər Əliyevin büstü, Bəhruz Kəngərlinin memorial abidəsi və başqa monumental-dekorativ heykəllərində professional işləmə üslubu ilə diqqəti cəlb edir.

Rəssamın “Mənim Naxçıvanım”, “İlanlı dağ”, “Meşə”, “Həyat”, “Bağda”, “Yasəmənlər”, “Heykəllə natürmort” və saysız rəsm əsərləri vardır. 

Hüseynqulu Əliyev həmçinin teatr rəssamı kimi də Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində “Xeyir və Şər”, “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Afət”, “Vəzifə”, “Mənim ərim dəlidir”, “Hacı Qara” və s. tamaşalara səhnə quruluşu vermişdir. Onun əsərləri Norveç, Almaniya, Ukrayna, İran, Türkiyə kimi ölkələrdə, İstanbul Beynəlxalq Karikatura Muzeyində, Azərbaycan Mədəniyyət Nazirliyində, Sərhəd Xidmətləri “Şərq Muzeyi”ndə, Naxçıvan Dövlət Rəsm Qalereyasında, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində, Hüseyn Cavidin Ev Muzeyində, Cəmşid Naxçıvanski Muzeyində, Cəlil Məmmədquluzadənin Ev Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Xatirə Muzeyində, Məmməd Tağı Sidqinin Ev Muzeyində, Cəlil Məmmədquluzadənin Nehrəm kəndindəki Xatirə Muzeyində və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.

Rəssama bundan sonrakı fəaliyyətində uğurlar arzu edirik. 

                                                                                  Aidə İBRAHİMOVA

Nəşr edilib : 03.02.2024 14:35