AZ EN RU

Naxçıvanlı sahibkarlar və ailə təsərrüfatçılarının da iştirak etdiyi XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisindən təəssüratlar

    Məlum olduğu kimi, Bakı Ekspo Mərkəzində XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” və XXVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” sərgiləri keçirilir. Hər il olduğu kimi, bu il də sərgilərə iştirakçılar və ziyarətçilər tərəfindən böyük maraq göstərilir. Ümumilikdə, sərgilərdə 31 ölkədən 479 şirkət iştirak edir,     9 ölkə isə milli stendlərlə təmsil olunur. “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində ABŞ, Almaniya, Belarus, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, Rusiyanın regional qrupları, eləcə də builki debütant ölkə Tunis və Çexiyadan olan milli qruplar iştirak edirlər. Naxçıvan Muxtar Respublikasının stendinin maraqdoğuran xüsusi cəhəti bundan ibarət olub ki, kənd təsərrüfatı məhsullarının istehsalında ərzaq və qida təhlükəsizliyinin başlıca şərtlərdən biri olduğunu nəzərə alan Naxçıvan fermerləri daha çox orqanik məhsulları yetişdirməyə üstünlük verirlər.

          Naxçıvandan olan ailə təsərrüfatçıları və sahibkarlar üç gün davam edəcək sərgidə Naxçıvanın yerli istehsalı olan məhsullarla yanaşı, təbii dərman bitkiləri, meyvə quruları, yurdumuzun səfalı torpağından toplanan mövsümi bitkilər, müxtəlif turşular sərgilənir. Naxçıvan göycəsi, pendiri, lavaşı, dastanası, qovurması sərgiyə gələnlərin və burada iştirak edən başqa rayon sakinlərinin diqqətini çəkir. Sərgidə iştirak edən bir neçə sahibkar və ailə təsərrüfatçısı ilə telefon əlaqəsi yaradıb, təəssüratlarını öyrəndik.

 “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin ixracat üzrə mütəxəssisi Cahangir Həsənov qeyd etdi ki, şirkət bir neçə dəfə bu kimi sərgilərdə öz məhsullarını nümayiş etdirib. Əsas etibarilə “Sirab” mineral suları, Ləzzət Biskvit və şokolad Fabriki, “Ləzzət Qida Sənaye”, “Ləzzət Broyler” məhsullarının istehsalı və satışı ilə məşğuldur: – Bu sərgidə şirkətimiz 30 məhsul adı altında 300-dən çox çeşidi təqdim edir. Bu ildən etibarən “Zərif” salfetlərinin də istehsalına başlamışıq və onların da bu sərgidə təqdimatını edirik. Müəssisə həm yerli bazar, həm də xarici bazarda 10-dan çox ölkəyə məhsul ixrac edir. “Badamlı” mineral suları və müəssisəsi də bu ildən “Ləzzət Qida Sənaye”nin tərkibinə qoşuldu. Bu sərgidən ümidlərimiz böyükdür, yeni-yeni əməkdaşlıqlar, iş birlikləri formalaşdırmağa çalışırıq. Bu cür sərgilərin təşkili, Naxçıvan məhsullarının da burada sərgilənməsi məhsullarımızın tanıdılmasında və təbliğində böyük rol oynayır. Təşkilatçılara təşəkkür edirik.

Müsahibim söylədi ki, sərginin ilk günündə Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban  Əliyeva sərginin qonağı oldular. Ölkə başçısı Naxçıvan məhsulları olan guşəni də ziyarət edərkən “Badamlı” sularını göstərdi və məmnunluqla bildirdi ki, “Badamlı” suları daim masasının üzərində olur.

Şərur rayonu Danyeri kənd sakini ailə təsərrüfatçısı Nazim Novruzov uzun illərdir, maldarlıq və əkinçiliklə məşğuldur. Onunla telefon əlaqəsi saxladıqda bildirdi ki, sərgiyə maraq çoxdur. Burada dünya standartlarında uyğun müasir texnikalar da nümayiş olunur. Başqa regionlardan olan təsərrüfatçılarla da fikir mübadiləsi aparmaq maraqlı oldu.

          Ordubad rayonu Baş Dizə kəndinin sakini, ailə təsərrüfatçısı Bağır İsgəndərov dedi ki, bu kimi beynəlxalq sərgilərdə iştirak edib qabaqcıl texnologiyaları və müasir əkinçilik qaydalarını öyrənmək gələcək təsərrüfat işlərinə, becərilmə qaydalarını öyrənməyə böyük dəstək olacaq. Muxtar respublikaya ayrılan stenddəki Ordubad sucuğuna, alanasına, əriyinə, cəvizinə, növrəstə gilasa, xüsusilə də limon ağacına marağın çox olduğunu vurğulayan müsahibim qeyd etdi ki, buraya gələnlər bu məhsullardan satın almaqla yanaşı, yetişdirilmə qaydasını da öyrəndilər. Ölkə başçısının sərgi ilə tanışlığı zamanı Ordubaddan buraya gətirdiyimiz üstü barlı limon ağacına da baxması onlar üçün xoş təəssürat oldu. Zəhmət adamı qeyd etdi ki, bu cür sərgilərin təşkili diqqətəlayiqdir.

Sədərək rayonunun Sədərək kənd sakini, ailə təsərrüfatçısı Nazilə Əliyeva muxtar respublikada keçirilən festivalların və satış yarmarkalarının fəal iştirakçısıdır. O bildirdi ki, muxtar respublikanın sərhəd yaşayış rayonu olan Sədərəkdən bu sərgiyə rayona məxsus bir çox dərman bitkilərinin qurularını, müxtəlif meyvələr, qovurma, turşular, əriştə, mürəbbə, Sədərək dastanası gətiriblər. Sərgiyə marağın böyük olduğunu deyən müsahibim onu da qeyd etdi ki, onlar Naxçıvanı burada layiqincə təmsil etməyə çalışırlar.

Sərgidə iştirak edən, əslən Şərur rayonundan olan, 60 ildən çoxdur ki, Bakı şəhərində yaşayan 75 yaşlı Elman Məmmədov da telefon əlaqəsi zamanı fikirlərini bölüşdü: – Uzun illərdir, Bakı şəhərində yaşayıram. İşimlə əlaqədar illərlə doğma kəndimə gedə bilmirəm. Azərbaycanın müxtəlif rayonlarından Bakı şəhərinə müxtəlif məhsullar gətirilməsi daha asandır. Naxçıvandan məhsul gətirilməsi bir az vaxt və əlavə xərc tələb edir. Dövlətimizin qayğısı ilə təşkil olunan bu cür sərgilərdə məhsullar daha ucuz qiymətə təklif edildiyi üçün satın almaq daha da sərfəlidir. Göycə də satın aldım, çaşır turşusu da, qovurma ilə, dastana, qutab da. Sərginin Naxçıvana aid stendində sanki yurdumun havası əsir. Bütün məhsullarda elimin xanımlarının əllərinin dadı, analarımızın duası var.

          Bu gün sona çatacaq sərgidən xoş təəssüratlarla ayrılan həmyerlilərimiz orada qazandıqları təcrübəni öz əkin və bağlarında da həyata keçirməyə səylə çalışacaqlar. İnanırıq ki, orqanik məhsulları ilə ad qazanan qədim yurdumuz bundan sonra daha da böyük tədbirlərdə layiqincə təmsil olunacaq.

- Ramiyyə ƏKBƏROVA

 

 

 

 

    

Nəşr edilib : 17.05.2023 18:00