AZ EN RU

Naxçıvanlı məktəblilər Dünya Robot Olimpiadasının Azərbaycan final mərhələsində qalib olublar

    1-3 sentyabr tarixlərdə Azərbaycan Respublikası Gənclər və İdman, Elm və Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Dünya Robot Olimpiadası Assosiasiyasının və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə Milli gimnastika arenasında VI Robot Olimpiadası keçirilib. Olimpiadada 8 yaşdan 19 yaşadək yeniyetmə və gənclər “Robomission”, “Robosports”, “Future innovators”, “Future engineers” olmaqla, 4 kateqoriya üzrə 20 rayon və şəhərdən, ümumilikdə, 249 komanda qeydiyyatdan keçib. Həmin komandaların hazırlıq səviyyəsi ilə bağlı monitorinqlər aparılıb və final mərhələsində 160 komanda iştirak etmək hüququ qazanıb.
   Olimpiadanın final mərhələsində Naxçıvanı STEAM təhsili üzrə müvəffəqiyyət qazanan məktəblilərdən ibarət “Young inventors”, “Deusra”, “Fourtune” adlı komandaları təmsil edib. Olimpiadanın yekununda təmsilçimiz “Deusra” komandası “Robosport” kateqoriyası üzrə qalib olub. 
    Qeyd edək ki, komandanın üzvləri Oğuz Nəcəfli, Abbas Zeynalov və Hüseyn Tahirovdur.
    Qalib komandamız olan “Deusra” cari ilin 7-9 noyabr tarixlərdə Panama Respublikasında keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcək.

Xəbərlər şöbəsi

Nəşr edilib : 03.09.2023 15:45