AZ EN RU

Naxçıvanlı məktəblilər “Sabahın alimləri” XII respublika müsabiqəsində qalib olublar

     Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutu tərəfindən keçirilən “Sabahın alimləri” XII respublika müsabiqəsi yekunlaşıb. 
    Müsabiqənin yekun nəticələrinə əsasən Naxçıvan Qızlar Liseyinin şagirdləri Surə Ələkbərova və Jalə Bayramova riyaziyyat nominasiyası üzrə II yerə layiq görülüblər. Şagirdlərin elmi rəhbəri Adil Abdullayev, mütəxəssis alim isə Bəhman Məmmədovdur. 
    Müsabiqədə Heydər Əliyev adına tam orta məktəbin şagirdi Asya Əliyeva “Darıdağ sürmə filizindən kosmetik sürmənin alınması”, Naxçıvan Qızlar Liseyinin şagirdi Cansu Cəlilova isə “Naxçıvan Muxtar Respublikasında zəfəranın yetişdirilməsi və introduksiyası” layihələrinə görə beynəlxalq diplomlara layiq görülüblər. 
    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçıları “Sabahın alimləri” XII respublika müsabiqəsinə 8 müxtəlif istiqamətlər üzrə 7 layihə təqdim etmişdilər. Onlardan 6-sı final mərhələsinə vəsiqə qazanmışdı. 
    Müsabiqə Bakı şəhərində fevralın 13-15 tarixlərində keçirilib. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsidir. 

Naxçıvan Muxtar Respublikası Təhsil
   Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 15.02.2023 16:39