AZ EN RU

Naxçıvanlı turizmçi təlim düşərgəsində iştirak edib

    Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi ilə ölkəmizdəki təbiət və dağ bələdçilərinin peşəkarlığının artırılması məqsədilə təlim düşərgələri təşkil olunmuşdur. Şəki rayonunda həyata  keçirilən layihənin məqsədi 2500 metr hündürlüyə qədər olan ərazilərdə gəzinti və düşərgə təşkil edən bələdçilərdə ən zəruri 6 mövzu üzrə baza bilikləri formalaşdırmaqdan ibarət idi. Layihə düşərgələrin hər birində 18 iştirakçı olmaqla həyata keçirilib.
    Bakı, Naxçıvan, Sumqayıt, Quba, Yardımlı, Zaqatala, Oğuz, Qəbələ, Şəki və Lerik bölgələrindən, ümumilikdə, 36 bələdçini əhatə edən düşərgədə 6 mövzu üzrə peşəkar mütəxəssislər tərəfindən həm nəzəri, həm də praktiki təlimlər keçirilmişdir.
     Təlimlər “Təbiətdə ilk yardım və evakuasiya”, “Zəhərli ilanlar, həşəratlar və onlarla davranış qaydaları”, “Quş müşahidəsi və bu sahənin turizm perspektivləri”, “Azərbaycan florasına xas zəhərli və yeməli göbələklər və onları fərqləndirmə üsulları”, “Xəritələr və səmtimüəyyənetmə”, “Təbitədə bələdçilik psixologiyası və təməl dağçılıq” mövzularını əhatə etmişdir. 
    Hər düşərgənin sonunda iştirakçılardan keçirilən təlimlər üzrə həm nəzəri (yazılı), həm də praktiki imtahanlar götürülmüşdür. 
    Təlimlərdə  Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşı Orxan Cəfərov da  iştirak etmiş və ən yüksək nəticəni göstərərək sertifikatla təltif olunmuşdur.

Xəbərlər şöbəsi

Nəşr edilib : 19.06.2023 16:03