AZ EN RU

Naxçıvanlı şagirdlər “Sabahın alimləri” XII respublika müsabiqəsində iştirak edirlər

Naxçıvan məktəbliləri Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutu tərəfindən keçirilən “Sabahın alimləri” XII respublika müsabiqəsində iştirak etmək üçün Bakı şəhərinə yola düşüb. Müsabiqəyə şagirdlər 6 elmi layihə ilə qatılıblar.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçıları “Sabahın alimləri” 12-ci respublika müsabiqəsinə 8 müxtəlif istiqamətlər üzrə 7 layihə təqdim ediblər. Onlardan 6-sı final mərhələsinə vəsiqə qazanıb. Müsabiqə Bakı şəhərində fevralın 13-dən başlayıb.Fevralın 15-nə kimi davam edəcək.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsidir.

Müsabiqə Riyaziyyat, Fizika, Astronomiya, Kimya, Biologiya, Zoologiya, Botanika, Mikrobiologiya, Genetika, Molekulyar biologiya, biokimya, Tibb və sağlamlıq, Ekologiya, ətraf mühitin idarə olunması, Mühəndislik və kompüter elmləri kateqoriyaları üzrə keçirilir.

Təmsilçilərimizə müsabiqədə uğurlar arzulayırıq.

                        Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 13.02.2023 17:03